Məhkəmə qərarları › İş №2(110)-369/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-369/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-369/2021 25.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi üzrə reqres qaydada pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olaraq ödəməli olduğu, lakin onun əvəzinə sahibkar X1 hesabına onun maaşından tutulmuş 1394 manat pulun, 10546/340205 nömrəli qəbzlə ödədiyi 50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 1474 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehin 2013-cü ildə mağazadan mal götürmək üçün ondan zamin durmağı xahiş etdiyini, borcunu tez bir zamanda ödəyəcəyi və heç bir problem olmayacağını bildirdiyini, bu zaman cavabdehin səmimiyyətinə inandığını, 14.08.2013-cü ildə sahibkar X2 ilə cavabdeh arasında 10546 nömrəli alqı-satqı müqaviləsinin, onunla ilə isə 10546/1 nömrəli zaminlik müqaviləsinin bağlandığını, lakin cavabdeh borcunu ödəmədiyi üçün həmin borcun tam məbləğdə müxtəlif vaxtlarda hissə-hissə onun maaşından tutulduğunu, bununla bağlı Yasamal Rayon Məhkəməsinin 2(004)-8657/2014 nömrəli əmri olduğunu, lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehin müxtəlif bəhanələrlə ona pulu qaytarmaqdan imtina etdiyini, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşdüyünü bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçı 09.06.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, buna baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan 14.08.2013-cü il tarixli 10546 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı malları alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə 1206 manat məbləği ödəməyi ödhəsinə götürür İş materiallarında olan 14.08.2013-cü il tarixli, 10546/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı 14.08.2013-cü il tarixli,10546 nömrəli alqı-satqı müqaviləsi üzrə zamin qismində satıcı qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 08.09.2014-cü il tarixli, 2(004)- 8657/2014 nömrəli məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı müstərək qaydada kreditor X1 xeyrinə 1074 manat əsas borc, 393 manat cərimə borcu, 21 manat dövlət rüsumu olmaqla, cəmi 1488 manat məbləğində pul tutulması əmr edilmişdir. İş materiallarında olan Socar Ekologiya idarəsinin məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 21.01.2016-cı il tarixli 17/72 744/9 nömrəli məktubu və Məhkəməsinin 08.09.2014-cü il tarixli, 2(004)-8657/2014 saylı icra sənədi üzrə İddiaçı əmək haqqından tutulmuş 1394 manat AZ98HAJCFPRAZN**********5001 saylı hesaba ödənilmişdir. İş materiallarında olan 25.11.2014-cu il tarixli 10546/340205 nömrəli qəbzdan görünür ki, İddiaçı “Sunny” mağazasına Cavabdeh adından 50 manat məbləğində ödəniş etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehin bağladığı alqı-satqı müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməli borc zamin qismində çıxış edən iddiaçının əmək haqqından tutulmuşdur. Cavabdeh həmin məbləği iddiaçıya ödməkdən boyun qaçırdığı üçün iddiaçı reqres qaydada pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Alqı-satqı müqaviləsinin 2.4-cü maddəsindən görünür ki, alıcı ödəniş cədvəli üzrə hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2%-i miqdarında əlavə məbləğ ödəyir. 2.5-ci .4-cü maddədən görünür ki, alıcı son ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 4%-i miqdarında əlavə məbləğ ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş üzrə iddiaçının alqı-satqı müqaviləsi üzrə ödədiyi məbləği reqres qaydada tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Maxta kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1454 (bir min dörd yüz əlli dörd) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq Bakı şəhər Səbail rayonu üzrə qeydiyyatda olan İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar