Məhkəmə qərarları › İş №2(110)-244/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-244/2023

28.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-244/2023 28.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən Cavabdeh adına olan iki otaqlı mənzilin təmir olunmasına və mətbəx-hamam salınmasına görə çəkilmiş xərcin, material alınmasına görə 4130 manat, usta pulu 2690 manat, cəmi 6820 manat və dövlət rüsumu olaraq ödədiyi 88,2 manat, ümumulikdə 6908 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi X4 ilə xx.xx.2009-cu il tarixdə evləndiklərini, nikahlarının xx.xx.2012-ci il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində qeydə alındığını, birgə nikahdan xx.xx.2012-ci il tarixdə X3 doğulduğunu, ailə qurduqdan sonra Cavabdeh öz adına olan ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilini onlara verdiyini, ailəlikcə həmin mənzildə yaşadıqlarını, birgə yaşadıqları müddətdə həmin mənzili öz vəsaiti hesabına təmir etdirdiyini, əlavə olaraq mətbəx-hamam saldırdığını, son vaxtlara kimi ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını, ərinin anadangəlmə xəstə olduğunu və öz hərəkətlərini idarə edə bilmədiyini, son zamanlar qaynanası Cavabdeh onları yola vermədiyini, heç bir səbəb olmadan evdə narahatçılıq yaratdığını, onları evdən çıxaracağı ilə hədələdiyini, axırıncı dəfə 2023-cü ilin yanvar ayının sonlarında cavabdehlə aralarında olan mübahisədən sonra onu azyaşlı uşağı ilə evdən çıxardığını, haliyədə uşaqla birlikdə Şərur rayon Yengicə kəndində kirayədə yaşadığını, başqa qalacaq yerinin olmadığını, əri xəstə olduğundan işləmədiyini, özünün gündəlik işlərdə işləməklə X19 filialından 2200 manat kredit götürərək, anasının da pensiyasının köməkliyi ilə 6820 manat xərc çəkərək həmin mənzili təmir etdirdiyini, cavabdehin mənzilin təmirinə xərc çəkmədiyini, ona görə də cavabdehdən həmin evə çəkilmiş xərci tələb etdiyini bildirdi. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq hal-hazırda anası ilə birikdə Yengicə kəndində kirayədə yaşadığını, yoldaşının isə anasının yanında yaşadığını, ailə münasibətlərinin korlandığını, yoldaşı ilə 2 aydır ki, ayrıldığını, nikaha daxil olduqdan sonra evdə təmir işlərinə başlanıldığını və 5 il ərzində təmir işləri görüldüyünü bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb olunmuş X4 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə uyğun olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə baxış iclaslarında iştirak edərkən verdiyi izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, Aybənizin 14 ildir ki onun gəlini olduğunu, oğlu ilə evləndikdən sonra onların normal yaşamaları üçün hər şey etdiyini, onlara ev, dirrik yeri, heyvan verdiyini, Aybənizə verdiyi evdə oğlu ilə 10 il yaşadıqdan sonra evdə təmir işləri gördüyünü, evin şəraiti yaxşı olduğu üçün iddiaçının orada 10 il yaşadığını, sonra 3 il ərzində evdə təmir işləri görüldüyünü, təmir işlərinə özünün də xərc çəkmdiyini, mən oğlunun boşanmasını istəmədiyini, onun İİ qrup əlil olduğunu, hal-hazırda onunla birlikdə yaşadığını, Aybənizin onun sözünə qulaq asmayıb öz bildiklərini etdiyini, ona görə də yola gedə bilmədiklərini, sözügedən ev özünün mülkiyyətində olduğunu, evin hər bir şəraiti olduğunu, sadəcə Aybənizin orada dəyişiklik etdiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində və verilən suallara cavabında 3 ilbundan əvvəl Şərur şəhəri Karvan restoranın arxasında yerləşən evdə usta işlədiyini, evin iki otaqlı olduğunu, evin qabağına kolon hörüb şifer vurduğunu, mətbəxə laminat, dəzgahın altına isə metlax vurduğunu, Aybəniz xanımın onu çağırdığını, 150 manat məbləğində usta xərci tutduğunu, pulu ona Aybənizin verdiyini, heç bir avadanlığı özünün almadığını, Aybənizin qayınanasının yan tərəfdə ayrıca evdə yaşadığını, həmin vaxtı Aybənizin evində anası, yoldaşı və qızı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində və verilən suallara cavabında 7-8 il bundan əvvəl həmin evə qaz xətti çəkdiyini, xərcin 50 manat tutduğunu pulu Aybənizin verdiyini, başqa bildiyi bir şey olmadığını, həmin vaxtı evdə Aybəniz və qayınanası olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında tərəflərin onunla qonşu olduğunu, 4-5 il bundan əvvəl Aybənizin evində usta işlədiyini, otaqlara alçı çəkdiyini, alçipan və laminat vurduğunu, balaca otaqda nə iş gördüsə hamısını hədiyyə etdiyini, çünki həmin günü Aybənizin qızının doğum günü olduğunu, Aybənizin pulu ona hissə-hissə ödədiyini, buna görə nə qədər verdiyini dəqiq xatırlaya bilmədiyini, gördüyü işlərə görə təxminən 700-800 manat ala biləcəyini, amma tam xatırlaya bilmədiyini, hamamda gördüyü işlərə görə isə 240 manat aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında Aybənizgilin evində Rövşən ilə birlikdə usta işlədiklərini, mətbəxin bir hissəsini söküb yenidən tikdiklərini, mətbəxə boya çəkib, divara gül saldığını, təxminən 400-450 manat aldıqlarını, pulu onlara Aybənizin verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında 3- 4 il bundan əvvəl Aybənizin qayınanasıgilin evində Həsənqulu ilə usta işlədiklərini, sonra Aybənizin evində işləməyə başladıqlarını, mətbəx hörüb suvadıqlarını, boya işlərini gördüklərini, pulu Həsənqulu aldığından nə qədər olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında 4- 5 il bundan əvvəl Aybənizin evində elektrik işləri gördüyünü, 2 otaq və 1 salonun işıqlarını çəkdiyini, mətbəxin elektrik xətləri əvvəlcədən çəkildiyini, amma özünün yenisini çəkdiyini, təxminən 40-50 manat aldığını, həmin evdə 10 nöqtə olduğunu, birini 4-5 manatdan vurduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X18 ifadəsində və verilən suallara cavabında Aybənizin onun iş yerində xadimə işlədiyini, Aybənizin həmin materialları ondan götürüb pulunu hissə-hissə ödədiyini, həmin vaxtı sistem olmadığını, götürdüklərini kitaba yazdığını, aybaay onun pulundan çıxdığını, aldıqlarının hamısını qeyd etdiyini, toplamda 3091 manatlıq material aldığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012ci il tarixli AZ-l № 688863 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 nikahı xx.xx.2012-ci il tarixdə 201 nömrə ilə qeydə alınıb. İş materiallarında olan Azərbaycan Respublikası qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı X19 filialından 2300 manat kredit götürmüşdür. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 644 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzildə 4 ədəd qapı, 4 ədəd plastik pəncərə və hamam qapı-pəncərəsinin bugünkü bazar qiyməti təqribən 955 manatdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin oğlu X4 ilə nikaha daxil olaraq cavabdehə məxsus ünvan 1 ünvanında yaşamışdır. Ailə münasibətləri pozulduğundan iddiaçı başqa ünvanda yaşayır. Birgə yaşadıqları müddətdə iddiaçı həmin evin təmirinə xərc çəkmişdir. Çəkilən xərcin hesablanması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və müəyyən edilmişdir ki, evin qapıpəncərəsinin bugünkü bazar qiyməti təqribən 955 manatdır. İddiaçının evin təmiri üçün materiallara 3091 manat, usta xərci üçün 2140 manat olmaqla ümumilikdə 6186 manat vəsait xərclənməsi məhkəmədə dindirilən şahid ifadələri ilə və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə çəkilmiş xərcin cavabdehdən yalnız yarısını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Buna görə də, cavabdehin evinə çəkilmiş xərclər iddiaçı ilə cavabdehin oğlunun birgə nikahı dövründə çəkildiyindən iddiaçı yalnız qanunun tələbinə əsasən onun yarısını tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normalarını tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin 1091.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 3093 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 40 (qırx) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 3093 (üç min doxsan üç) manat pul və 40 (qırx) manat dövlət rüsumu alınaraq Şərur rayonu Yengicə kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar