Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-4/2024 11.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şərur rayon Axaməd kənd ərazisində yerləşən JN 125 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1.48 ha kənd təsərrüfatı məhsullar istehsalı üçün torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Aqrar İslahat Komissiyasının 28 noyabr 1997-ci il 9 saylı qərarı ilə 1.48 ha kənd təsərrüfatı məhsullar istehsalı üçün torpaq sahəsini JN 125 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ona və ailəsinə verildiyini, onun 2003-cü ildə işləmək üçün ailəsi ilə birlikdə Türkiyə Respublikasına getdiyini, 2004-cü ildən həmin torpaq sahəsini Şərur rayon Kərimbəyli kənd sakini Cavabdeh 6 illik icarəyə verməklə ondan 2400 manat pul aldığını, Cavabdeh torpaq sahəsini 2010-cu ildə onlara geri qaytarmalı olduğunu, Cavabdeh əkin sahələri üçün dövlət tərəfindən veriləcək gübrənin alınması üçün torpaq sənədlərini onun həyat yoldaşını aldadaraq aldığını, onun ailəsi ilə birlikdə 2014-cü ildə Türkiyə Respublikasından qayıtdığını, həmin vaxtdan onun Cavabdeh onlara məxsus torpaq sahəsini geri qaytarmasını tələb etsə də onun bundan imtina etdiyini və onun torpaq sahəsini istifadə etdiyini, dəfələrlə ona bu barədə xəbərdarlıq etsə də onun tələbinə məhəl qoymayaraq onun mülkünü qanunsuz olaraq zəbt etdiyini, belə olan halda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılmalı olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq cavabdehin təqdim etdiyi icarə müqavilələrindən xəbərinin olmadığını, heç bir müqavilə imzalamadığını, cavandehlə şifahi qaydada torpaq sahəsini icarəyə verilməsi barədə razılaşdıqlarını, həmin müqavilələr bağlanılakən özünün Türkiyə Respublikasında olduğunu, kəndin icra nümayəndəsinin iştirakı ilə həmin müqavilələrin onun xəbəri olmadan bağlandığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında 2008-ci ildə qaynı Yadigar ona Niftalı adlı şəxsin Axaməd kəndində torpaq sahəsi icarə verildiyini dediyini, birlikdə həmin torpaq sahəsinə baxmağa getdiklərini, orada Niftalı ona torpaq sahəsinin ölçüsünün 1.4 ha olduğunu, icarəyə verdiyini dediyini, Niftalı ilə 4 illiyinə ili 200 dollara razılaşdıqlarını, 2012-ci ildə Əbülfətin ona zəng vuraraq Nifatlının onun torpağının icarə pulunu vermədiyini, ona “mən səni tanımıram, mən Niftalı ilə razılaşmışam” dediyini, sonradan 2012-ci ildə isə Əbülfətlə illik 200 manata torpaq sahəsinin icarəsi barədə razılaşdıqlarını, 2017-ci ilə qədər Əbülfətə 200 manat ödədiyini, 2017-ci ildə isə 300 manat ödədiyini, 2017-ci ildə Əbülfət torpaq sahəsini satmaq istədiyini bildirdiyini, ona torpaq sahəsini ona satmasını bildirdiyini, Əbülfət torpaq sahəsinin qiymətini ümumilikdə 3000 manata dediyini, lakin 2500 manata razılaşdıqlarını, torpaq sahəsini satın aldığını, kəndin icra nümayəndəsi Sucəddin Orucovla birlikdə Əbülfətin evinə getdiklərini, Əbülfətə 2475 manat pul verdiyini, qalan 25 manatını isə sonradan ona göndərdiyini, Əbülfətin həyat yoldaşının və uşaqlarının razılıq ərizələrini, şəxsiyyət vəsiqələrinin surətini aldığını, təxminən 1 ay sonra Axaməd kəndində Əbülfətin evində icarə müqaviləsi bağladıqlarını, 2021-ci ildə həmin torpaq sahəsinə qarğıdalı əkdiyini, Əbülfət gəlib ona torpaq sahəsini boşaltmağını tələb etdiyini, ona torpaq sahəsini ondan satın aldığını desə də, Əbülfət torpaq sahəsini satmadığını, ona icarəyə verdiyini bildirdiyini, ona görə də aralarında uzun müddət mübahisə etdiklərini, sonra onlara gəlib kredit götürmək üçün torpaq sahəsini sənədlərini istədi, torpaq sahəsinin sənədlərini ona vermədiyini, iddiaçının bu tələbinin qanunsuz olduğunu, müqavilədə nəzərdə tutulmuş məbləği ona ödəyərsə, torpaq sahəsini geri qaytarmağa hazır olduğunu qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X7 ifadəsində iddiaçının onun əri olduğunu, onların Türkiyə Respublikasının İstanbul şəhərində yaşadıqları zaman qaynı Niftalının onların xəbəri olmadan onlara məxsus torpaq sahəsini İsfəndiyara icarəyə verdiyini, həmin torpaq sahəsinə görə onların heç bir icarə haqqı almadıqlarını, yalnız 2014cü ildə kəndə qayıtdıqdan sonra İsfəndiyarın onlara 400 manat icarə haqqı ödədiyini, 2017-ci ildə Əbülfət Türkiyə Respublikasının İstanbul şəhərində olduğundan özünün həmin torpaq sahəsini İsfəndiyardan 2475 manat pul alaraq icarəyə verdiyini, torpaq sahəsini ona satmadıqlarını, 2023-cü ildə müqavilənin müddəti bitdiyi üçün Əbülfət torpaq sahəsini İsfədiyardan tələb etdiyini, lakin İsfəndiyar qaytarmaq istəmədiyi üçün aralarında mübahisə olduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarına, şahidin ifadəsinə və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki,iş materialında olan: - JN-125 KOD 10216038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 noyabr 1997-ci il tarixli 9 nömrəli qərarı ilə İddiaçı, X4, X1, X6, X5 və X2 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Axaməd kəndində 1.48 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. - Şərur Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(110)-432/2023 saylı qərardadından görünür ki, iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki iş üzrə məhkəmənin qəbul edəcəyi müvafiq qərar qanuni qüvvəyə minənədək mülki işin icraatı dayandırılmışdır. - Şərur rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(110)-4/2024 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir; - Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X8 1.48 ha torpaq sahəsini 49 il müddətinə Cavabdeh icrayəvə vermişdir; - Torpaq icarəsi haqqında 01 iyun 2017-ci il tarixli 12 nömrəli müqavilənin görünür ki, X8 ilə Cavabdeh arasında müqavilə bağlanmışdır; - Həmin müqavilənin 3-cü bəndinə əsasən ödənilmiş 2500 manat pul vəsaiti əsasında gələcəkdə müqavilə şərtlərini pozan tərəf ödənilmiş vəsaitin 10 misli yəni 25000 manat pul ödəməlidir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, JN-125 KOD 10216038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 noyabr 1997-ci il tarixli 9 nömrəli qərarı ilə İddiaçı, X4, X1, X6, X5 və X2 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Axaməd kəndində 1.48 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan torpaq sahəsi haliyədə Cavabdeh tərəfindən qanuni əsaslar olmadan məhdudlaşdırılmaqla istifadə edilir. Həmçinin məhkəmə baxışı zamanı cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində hər hansı hüququnun olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olmasına baxmayaraq, cavabdehin maneə yaratması nəticəsində onlar həmin torpaq sahəsinə sahiblik və ondan istifadə edə bilmirlər. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Ona görədə iddia təmin edilərək Şərur rayon Axaməd kəndi ərazisində JN-125 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.48 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iş materialında olan və cavabdehin təqdim etdiyi icarə müqavilələrindən xəbərinin olmadığını, heç bir müqavilə imzalamadığını bildirərək etiraz etdiyindən, məhkəmə bunun başqa bir mübahisənin predmeti olması qənaətinə gələrək hazırkı iddia tələbi üzrə buna münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək kimi hüquqi təsbit olunmuş geniş səlahiyyətidir, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı hüquqi əsasa söykənməməklə, mülkiyyətçilərin daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə məhkəmədə baxılması ilə iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Axaməd kəndi ərazisində JN-125 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.48 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-4/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-4/2024
11.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver