Məhkəmə qərarları › İş №2(110)-266/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-266/2025

29.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-266/2025 29.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X10 oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı yaxın qohum olan nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətə maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X1 xüsusi mülkiyyətinə verilmiş 0.0533 hektar həyətyanı torpaq sahəsindən və çay evindən istifadəyə qayınları Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan aldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 vəfat etdikdən sonra 2 saylı notariat ofisi tərəfindən iddiaçıya qanun üzrə X9 şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Şərur rayonu, Oğlanqala kəndində mərhumun adına qeydiyyatda olan ümumi sahəsi 0,0533 hektar torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmiş və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı özü Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığından qeyd olunan torpaq sahəsindən və üzərində yerləşən çay evindən onun qayınları – cavabdehlər Qənimət və Cavabdeh1lər istifadə etmişlər. O, xx.xx.2024-cü il tarixdə İstanbul şəhərindən Oğlanqala kəndinə qayıdaraq cavabdehlərdən torpaq sahəsini və üzərində yerləşən çay evini sənədləri ilə birlikdə ona təhvil vermələrini və əmlakdan özünün istifadə edəcəyini bildirmişdir. Lakin cavabdehlər əmlakı geri qaytarmaqdan imtina etmiş, nəticədə tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsi və çay evindən istifadəsinə faktiki maneələr yaradırlar. Bu səbəbdən iddiaçı mülkiyyət hüququnun pozulduğunu bildirərək cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

3. 16.12.225-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında və ona verilən suallara cavabında iddianı müdafiə etdiyini, yoldaşı vəfat edəndən sonra ondan qalan mirası onun qəbul etdiyini, həmin torpaq sahəsinin yoldaşının əmisinin onun adına rəsmişləşdirdiyini, onlar da onun qarşılığı olaraq Türkiyədən işləyib cavabdehlərə pul göndərdiklərini, yoldaşı vəfat edəndən sonra həmin torpaq sahəsini üzərində çayxana tikdiyini, bunun üçün kredit götürdüyünü və Türkiyədə işləyib 20 min manatı qaynı Qiyamətə göndərdiyini, onların iki ildir ki, orada qazanc götürdüklərini, ona isə heç qazanc əldə etmədiklərini bildirdiklərini, o, müəyyən haqq tələb edəndən sonra münasibətlərinin pisləşdiyini, təkbaşına 3 uşaq böyütdüyünü və onların haqqını istədiyini, onlar arasındakı bu mübahisənin 1 ildir ki, davam etdiyini, tikintinın 2023-cü ilin mart ayında başladığını, iyul ayında yekunlaşdığını, 16 min manat kredit götürdüyün, 20000 manatı isə Türkiyədən gələnlər ilə Qiyamətə göndərdiyini, ümumilikdə onun 35-40 min manat xərc çəkdiyini, atasından anasından çox onlara güvəndiyi üçün çayxananı tikilməsini qayınlarına tapşırdığını, onlar isə ona oradan bir qəpik belə qazanc vermədiklərini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında və ona verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş qızının yoldaşı Vüsalın 2021-ci ildə vəfat etdiyini, ondan qalan mirası qızının qəbul etdiyini, qızının miras qalmış torpaq sahəsində çay evi tikdirdiyini, oranı hal-hazırda cavabdehlərin istifadə etdiyini, oradan gələn gəliri qızına vermədiklərini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında və verilən suallara cavabında iddia tələbini qəbul etdiyini, mübahisəli torpaq sahəsinin həqiqətən də iddiaçının mülkiyyəti olduğunu, iddiaçının onların mərhum qardaşları Vüsalın həyat yoldaşı olduğunu, Vüsalın ölümündən sonra onların köməklikləri ilə də mübahisəli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirildiyini, lakin həmin torpaq sahəsi iddiaçının olsa da, onun üzərində tikilmiş çayxananı özlərinin tikdiyini və hal-hazırda onların istifadəsində olduğunu, Şərur rayon Məhkməsində həmin çay evinə çəkilmiş xərc ilə bağlı iddiaçıya qarşı iddia qaldırdıqlarını, bu iddianın təmin edilməsinə etirazının olmadığını, bununla bağlı ərizəsini məhkəməyə təqdim etdiyini bildirmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında və verilən suallara cavabında iddia tələbini qəbul etdiyini, mübahisəli torpaq sahəsinin həqiqətən də iddiaçının mülkiyyəti olduğunu, iddiaçının onların mərhum qardaşları Vüsalın həyat yoldaşı olduğunu, Vüsalın ölümündən sonra onların köməklikləri ilə də mübahisəli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirildiyini, lakin həmin torpaq sahəsi iddiaçının olsa da, onun üzərində tikilmiş çayxananı özlərinin tikdiyini və hal-hazırda onların istifadəsində olduğunu, Şərur rayon Məhkməsində həmin çay evinə çəkilmiş xərc ilə bağlı iddiaçıya qarşı iddia qaldırdıqlarını, onların iddiaçı ilə münasibətlərinin onun əxlaqsızlığına görə pozulduğunu, bütün kənd camaatının çayxananın onların tikdiyini bildiyini, bu iddianın təmin edilməsinə etirazının olmadığını, bununla bağlı ərizəsini məhkəməyə təqdim etdiyini bildirmişdir.

İş materialları:

7. Qanun üzrə X9 Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vafat etmiş X3 vərəsəsi İddiaçı miras əmlakdan tam pay almışdır. (Miras əmlak Şərur rayon Oğlanqala kəndində yerləşən ümumi sahəsi 586 kv/m olan torpaq sahəsidir).

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********76 reyestr nömrəli Çıxarışdan görünür ki, Şərur rayon Oğlanqala kəndində 0.0533 ha torpaq sahəsi Xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.

9. EMİS-dən əldə edilmiş məlumatlardan belə görünür ki, hazırda Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “əmlaka çəkilmiş xərcin ödənilməsi” tələbinə dair Şərur Rayon Məhkəməsidə hakim İlkin Zeynalovun icraatında 2(110)-1459/2025 nömrəli mülki iş vardır. 10.Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə ünvnlanmış xx.xx.2026-ci il tarixli birgə ərizələrindən görünür ki, onlar iddia tələbini tamamilə qəbul edirlər və iddianın təmin olunmasına heç bir etirazları yoxdur.

İşin faktiki halları:

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olan həyat yoldaşı İddiaçı qanun üzrə X9 şəhadətnamə əsasında Şərur rayonu, Oğlanqala kəndində yerləşən 0,0533 hektar torpaq sahəsini miras olaraq qəbul etmiş və həmin əmlak xx.xx.2023-cü il tarixli çıxarışla onun adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır.

12. İddiaçının Türkiyədə yaşadığı müddətdə mübahisəli torpaq sahəsindən və üzərində yerləşən çay evindən cavabdehlər istifadə etmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə əmlakdan şəxsən istifadə etmək istədiyini bildirsə də, cavabdehlər torpaq sahəsini və tikilini ona təhvil verməmişlər. Cavabdehlər torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu və iddia tələbini qəbul etdiklərini məhkəməyə təqdim etdikləri ərizələrdə təsdiq etmişlər. Beləliklə, müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlər tərəfindən onun əmlakdan sərbəst istifadə hüququna faktiki maneə yaradılmışdır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli 0,0533 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının həmin əmlaka mülkiyyət hüququ qanun üzrə X9 şəhadətnamə əsasında yaranmış və dövlət qeydiyyatına alınmışdır.

16. Məhkəmə iclaslarında iştirak edən iş üzrə cavabdehlər mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu etiraf etmiş, həmçinin iddia tələbini tam qəbul etdiklərini xx.xx.2026-cı il tarixli birgə yazılı ərizə ilə məhkəməyə bildirmişlər. Cavabdehlərin iddianı etiraf etməsi iş materialları ilə təsdiq olunur və həmin etirafın qanuna zidd olması və ya üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozması müəyyən edilməmişdir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu etiraf məhkəmə tərəfindən qəbul olunduqda, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

18. Həmçinin həmin məcəllənin 220.4-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

19. Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan qəbul edilməli və iddiaçının mübahisəli torpaq sahəsindən və onun üzərində yerləşən çay evindən sərbəst istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması barədə iddia təmin olunmalıdır.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

21. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki: -İddia təmin edilməli, -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış Şərur rayonu, Oğlanqala kəndində yerləşən, sahəsi 0,0533 ha olan torpaq sahəsindən və onun üzərində yerləşən çay evindən iddiaçının sərbəst istifadə hüququna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış Şərur rayonu, Oğlanqala kəndində yerləşən, sahəsi 0,0533 ha olan torpaq sahəsindən və onun üzərində yerləşən çay evindən iddiaçının sərbəst istifadə hüququna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar