Məhkəmə qərarları › İş №2(110)-397/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-397/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-397/2023 16.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 914,82 manat məbləğində icra ödənişi, 653,42 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “Avtomobil krediti müqaviləsi üzrə” borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək cavabdeh 24,374,20 ABŞ dolları əsas borc, 1231,71 ABŞ dolları faiz borcu, 51 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 25656,91 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçının xeyrinə ödənildiyini, tələbin cavabdehə məxsus “Kia Sportage” markalı 99- FN- 720 dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldiyini, həmin avtomobilin açıq hərracdan satıldığını, avtomobilin açıq hərracdan satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsini qət edildiyini, məhkəmə qətnaməsinin qüvvəyə mindiyini, icraya yönəldiyini, Sumqayıt Şəhər İcra və Probasya Şöbəsinin cavabdehə məxsus avtomobili "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarıldığını, lakin təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunduğunu, avtomobilin ipoteka saxlayan iddiaçı tərəfindən əldə edildiyini, avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 553,75 manat məbləğində xidmət haqqı, 99,67 manat məbləğində vergi ödənişinin ödənilməsi nəzərdə tutulduğunu, iddiaçı tərfindən hərrac xidmətinin dəyəri olaraq 553,75 manat, 99,67 manat məbləğində vergi ödənişinin və 914,82 məhkəmə ödəniş ödənildiyini, qüvvədə olan qanunvericiliyin tələbinə əsaəsn həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin borclu tərəfindən ödənildiyini, borclunun icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etmədiyini, həmin ödənişləri tələbkarın onun əvəzinə ödədiyini, bunun nəticəsində borclu tərəfindən tələbkara maddi zərərin yetirildiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə sənədi qeydiyyatda olduğu yerin icra nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan "xxxx" MMC-in xx.xx.2021-ci il tarixli 636/21 nömrəli və 17.112.2021-ci il tarixli 636/21 nömrəli bildirişlərindən görünür ki, borclu Cavabdeh məxsus “Kia Sportage” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil 2 dəfə açıq həraca çıxarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 261754106, ********* və ********* nömrəli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən icra ödənişləri ilə əlaqədar 914,82 manat pul vəsaiti, hərracın keçirilməsi ilə bağlı "xxxx"nin MMC-in hesabına isə 553,75 manat və 99,68 manat pul ödənilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının cavabdehə qarşı “avtomobil krediti müqaviləsi üzrə” borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq tutma cavabdehə məxsus avtomobilə yönəlmişdir. Avtomobil hərraca çıxarılmış və 2 dəfə açıq hərrac keçirilmişdir. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (ödəniş tapşırıqları, hərrac bildirişləri və.s) sübuta yetirmişdir. Cavabdeh öhdəliyin icrasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidmətinin icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş 35,68 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 914,82 manat məbləğində icra ödənişi, 653,42 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, ümumilikdə 1568,24 manat (bir min beş yüz altmış səkkiz manat iyirmi dörd qəpik) borc və ödənilmiş 35,68 manat (otuz beş manat altmış səkkiz qəpik) dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar