Məhkəmə qərarları › İş №2(110)-336/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-336/2022

23.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-336/2022 23.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və istifadəyə olan manelərin aradan qaldırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-314A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə olan manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, ona Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında 0,09 ha torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinə JN-314A nömrəli 10202028 kod ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildiyini, özü istifadə etmədiyindən həmin torpaq sahəsinə gedib-gəlmədiyini və baxmadığını, həmin tərəfdə torpaq sahələri qarışıq olduğundan harada yerləşdiyini belə tam bilmədiyini, son zamanlar torpaqdan istifadə etmək istəyəndə həmin şəhadətnamə üzrə torpaq sahəsindən həmkəndlisi Cavabdeh istifadə etdiyini öyrəndiyini, Əlinin həmin torpaq sahəsində tövlə tikib, dəmir alveri ilə məşğul olduğundan oranı anbar kimi istifadə etdiyini öyrəndiyini, Əliyə həmin torpaq sahəsinin onun olduğunu deyərək sənədləri təqdim etsə də, Əlinin torpağı ona qardaşı Həsənqulunun satdığını dediyini, Əlinin dediyinə görə bu torpaq sahəsinin Həsənqulunun olduğunu, qardaşı Həsənqulunun 2016-cı ildə vəfat etdiyini, ona və ailə üzvlərinə verilən torpaq sahələrinin başqa yerdə olduğunu və haliyədə istifadə etdiklərini, dəfələrlə Əlidən torpaq sahəsinin boşaldılmasını istəsə də buna nail ola bilmədiyini, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiqləmiş və əlavə olaraq uzun illər polis işlədiyi üçün aqrar islahat zamanı verilən torpağın harada olduğu ilə maraqlanmadığını, lakin pensiyaya çıxdıqdan sonra özünə məxsus torpağı istifadə etmək qərarına gəldiyini, torpağın harada olması ilə maraqlananda torpağın cavabdehin istifadəsində olduğunun məlum olduğunu, ona məxsus olan torpaq sahəsini mərhum qardaşı Həsənqulunun onun xəbəri olmadan cavabdehə satdığını, qardaşı ilə cavabdeh arasında torpaq alqı-satqısının olduğunu bildiyini, lakin satılan ərazinin onun torpağı olduğunu bilmədiyini, qardaşının oğlundan bunun qarşılığında ona başqa torpaq sahəsi verməsini tələb etsə də onun bununla razılaşmadığını, həmin torpağın mülkiyyət hüququ ilə ona məxsus olduğunu, cavabdehlə barışığın mümkün olmadığını bildirib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, torpağı təxminən 1998-ci ildə iddiaçının mərhum qardaşı Həsənquludan 2000 ABŞ dolları pul qarşılığında aldığını, üzərində xərc çəkərək tövlə və dam tikdiyini, həmin torpaq sahəsinin ona məxsus olduğunu bütün kənd camaatı bildiyini, o vaxt Həsənqulunun torpağı qardaşı ilə dəyişdiyini dediyini ki, 20 ildən çoxdur ki, torpağın onun istifadəsində olduğunu, özünün ən böyük yanlışının torpağı alanda sənədləşdirməmək olduğunu, çünki o zaman torpaqların çox ucuz olduğunu, indi həmin torpağın dəyərinin 10 min manatdan çox olduğunu, o torpağı alanda, həmin vaxtı Həsənqulunun torpağı əkdiyini, torpaq evinin yanında yerləşdiyi üçün baha qiymətə almağa razı olduğunu, iddiaçı ilə barışığın mümkün olmadığını bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında atasının 2015-ci ildə öldüyünü, atasının adına 2 hektar torpaq sahəsi və əlavə çöl torpağı olduğunu, atasının həmin torpağı cavabdehə satmasının yadına gəlmədiyini, həmin vaxtı 7 yaşı olduğunu, 8 uşaq olduqlarını, indi atasının torpaqlarını özünün əkdiyini və atasının mülkündən faydalanan şəxsin özü olduğunu, heç kimə torpaq verməyə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında 12 ildir ki, Əli ilə qonşu olduğunu, 2010-cu ildə özünün oraya köçdüyünü, Əlinin isə əvvəldən qaldığını, neçə ildir ki həmin torpağı Əlinin əkib-becərdiyini, həmişə o torpağı Əliyə məxsus bildiyini, torpağı kimdən alması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında 1987-ci ildən Aralıq kəndinin icra nümayəndəsi işlədiyini, 2005-ci ildən isə Aşağı Aralıq kəndinin icra nümayəndəsi olduğunu, sözü gedən torpaq sahəsinin əvvəllər Babayev Hüseynin olduğunu, onun həmin torpaqda şaftalı bağları olduğunu, sonra Həsənqulunun torpağı Babayev Hüseyndən aldığını, meyvə bağlarını ləğv edib əkin yerinə çevirdiyini, Həsənqulunun və yoldaşının həmin torpaqda tərəvəz əkdiklərini, sonra təxminən 1997- 1998-ci illərdə Əlinin torpağı Həsənquludan aldığını, lakin sənədləşdirməsi barədə məlumatı olmadığını, həmin dövrdə alınıb-satılan torpaqların çox vaxt sənədləşdirilmədiyini, çünki sənədləşdirmənin torpağın qiymətindən baha başa gəldiyini və insanların da bir-birinə etibarı olduğunu, o vaxtı Həsənqulunun ona torpağı özünün satdığını dediyini, cavabdeh ilə quda olduğunu, iddiaçının isə onun əmi nəvəsi olduğunu, özünün xx.xx.2022-ci il tarixdə gecə 23:00 radələrində Yaşarın qardaşı Bilal ilə danışdığını, onun “gərək əmim belə etməyə, qardaşım da ona torpaq sahəsi verə” dediyini, hamının bu mübahisənin barışıq yolu ilə bitməsini istədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli JN-314A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayonu Aşağı Aralıq kəndində yerləşən 0,09 ha torpaq sahəsi Şərur rayon X4 xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə mülkiyyət hüququ əsasında İddiaçı və onun ailə üzvlərinin - X6, X8 və X3 adına qeydə alınmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə Şərur rayon Aşağı Aralıq kəndində yerləşən 0,09 torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına qeydə alınmışdır. Həmin torpaq sahəsi haliyədə iddiaçının həmkəndlisi, Cavabdeh tərəfindən qanuni əsaslar olmadan istifadə edilir. Məhkəmə baxışı zamanı cavabdeh torpağı iddiaçının mərhum qardaşından aldığını bildirsə də, torpağın alqı-satqısını sənədləşdirməyin qanunla müəyyən olunmuş qaydasına əməl etmədiyindən, cavabdehin həmin torpaq sahəsinə hər hansı hüququnun olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı alqı-satqı barədə xəbəri olmadığını və razılığının alınmadığını bildirərək pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün torpaq sahəsinin boşaldılması və torpaqdan istifadəyə olan manelərin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin yerləşdiyi əraziyə yerli baxış keçirilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə Şərur rayon Aşağı Aralıq kənd ərazisində İddiaçı və onun ailə üzvlərinin - X6, X8 və X3 adlarına JN-314A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılmalı, Cavabdeh tərəfindən torpaqdan istifadəyə olan manelər qaldırılmalıdır. Eyni zamanda Cavabdeh izah olunur ki, vicdanlı sahib ona dəymiş ziyanın aradan qaldırılması və çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib iddiaçının məhkəmə xərclərinin ona aid edilməsi xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, MPM-in 119.4-cü maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə Şərur rayon Aşağı Aralıq kənd ərazisində İddiaçı və onun ailə üzvlərinin - X6, X8 və X3 adlarına JN-314A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılsın, Cavabdeh tərəfindən torpaqdan istifadəyə olan manelər qaldırılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar