Məhkəmə qərarları › İş №2(110)-254/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-254/2025

12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-254/2025 12.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın faktiki olaraq qəbul edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 qalmış ünvan 1i ünvanında yerləşən 0.10 ha sahəsi olan torpaq sahəsinə dair mirasın qəbul olunması faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 06 saylı qərarından da göründüyü kimi, ünvan 1i ünvanında yerləşən 0.10 ha sahəsi olan torpaq sahəsi mərhum atam X13 verilmişdir. Həmin əmlaka dair Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-037A seriyalı, 10210048 kodlu şəhadətnamə bizə təqdim edilmişdir (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilmişdir). Bundan savayı, sözügedən torpaq sahəsinin yerləşmə yeri, planı və sərhədlərin ölçüsünə dair sənəd tərtib edilmişdir (torpaq sahəsinin verləşmə yeri, planı və sərhədlərin ölçüsünə dair sənədin notarial təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilmişdir). Diqqətinizə çatdırım ki, mərhum atam X20 xx.xx.2013-cü il tarixdə miokarp infarktı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Buna dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin M.Mehrab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2013-cü il tarixdə AZ-İ seriyalı, 437309 nömrəli "Ölüm haqqında şəhadətnamə" təqdim edilmişdir ("Ölüm haqqında şəhadətnamə"nin notarial təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilmişdir). Qeyd edim ki, mərhum atam X7 qalan miras əmlakın qəbul edilməsi üçün mən rəsmi olaraq aidiyyatı qurumlara müraciət etmişəm. Bildirim ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin M.Mehrab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 81 nömrəli Arayışdan göründüyü kimi, mərhum atamın vərəsələri qismində həyat yoldaşı X21, qızı Ərizəçi, qızı X8, oğlu X14 göstərilmişdir. Buna müvafiq olaraq bildirim ki, mərhum anam X21 xx.xx.2008-ci il tarixdə "ürək dayanması, mədə xərçəngi" səbəbindən vəfat etmişdir. Bu barədə M.Mehrab kənd akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Buna dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin M.Mehrab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 331221 nömrəli Çıxarış təqdim edilmişdir (çıxarış iddia ərizəsinə əlavə edilmişdir). Bundan başqa, mərhum qardaşım X14 xx.xx.2024-cü il tarixdə beyin infarktı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 201 nömrə ilə qeyd edilmişdir. Buna dair Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə AZ-İİ seriyalı, 402047 nömrəli "Ölüm haqqında şəhadətnamə" təqdim edilmişdir ("Ölüm haqqında şəhadətnamə"nin notarial təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilmişdir).Qeyd edim ki, mərhum atamdan qalan miras əmlakın qəbul edilməsi üçün tərəfimdən edilmiş müraciətə Maraqlı şəxs tərəfindən cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli, 36 nömrəli "Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” qərara əsasən, miras əmlaka Jair vərəsəlik işinin açılmasından imtina olunmuşdur ("Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında" qərar iddia ərizəsinə əlavə edilmişdir). Hörmətli məhkəmə, bildirim ki, anamın xəstə olması, daim kənar şəxsin qulluğuna, yardımına chtiyacı olması səbəbindən mən qanunla müəyyən edilmiş qaydada və müddətdə miras əmlakın qəbulunu üzrlü səbəbdən ötürmüşəm. Həmçinin, mərhum atam, mərhum anam və mərhum qardaşım rəhmətə getdikdən sonra dərin sarsıntı keçirmiş, depressiyaya düşmüşəm. Belə ki, onlara olan bağlılığıma görə mən onların ölümü ilə barışa bilməmiş, uzun müddət onların yoxluğunu qəbul edə bilməmişəm. Odur ki, bütün yuxarıda qeyd edilənləri rəhbər tutaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edirəm. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək, məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə onla maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilə şahid X22 ifadəsində mərhum Sabirlə qonşu olduqlarını, Sabirin təxminən 2012-ci ilin yayında vəfat etdiyini, vəfat etdikdən sonra qızı Aynurun təqribən 2 il müddətində həmin evdə yaşadığını, ondan başqa heç kimi o evdə görmədiyini, 2 il sonra onun Bakı şəhərinə getdiyini eşitdiyini, arada da gəlib-getdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərən şahid X23 ifadəsində Aynurun atası Sabirlə qonşu və uzaqdan qohum olduqlarını, Sabirin təqribən 2011-ci ildə vəfat etdiyini, o vəfat etdikdən sonra onun evində qızı Aynurun təqribən 2 ilə qədər orada yaşadığını, arada da bacısının gəlib-getdiyini, 2 ildən sonra isə Aynurun Bakı şəhərinə köçdüyünü eşitdiyini, ara-sırada da gəlib-getdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X17 ifadəsində Aynurun atası Sabir əmi ilə qonşu olduqlarını, Sabir əminin təqribən 2012-ci ildə vəfat etdiyini, vəfat edəndən sonra onun evində Aynurun yaşadığını, bacısının da o evə gəldiyini, Aynurun təqribən 2 ilə yaxın o evdə yaşadığını, arada qardaşının da ora gəlib-getdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-037A KOD 10210048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Muğancıq Müslüm kəndi ərazisində X10 və X15 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir; - Şərur rayon Muğancıq Müslüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 81 nömrəli arayışından görünür ki, mərhum X10 vərəsələri aşağıdakı kimidir:

1. X21 – arvadı

2. Ərizəçi – qızı

3. X8 – qızı

4. X14 – oğlu - Maraqlı şəxs notariusunun 86 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Ərizəçi Qanun üzrə X12 Şəhadətnamə verilməsindən imtina edilmişdir; - X11 Bakı şəhəri 18 saylı notariat ofisində verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, mərhum atam-X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından və pul vəsaitlərindən ibarət) mirasın mənə çatası hissəsindən vərəsəlik payımı qəbul etməmişəm və etmək niyyətində deyiləm. Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəyəm; - Şərur rayon Nikah evi trəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024cü ildə vəfat etmiş xx.xx.1977-ci il təvəllüdlü X14 barədə "Vətəndaşlıq vəziyyətı aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmiş, C.Nağıyev öldüyü xx.xx.2024-cü il tarixədək subay olmuşdur; - Şərur rayon Nikah evi trəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2013cü ildə vəfat etmiş xx.xx.1950-ci il təvəllüdlü X20 barədə "Vətəndaşlıq vəziyyətı aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmiş, S.Nağıyev öldüyü xx.xx.2013-cü il tarixədək subay olmuşdur; - Şərur Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli 317870 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X4 arasında bağlanmış nikah xx.xx.1981ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir, nikah pozulduqdan sonra qadına “Rüstəmova” soyadı verilmişdir; - Şərur rayon M.Mehrab kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 437309 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2013-cü il tarixində Şərur rayon Muğancıq Müslüm kəndində miokard infarktı səbəbindən vəfat etmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ № 430409 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci il tarixində Bakı şəhərində qaraciyərin serrozu səbəbindən vəfat etmişdir; - Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 437309 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixində Bakı şəhərində beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı səbəbindən vəfat etmişdir; - Şərur rayon M.Mehrab kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 493610 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixində Şərur rayon Muğancıq Müslüm kəndində beyinə qansızma səbəbindən vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X5 xx.xx.2000-ci il tarixində Şərur rayon M.Müslüm kəndində xroniki ürək-damar çatışmamazlığı səbəbindən vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X26 xx.xx.2008-ci il tarixində Şərur rayon M.Mehrab kəndində ürək dayanması mədə xərçəngi səbəbindən vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X6 oğlunun atası X20, anası Nağıyeva AZemfira Bayram qızıdır; - Şərur rayon Nikah Evi verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X10 atası Nağıyev Musa, anası X2r. Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin atası mərhum X20 xx.xx.2013-cü il tarixdə öldükdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə atasından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixdə ölmüş mərhum X7 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə ölmüş mərhum X7 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar