Məhkəmə qərarları › İş №2(110)-237/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-237/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-237/2021 09.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, iddiaçı X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildə yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək qızı Cavabdeh3 və uşaqları X25 və X7, həmçinin oğlu Cavabdeh1 arvadı Cavabdeh2 və qızı X3 qanuni istifadəsində olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı X6 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ərizəsində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildə yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia qaldıraraq qızı Cavabdeh3, onun uşaqları X25 və X7, həmçinin oğlu Cavabdeh1, onun arvadı Cavabdeh2 və qızı X3 qanuni istifadəsində olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hal-hazırda iddia tələbini dəyişdirərək qızı Cavabdeh3 və uşaqları X25 və X7, həmçinin oğlu Cavabdeh1 və qızı X3 qanuni istifadəsində olan ünvan 2 ünvanında olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, eyni zamanda gəlini Cavabdeh2, qanuni istifadəsində olan ünvan 1 ünvanında olan mənzildə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)- 237/2021 nömrəli, 09 aprel 2021-ci il nömrəli qərardadla mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X6 izahatında 1978-ci ildə X16 ilə ailə qurduqlarını, birgə nikahdan üç uşaqlarının doğulduğunu, onlara Şəhər Xalq Deputatlar Soveti İcrayyə Komitəsinin xx xxxxxx 1993-cü il tarixli 10/63 nömrəli qərarı ilə order əsasında ünvan 3 ünvanında mənzil verildiyini, mərhum əri X8 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, qızı 1985-ci il təvəllüdlü X9 hazırda onunla birlikdə həmin ünvanda yaşadığını, digər qızı 1981-ci il təvəllüdlü Cavabdeh3 və uşaqları 2009-cu il təvəllüdlü X25 və 2013-cü il təvəllüdlü X21, oğlu 1979-cu il təvəllüdlü Cavabdeh1, onun arvadı 1981-ci il təvəllüdlü Cavabdeh2 və uşağı X3 həmin evdə qeydiyyatda olsalar da uzun müddətdir ki, həmin evdə yaşamadıqlarını, qızı Sevincin 2007-ci ildə ailə quraraq evdən ayrıldığını, Bakı şəhərində özlərinə məxsus mənzili sataraq, Türkiyə Respublikasında özlərinə ev alaraq daimi olaraq ailəliklə orda yaşadıqlarını, oğlu Elçinin isə 2007ci ildə evləndiyini, atası sağlığında ona Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivində 13 B nömrəli binada 7 nömrəli mənzil aldığını, ailəsi ilə birlikdə həmin evdə yaşadığını, lakin onun, arvadının və qızının haliyədə mübahisəli mənzildə qeydiyyatda olduqlarını, mərhum əri X16 vəfat edəndən sonra o həmin mənzillə bağlı kirayə müqaviləsini onun adına keçirdikdən sonra özəlləşdirmək istədiyini, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsinə müraciət etdiyini, lakin ona evin yaşayış yeri üzrə qeydiyyatında əlavə şəxslər olduğundan yalnız evdə faktiki yaşayan qızının razılığı əsasında özələşdirmə aparmağın mümkün olmadığını, evdə yaşamayanların məhkəmə qaydasında qeydiyyatdan çıxarılmalarının və ya onların da razılığının alınmasının zəruri olduğunu bildirdiklərini, qızı Sevincin ərinin Sevincin razılıq ərizəsini verməsi üçün onu Türkiyə Respublikasında notariusa aparmadığını, Elçinlə və arvadı Rübabə ilə danışanda özəlləşdirməyə razı olduqlarını desələrdə, lakin ərizə göndərmədiklərini, sonradan oğlu Elçinin onun qarşısına müxtəlif tələblər qoyduğunu, rəhmətlik ərinin sağlığında qızına verdiyi maşının ona verilməsini istədiyini, yoxsa buna razı olmayacağını dediyini, maşının ona verilməsinə razı olmadıqlarına, indi gəlib evin özəlləşməsinə razılıq ərizəsi verdiyini, lakin yoldaşının razılıq ərizəsi olmadığını, bununlada mübahisənin həll olunmadığını, gələcəkdə həmin mənzillə bağlı sərəncam hüququnun məhdudlaşacağını, hər zaman ona əlavə problemler yaradacağını, Elçinin özünə məxsus evi var, ailəliklə neçə illərdir həmin evdə yaşadıqlarını, onların hazırki evdə qeydiyyatda qalmalarına ehtiyyac olmadığını, eyni zamanda onlara görə hər ay əlavə kommunal xərclər ödədiyini, onun hazırda order və kirayə müqaviləsi ilə istifadəsində olan mənzili özəlləşdirə bilmədiyini, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini, haliyədə iddia tələbini dəyişdirdiyini qeyd edərək məhkəmədən qızı Cavabdeh3 və uşaqları X25 və X7, həmçinin oğlu Cavabdeh1 və qızı X3 onun qanuni istifadəsində olan ünvan 4 ünvanında olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, eyni zamanda gəlini Cavabdeh2 da onun qanuni istifadəsində olan ünvan 4 ünvanında olan mənzildə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etmədiyini, 2007ci ildə ailə həyatı qurduğunu, yoldaşını həmin mübahisəli evə gəlin gətirdiklərini, 2 ay orada yaşadıqdan sonra yola gedə bilmədikləri üçün onları evdən çıxardıqlarını, sonradan atasının ona Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivində 13 B nömrəli binada 7 nömrəli mənzil aldığını, haliyədə mənzilin yoldaşının adına olduğunu, orada yaşadıqlarını, atası rəhmətə gedəndən sonra anası ona mənzili özəlləşdirmək istədiyini, onun və yoldaşının da razılıq ərizələrinin lazım olduğunu, anasına niyə tələsdiklərini dediyini, anası evi satacaqlarını, Bakıya köçmək istədiklərini, burada yaşaya bilmədiklərini dediyini, o da evi satıb ona çatan payı ona vermələrini dediyini, ya da atasının mülkiyyətində olan maşını ona verəcəkləri təqdirdə buna razı olacağını, adət-ənənəyə görə atanın mülkünün qıza deyil oğula qaldığını, indi evin özəlləşməsinə razılıq ərizəsini verdiyini, yenə də evin satılmasına razı olmayacağını, yenə də maşını ona vermələrini təklif etdiyini, bundan sonra evin satılmasına razı olacağını bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclaslarına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasları cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur şəhəri sakini X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli 04/33 nömrəli məktubunda X2 lazımi sənədləri təqdim edə bilməməsi səbəbindən mənzilin texniki sənədlərinin hazırlanmasının mümkün olmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş İliç rayon Dəmirçi kənd XDS İK tərəfindən verilmiş İ-ЖГ 487113 nömrəli, xx xxxxxxx 1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X16 ilə X6 arasında xx xxxxxxx 1978-ci il tarixdə rəsmi nikah bağlanmış, və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “İsmayılova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Şərur şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01 nömrəli, xx xxxxxx 2021-ci il tarixli orderdən görünür ki, X2 05 nəfər ailə üzvü ilə K-n Seyidov küçəsi, ev 12, mənzil 48, 5-ci blok, 4-cü mərtəbədə 4 otaqlı mənzil sahəsini tutmaq hüququ vardır. İş materiallarına əlavə olunmuş Şərur şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş 176 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X4 məxsus Şərur şəhəri K.Seyidov küçəsi, ev 12, mənzil 48 ünvanında qeydiyyatda olan ailə üzvləri aşağıdakılardır:

1. X17 1985 (qızı)

2. Cavabdeh1 1979 (oğlu)

3. X12 1981 (gəlini)

4. X10 2008 (nəvəsi)

5. Cavabdeh3 1981 (qızı)

6. X25 2009 (nəvəsi)

7. X18 2013 (nəvəsi) İş materiallarına əlavə olunmuş Şərur şəhər Mənzil istismar sahəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 141 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X6 Şərur şəhəri K.Seyidov küçəsi, ev 12, mənzil 48 ünvanında yerləşən mənzildə faktiki olaraq qızı X17 ilə birlikdə yaşayır. İş materiallarına əlavə olunmuş X9 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış mənzilini X2 adına özəlləşməsinə etiraz etmir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış mənzilini X2 adına özəlləşməsinə etiraz etmir. İş materiallarına əlavə olunmuş Şərur şəhər Mənzil istismar sahəsinin rəisi ilə X6 arasında xx xxxxxx 2021-ci il tarixdə Şərur şəhəri K.Seyidov küçəsi, ev 12, mənzil 48 ünvanında yerləşən mənzilə dair Yerli dövlət, kooperativ və ictimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilə bağlamışlar. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri, Buzovna qəsəbəsi, Nizami küçəsi 18-də, onun övladları xx.xx.2009-cu il təvəllüdlü X25 və xx.xx.2013-cü il təvəllüdlü X18 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Nord B/Y, 125C saylı bağ evində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə Bakı - İstanbul reysi ilə ölkə ərazisindən çıxış etmişdir. İşdə olan yazılı sübutlar və tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdehlər- Cavabdeh3 və Cavabdeh1 iddiaçının uşaqları, Cavabdeh2 isə iddiaçının gəlinidir. Mübahisəli mənzil iddiaçının əri X13 məxsus olub və cavabdehlər 2008-ci ilədək mübahisəli mənzildə yaşayıblar. Cavabdehlər həmin ildən sonra heç vaxt mənzildə ümumiyyətlə yaşamayıb, əvvəlcə Cavabdeh3 ailə həyatı quraraq ər evinə köçmüş, iddiaçının dediyinə görə haliyədə ailəliklə daimi əsaslarla Türkiyə Respublikasına köçərək orada aldıqları mənzildə yaşayırlar. Cavabdeh3 İstanbula getməsi iş materialına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən sərhədkeçmə məlumatlarına dair çıxarışla öz təsdiqini tapır. Cavabdeh1 digər Cavabdeh2 ilə evlənənərək iki ay həmin ünvanda yaşadıqdan sonra həmin evi tərk edərək yaşamaq üçün Bakı şəhərinə getmişlər. Cavabdeh1 isə əvvəlcə Bakı şəhərində kirayədə yaşasada, sonradan atası sağlığında ona Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivində 13 B nömrəli binada 7 nömrəli mənzil aldığından ora köçərək bu günki günədək həmin ünvanda yaşamağa davam edir. İddiaçının əri vəfat etdikdən sonra həmin mübahisəli mənzilə dair iddiaçı X4 yeni order verilmiş və Şərur şəhər Mənzil istismar sahəsi onunla həmin mənzilin yeni kirayəçisi kimi Yerli dövlət, kooperativ və ictimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilə bağlamışlar. İddiaçı həmin evi özəlləşdirərək dövlət qeydiyyatına aldırmaq istəsə də cavabdehlərin razılıq ərizələri olmadığı üçün bunu həyata keçirə bilməmişdir. Göründüyü kimi, mübahisəli mənzil əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mənzil faktiki olaraq mövcuddur və iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunur və onun həmin mənzilə sahiblik və istifadə hüququ olmaqla yanaşı, eyni zamanda mülkiyyətçi qismində "qanuni gözlənti" hüququna da malikdir. Sahiblik və istifadə hüquququ da öz növbəsində mülkiyyət hüququnun digər iki elementini özündə etiva etmiş olur ki, buna görə də iddiaçı həmin mənzilə dair pozulmuş hüquqlarının bərpası üçün bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, "mülkiyyət” kimi qiymətləndirilə bilər. "Mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahublik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yarandığından mübahisənin həlli zamanı 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq normaları tədbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-in Mənzil Məcəlləsinin: - 123-cü maddəsinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər; - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; - 60-cı maddəsinin birinci abzasına əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; - 60-cı maddəsinin altıncı abzasına əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; - 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Habelə, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onların 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçmələri müəyyən edilməlidir. Haliyədə iddiaçı X6 mübahisəli evdə digər qızı ilə yaşamağa davam edir, bərabərlik prinsipinə uyğun olaraq digər cavabdehlərin və onların uşaqlarının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüquqları ola bilərdi, lakin keçən müddət ərzində həmin mənzildə yaşamayan və mənzilin saxlanmasında iştirak etməyən şəxsilərin həmin mənzilə istifadə hüquqlarının saxlanması yolverilməzdir. Çünki cavabdehlərin müəyyən vaxtda həmin evdən istifadə etmək imkanları olmuş, lakin onlar bu imkandan imtina edərək oranı könüllü olaraq tərk etmişlər. Cavabdeh3 ailə həyatı quraraq 2007-ci ildə mübahisəli mənzildən ər evinə köçmüş orada yaşamağa başlamışdır. Eyni zamanda digər Cavabdeh1 da 2007-ci ildə mübahisəli mənzildən Bakı şəhərinə köçərək atasının onun üçün aldığı evdə bu günədək yaşamağa davam edir. Cavabdehlər 2007-ci ildən ötən dövr ərzində hazırki mübahisəli mənzildə yaşamamışlar və həmin mənzilin saxlanmasında iştirak etməmişlər. Beləliklə qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2007-ci ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa ünvana köçdüklərindən və həmin tarixdən 6 ay sonra hazırki mübahisə predmeti olan mənzilə istifadə hüquqları birmənalı olaraq itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan mənzilə istifadə hüquqları itirildiyindən, Cavabdeh3 övladları xx.xx.2009-cu il təvəllüdlü X22 və xx.xx.2013-cü il təvəllüdlü X14 və Cavabdeh1 övladı xx.xx.2008-ci il təvəllüdlü X5 da münasibətdə iddia tələbi təmin olunmalıdır. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri, Buzovna qəsəbəsi, Nizami küçəsi 18-də, onun övladları xx.xx.2009-cu il təvəllüdlü X25 və xx.xx.2013-cü il təvəllüdlü X18 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Nord B/Y, 125 saylı bağ evində qeydiyyatdadırlar. Digər Cavabdeh1 və övladı xx.xx.2008-ci il təvəllüdlü X10 isə mübahisə predmeti olan mənzildə qeydiyyatda olsalar da uzun müddətdir həmin mənzildə yaşamırlar və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar ki, bu da öz növbəsində iddiaçının hüquqlarını məhdudlaşdırır. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hallar Cavabdeh3 və övladları xx.xx.2009-cu il təvəllüdlü X19 və xx.xx.2013-cü il təvəllüdlü X7, Cavabdeh1 və övladı xx.xx.2008-ci il təvəllüdlü X3 mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının itirilməsi üçün əsasdır. Eyni zamanda məhkəmə hesab edir ki, digər Cavabdeh2 iddiaçının ailə üzvü olmadığından və onunla Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada yazılı razılaşma (kontrakt) bağlamadığından onun mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələrinin məzmunundan göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas verən yazılı razılaşma dedikdə iki tərəf arasında bağlanan, notariat qaydasında təsdiq edilən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan əqd başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində işlədilən mülkiyyətçinin razılığı” dedikdə qanunverici məhz bu cür bağlanmış yazılı razılaşmanı nəzərdə tutur ki, Cavabdeh2 ilə də belə bir razılaşmanın bağlanması müəyyən edilmədi. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərar qəbul etmişdir. Plenum həmin qərarda özünün bu xarakterli mübahisələr üzrə daha əvvəllər formalaşdırdığı hüquqi mövqelərinə də istinad etmişdir. Plenum Mülki Məcəllənin 228.5-ci maddəsində «mülkiyyətçinin razılığı» müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərək qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Belə ki, Cavabdeh2 mübahisəli evdən istifadə hüququ yaranmadığından məhkəmə müəyyən olmayan hüququn itirilməsini qanuni məqsədlərə uyğun saymır və istifadə hüququnun olmadığını qeyd etməklə kifayətlənir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadıqlarından və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının qalması iddiaçının həmin mənzilə dair hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan iddia təmin olunmaqla Cavabdeh3 və onun övladları xx.xx.2009-cu il təvəllüdlü X19 və xx.xx.2013-cü il təvəllüdlü X7, Cavabdeh1 və onun övladı xx.xx.2008-ci il təvəllüdlü X3 iddiaçı X2 qanuni istifadəsində olan Şərur şəhəri, K-n Seyidov küçəsi, 12 nömrəli evin, 48 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməli, digər Cavabdeh2 iddiaçı X2 qanuni istifadəsində olan Şərur şəhəri, K-n Seyidov küçəsi, 12 nömrəli evin, 48 nömrəli mənzilində istifadə hüququnun olmaması müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh3, onun övladları xx.xx.2009-cu il təvəllüdlü X19 və xx.xx.2013-cü il təvəllüdlü X7, Cavabdeh1, onun övladı xx.xx.2008-ci il X3 iddiaçı X2 qanuni istifadəsində olan Şərur şəhəri, K-n Seyidov küçəsi, 12 nömrəli evin, 48 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh2 iddiaçı X2 qanuni istifadəsində olan Şərur şəhəri, K-n Seyidov küçəsi, 12 nömrəli evin, 48 nömrəli mənzilində istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar