Məhkəmə qərarları › İş №2(110)-376/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-376/2021

24.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-376/2021 24.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və X2 Şərur rayonu Muğanlı kəndində öz mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onların həmin yaşayış sahəsi üzrə qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayonu Muğanlı kəndində yerləşən 0,3384 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 135,52 kvm köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə ona məxsus olduğunu, bu barədə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verildiyini, həmin ünvanda ailə üzvlərindən başqa cavabdehlərin də qeydiyyatda olduğunu, Cavabdeh1 onun babası Həsənov Cəmşidlə əvvəl faktiki, sonra rəsmi nikah münasibətində olduğunu, digər Cavabdeh2 isə onun qızı olduğunu, Şərur Rayon Məhkəməsinin 27.12.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 mübahisəli yaşayış sahəsinə köçürüldüyünü və qeydiyyata düşdüyünü, bundan sonra cavabdehin öz ev əşyalarını onun mülkiyyətində olan evə apardığını, faktiki olaraq otaqları özbaşına zəbt edərək onun mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, cavabdehlərin uzun illərdir ki, Rusiya Federasiyasının Novosibrski şəhərində yaşadıqlarını, təsadüfi hallarda Azərbaycana gəldiklərini, Cavabdeh1 əvvəllər Şərur rayon Dəmirçi kəndində yaşadığını və qeydiyyatda olduğunu, orada ata mülkü olduğunu, babası 1996-cı ildə vəfat edəndən sonra Cavabdeh1 qızları ilə birlikdə həmin evdən çıxıb getdiklərini, evin cari və əsaslı təmiri ilə babasının bacısı X3 qızının və sonradan özünün məşğul olduğunu, cavabdehlərin heç vaxt onunla birgə təsərrüfat aparmadıqlarını və onun mülkiyyətində olan fərdi yaşayış evinə heç bir ehtiyacları olmadığını, məqsədlərinin evi ələ keçirmək olduğunu, onların yaşayış sahəsinə qeydiyyatlarının formal xarakter daşıdığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı 23.06.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında və ona verilmiş suallara cavabında 1976-cı ildə mərhum Həsənov Cəmşidlə ailə qurduğunu, bu zaman Şərur rayonu Muğanlı kəndində yerləşən mərhum qaynanasının adına olan mənzilə köçürüldüyünü, 1978-ci ildə qızları Sevda və 1979-cu ildə Sevincin doğulduğunu, Həsənov Cəmşidlə nikahının 1985-ci ildə qeydə alndığını, 1996-cı ildə ərinin öldüyünü, o sağ olarkən bütün ailə üzvlərinin mehriban yaşadıqlarını, baldızı Nəzifənin də onlarla yaşadığını, əvvəl mehriban olsalar da, sonradan Nəzifənin onu yola vermədiyini, gizli yolla evi qardaşı nəvəsi İddiaçı adına keçirdiyini, sonra onları evdən qovduğunu, həmin mənzildə 35 il yaşayaraq təsərrüfatı əri və baldızı ilə birgə idarə etdiklərini, yaşadığı otaqların sayğaclarının ayrı olduğunu və kommunal xərcləri özünün ödədiyini, qızlarının həmin evdən gəlin köçdüyünü, bu yaşdan sonra ev almaq və ya tikməyə gücünün olmadığını, 2018-ci ilin dekabr ayında Rusiya Federasiyasına müalicə üçün getdiyini, sonra pandemiya ilə əlaqədar olaraq gələ bilmədiyini, qızı Sevdanın Bakı şəhərində kirayədə yaşadığını, özünün isə başqa qalacaq yerinin olmadığını, hazırda gəldiyini və həmin evdə yaşadığını, 2011-ci ildə məhkəmə qərarı ilə həmin evdən istifadə hüququnun olduğunu bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndə-vəkili Nümayəndə iş üzrə digər Cavabdeh2 və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqelər nəzərə alınmaqla iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 16.3-cü bəndinə görə iddiaçıya inzibati məhkəmədə iddia qaldırması izah edilmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 27.12.2011-ci il tarixli 2(110)224/2011 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 Şərur rayonu Muğanlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan mənzilinə köçürülməklə mənzildən istifadə hüququnun təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli 06.11.2009-cu il tarixli çıxarışından görünür ki, kimi Şərur rayonu Muğanlı kəndində yerləşən 0,3384 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 135,52 kvm köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə İddiaçı adına **********61-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, cavabdehin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə Cavabdeh2 aid hissədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqelər nəzərə alınmaqla iş üzrə icraata xitam vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 16.3-cü bəndinə görə iddiaçıya inzibati məhkəmədə iddia qaldırması izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, digər Cavabdeh1 iddiaçının babası ilə nikahda olmuş və mübahisəli mənzildə yaşayaraq təsərrüfatı birgə idarə etmişdir. Şərur Rayon Məhkəməsinin 27.12.2011-ci il tarixli 2(110)-224/2011 nömrəli qətnaməsi ilə Cavabdeh1 mənzildən istifadə hüququnun təmin edilməsi qət edilmişdir. Cavabdeh1 hal-hazırda həmin evdə yaşamaqdadır. Məhkəmə bildirişləri şəxsən cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaçının onun Rusiya Federasiyasında köçüb yaşamasına dair dəlillərini qəbul etmir, Rusiyaya 2018-ci ildə müvəqqəti müalicə üçün getdiyini, pandemiyaya görə vaxtında qayıda bilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 istifadə hüququnu itirməsi ilə bağlı göstərdiyi dəlilləri əsassızdır və onun istifadə hüququna yalnız kompensasiya vermək yolu ilə xitam verilə bilər. Cavabdeh1 yaşayış sahəsindən istifadə hüqunun olması ilə bağlı qüvvədə olan qətnamə olduğundan məhkəmə həmin şəxsin istifadə hüqununun yaranması ilə bağlı normaları şərh etməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına görə məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İş üzrə Cavabdeh1 istifadə hüqununun verilməsi məhkəmə qətnaməsi ilə öz təsdiqini tapır, onun başqa yerdə daimi yaşaması və ya mübahisəli mənzilə ehtiyacının olmaması sübut olunmur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Şərur Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 2(110)-376/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməsi nəzərə alınsın. Məhkəmə xərci olaraq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar