Məhkəmə qərarları › İş №2(110)-410/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-410/2025

06.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-410/2025 06.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 noyabr 2017-ci il tarixli AN- 1 ******* nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı Şərur rayon Yengicə kənd ərazisində yerləşən 15294 nömrəli, 1253 m həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pulun Cavabdeh alınıb ona barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şərur rayon Yengicə kənd ərazisində yerləşən 15294 nömrəli 1253 m² həyətyanı torpaq sahəsini 2017-ci ildə Şərur rayon Yengicə kənd sakini X2 10 noyabr 2017-ci il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 12000 manat pul ödəyərək almışdır. Mülkiyyət barədə ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlkın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış və **********86 Reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü barədə şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini bu günə kimi o öz mülkiyyətinə sənədləşdirə bilməmişdir. Buna səbəb isə onun torpaq sahəsinin 4.40 metr eninində, 34 metr uzunluğunda olan hissəsini Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt etməsidir. O, məsələ ilə bağlı Naxçıvan MR ƏMDX-nin Şərur rayon şöbəsinə müraciət etmişdir. Onlar tərəfindən 21 yanvar 2025-ci il tarixli akt tərtib edərək cavabdehin 4.40 m enində onun aldığı həyətyanı torpaq sahəsinə qanunsuz sahiblik etdiyi müəyyən olunmuşdur. Məsələ ilə bağlı o, Cavabdeh ilə dəfələrlə söhbətlər aparsa da, müsbət nəticə əldə olunmamışdır. Belə olan halda cavabdehin 10 noyabr 2017-ci il tarixli AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsindən məcburi çıxarılması qərarına gəldiyini bildirmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini, iddia ərizəsində qeyd etdiyi halları təsdiq etdiyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, o, həmin torpaq sahəsini 2017-ci il tarixdə almış, həmin zaman torpaq sahəsinin hasarı olmamış, cavabdeh də həmin ərazidə olmamışdır. Cavabdeh ondan sonra həmin məhləyə gəlmişdir. O, torpaq sahəsini alan zaman torpaq şöbəsinin nümayəndəsi Xeyrulla müəllimi (Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsinin baş məsləhətçisi Xeyrulla Əliyev) əraziyə gətirmiş, Xeyrulla müəllim onun yerini ölçüb vermiş, daha sonra o, 2018-ci il tarixdə Türkiyə Respublikasına işləmək üçün getməzdən əvvəl bir daha Xeyrulla müəllimi əraziyə gətirmiş, Xeyrullanın göstərdiyi kordinatlar əsasında o, yerə armatur vuraraq, öz torpaq sahəsini qonşu torpaq sahələrindən ayırmış, həmin vaxt onun torpaq sahənin sağında və solunda yerləşən torpaq sahələri boş olmuşdur. Onun Türkiyədə olduğu dövrdə ona məxsus sözügedən torpaq sahəsinin sağında olan torpağı cavabdeh almış, özünə hasar çəkmiş və bu zaman onun torpaq sahəsini zəbt etmişdir. Xeyrulla müəllim ölçən zaman cavabdehin torpağını səhv ölçübdür. Hazırki halda onun torpaq sahəsinin sağında cavabdeh Vüsalın torpaq sahəsi, solunda isə qonşusu Surxayın torpaq sahəsi vardır. O, Türkiyə Respublikasından qayıtdıqdan sonra torpaq sahəsinə baxış zamanı torpağının ölçülərinin azaldığını müşahidə etmiş, bundan sonra yenidən torpaq şöbəsinin əməkdaşlarını əraziyə cəlb etmiş və onlar gələrək torpaq sahəsini, həmçinin bütün məhəlləni yenidən ölçmüş, ölçdükdən sonra akt tərtib etmişlər. Ölçmə işləri nəticəsində müəyyən olunmuşdur ki, onun torpaq sahəsinin bir hissəsi qonşusu cavabdeh-Vüsalın həyətinə düşmüşdür. İddiaçı mübahisəli torpaq sahəsinin yerləşdiyi məhəllədə hər kəsin torpaq sahəsinin ölçülərinin düzgün olduğunu, təkcə onun torpaq sahəsinin kəsir olduğunu bildirərək, cavabdeh tərəfindən tərəfindən zəbt olunmuş torpaq sahəsinin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının yaxın qohumu olan nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, özünün sözügedən məhəllədə torpaq sahəsini 2018-ci ildə aldığını və daşınmaz əmlakın əməkdaşlarının (Xeyrulla müəllim və digər bir şəxsin) torpaq sahəsini ölçərək onun payına düşən hissəsini verdiklərini, onun da Xeyrulla müəllimin ölçüsünə uyğun özünə hasar çəkdiyini, 2018-ci ildə onun həmin torpaq sahəsini alanda iddiaçının həmin ərazidə torpağının olduğunu, hazırki vəziyyətdə öz torpağının iddiaçının torpaq sahəsi hesabına artmadığını, hasara alınmış torpaq sahəsinin sənəddəki ölçülərə uyğun olduğunu, hətda biraz kəsir olduğunu, iddianı qəbul edib hasarını geri çəkəcəyi təqdirdə torpaq sahəsinin azalacağını bildirmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, o, heç də iddiaçının qeyd etdiyi kimi onun torpaq sahəsini zəbt etməmişdir. Mübahisəli torpaq sahələrinin yerləşdiyi həmin məhəllədə demək olar ki, bütün torpaq sahələri bir-birinin ərazisinə daxil olmuşdur. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi onun torpaq sahəsinin altında, qonşusu Çoşqunun torpaq sahəsi isə onun torpaq sahəsinin üstündə yerləşir. İddiaçının qeyd etdiyi ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, yuxarıdakı qonşusu da onun həyətinə girmişdir. Lakin hazırki vəziyyətdə onun torpaq sahəsinin sərhəddində həmin qonşunun evi vardır. Yəni o, iddia tələbini qəbul edib hasarını geri çəkərsə, öz torpaq sahəsi azalacaq və bu zaman özünün kəsir torpaq sahəsini yuxarıdakı qanşusundan tələb etdiyi təqdirdə məcbur olaraq qonşunun evi söküləcəkdir.

Yazılı sübutlar:

6. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şərur rayon Yengicə kəndində yerləşən 0,1253 ha torpaq sahəsi X15 oğlunun adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

7. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixdə Naxçıvan MR DƏTMDK İdarəsi tərəfindən X5 verilmiş Şərur rayonunun Yengicə kəndində yerləşən 0,1253 ha torpaq sahəsi İddiaçı satılmışdır.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Naxçıvan Muxtar Respublikası ƏMDX-nin əməkdaşları və Şərur rayon İcra Hakimiyyətinin əməkdaşı, Şərur rayon Yengicə kənd İƏD nümayəndəsi və kənd bələdiyyəsinin sədri və digər şəxslərin iştirakı ilə Yengicə kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsi və digər qonşu torpaq sahələrinin sərhədləri düzgün olmadığından naturada xəritə əsasında yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, 4,40 metr hissəsi qonşu Cavabdeh, Cavabdeh məxsus torpaq sahəsinin 4,60 metr hissəsi C.Sadiqova və C.Sadiqova məxsus torpaq sahəsinin 2,80 metri isə Ə.Əhmədova məxsus torpaq sahəsinin sərhədləri daxilindədir.

9. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsinin baş mütəxəssisinin rəyindən görünür ki, İddiaçı məxsus Şərur rayon Yengicə kəndində yerləşən **********86 reyestr nömrəli torpaq sahəsinə baxış keçirilmişdir və qeyd olunan ərazidə vəziyyət aşağıdakı kimidir:

1. İddiaçı Şərur Rayon 1 saylı NO-nin xx.xx.2017-ci il tarixli, 4Ə-125 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, Şərur rayon Yengicə kəndində yerləşən 0,1253 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi arasında yerləşən hasar İddiaçı məxsus torpaq sahəsində yerləşir. 2.İddiaçıya məxsus olan Şərur rayonu, Yengicə kəndində yerləşən 0,1253 ha torpaq sahəsində Cavabdeh tərəfindən hasar çəkilmişdir. Həmin hasar iddiaçının torpaqdan istifadəsinə maneə yaradır.

3. İddiaçı məxsus olan, Şərur rayonu, Yengicə kəndindəı yerləşən 0,1253 ha torpaq sahəsi sənədi üzrə müəyyən olunmuş kordinatlar daxilində yerləşmir.

4. İddiaçı məxsus olan, Şərur rayonu, Yengicə kəndindəı yerləşən 0,1253 ha torpaq sahəsinin faktiki ölçüləri sənəd üzrə ölçülərinə uyğun gəlmir. Belə ki, Cavabdeh tərəfindən torpaq sahəsinin şimal və cənub istiqamətindən 4,40 metr məsafədə İddiaçı torpaq sahəsinə keçmiş və həmin ərazidə hasar çəkmişdir. 5.Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi sənəd üzrə kordinatları daxilində yerləşmir.

10. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekispertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 983 nömrəli rəyindən belə görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki,

1. İddiaçı Təvəkül oğlunun Şərur rayon 1 saylı NO-nun xx.xx.2017-ci il tarixli, 4-125 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, Şərur rayon Yengicə kəndində yerləşən 0.1253 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi arasında yerləşən hasar divar İddiaçı məxsus olan torpaq sahəsi daxilində yerləşir (Qərardadın 1-ci sualı üzrə),

2. Şərur rayon Yengicə kəndində yerləşən 0.1253 ha torpaq sahəsində Cavabdeh tərəfindən hasar çəkilmişdir, sözügedən hasar divar iddiaçının torpağından istifadəsinə maneə yaradır (Qərardadın 2-ci sualı üzrə),

3. İddiaçı Təvəkül oğluna məxsus olan, Şərur rayon Yengicə kəndində yerləşən 0.1253 ha həyətyanı torpaq sahəsi sənəd üzrə müəyyən olunmuş koordinatlar çərçivəsində yerləşmir (Qərardadın 3-cü sualı üzrə),

4. İddiaçı Təvəkül oğluna məxsus olan, Şərur rayon Yengicə kəndində yerləşən 0.1253 ha torpaq sahəsinin faktiki ölçüləri sənəd üzrə ölçülərinə uyğun gəlmir, belə ki, Cavabdeh tərəfindən torpaq sahəsinin şimal ve cənub istiqamətindən 4.40 metr məsafədə İddiaçı Təvəkül oğlunun torpaq sahəsinə keçmiş və həmin ərazidə hasar çəkilmişdir (Qərardadın 4-cü sualı üzrə),

5. Cavabdeh faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları çərçivəsində yerləşmir (Qərardadın 5-ci sualı üzrə).

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, həmin tarixdə tərəflərin və mütəxəssis qismində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsinin əməkdaşı X7, o cümlədən Şərur rayon Yengicə kənd İƏD nümayəndəsi X6 iştirakı ilə hadisə yerində məhkəmə tərəfindən yerində müayinə həyata keçirilmiş, müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı Təvəkül oğlunun həyətyanı torpaq sahəsi Cavabdeh torpaq sahəsi ilə həmsərhəddə yerləşir. Cavabdehin həyətyanı torpaq sahəsi dörd bir tərəfdən but daşından hasara alınmışdır. Cavabdehə məxsus həyətyanı torpaq sahəsinin daxilində cavabdehə məxsus təqribən ununluğu 16 metr, eni isə 13 metr olan bir mərtəbəli yaşayış evi inşa edilmişdir. İddiaçının həyətyanı torpaq sahəsi isə boş ərazidir. Üzü iddiaçının torpaq sahəsinə durduqda ondan sağ tərəfdə cavabdehə məxsus həyətyanı torpaq sahəsi, sol tərəfdə isə digər bir qonşu X8 məxsus torpaq sahəsi yerləşir. Həmçinin Cavabdeh torpaq sahəsinin sağında isə qonşu X9 məxsus torpaq sahəsi yerləşir. X16 məxsus torpaq sahəsində cavabdehin hasarından təqribən 1.5 metr aralığında bir mərtəbəli yaşayış evi tikilmişdir.

12. Həmçinin Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı Təvəkül oğluna məxsus olan, Şərur rayon Yengicə kəndində yerləşən 0.1253 ha torpaq sahəsinin faktiki ölçüləri sənəd üzrə ölçülərinə uyğun gəlmir, belə ki, Cavabdeh tərəfindən torpaq sahəsinin şimal ve cənub istiqamətindən təqribən 4.40 metr məsafədə İddiaçı Təvəkül oğlunun torpaq sahəsinə, Cavabdeh torpaq sahəsinin sağında yerləşən qonşusu X10 tərəfindən isə ona məxsus torpaq sahəsinin şimal ve cənub istiqamətindən təqribən 4.6 metr məsafədə onun torpaq sahəsinə keçmiş və həmin ərazidə hasar çəkilmişdir. Yəni həmin ərazidə torpaq sahələrinin dövlət reyestrində qeydə alınmış sərhədləri ilə yerində istifadə olunan sərhədləri üst-üstə düşmür (sürüşmələr var).

13. Həmçinin Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, müşahidə edilən torpaq sürüşmələri nəticəsində yalnız İddiaçı Təvəkül oğlunun torpaq sahəsində azalma olmuş, digər qonşuların torpaq sahələrinin faktiki ölçüləri sənəd üzrə ölçülərinə uyğun olmuş, cavabdeh də daxil olmaqla, heç bir qonşunun torpaq sahəsində iddiaçının çatışmayan torpaq sahəsi hesabına artım olmamışdır.

14. Həmçinin Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, Cavabdeh torpaq sahəsinin sağında yerləşən qonşusu Coşqun Sadiqova məxsus torpaq sahəsinin (reyestr nömrəsi **********37) sağında, onunla qonşu Ə.Əhmədova məxsus torpaq sahəsi (reyestr nömrəsi **********36) arasında təqribən şimal ve cənub istiqamətindən təqribən eni 3.4 metr olan boş ərazi vardır.

15. Həmçinin Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, sözgedən məhəllədə iddiaçının torpaq sahəsinin solunda yerləşən və qonşu Surxay Şəfiyevə məxsus torpaq sahəsi (reyestr nömrəsi **********87) üzərində tikilmiş bir mərtəbəli ev tərəflər həmin məhəlləyə köçməzədən əvvəl mövcud olmuşdur.

16. Yerində müayində iştirak edən tərəflər, o cümlədən qonşu X4 Sadiqov və Surxay Şəfiyev bildirmişlər ki, onlar mübahisəli ərazidə torpaq sahələrinin ölçülərinin yerdə müəyyən olunması məqsədilə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsinin əməkdaşlarına, xüsusən Xeyrulla Əliyevə müraciət etmişlər. Xeyrulla müəllimin yerdə müəyyən etdiyi kordinatlar əsasında da hasarların çəkmiş, evlərini tikmişlər.

İşin faktiki halları:

17. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin şimal və cənub tərəfdən 4,40 metr hissəsi hazırda cavabdehin tərəfindən çəklmiş hasarın daxilində olması, cavabdehin isə torpaq sahəsinin 4,6 metri qonşusu Coşqun Sadiqova məxsus torpaq sahəsi daxilində olması, qonşusu Coşqun Sadiqova məxsus torpaq sahəsinin sağında eni təqribən 3.4 metr olan boş ərazinin olması, mübahisəli ərazidə müşahidə edilən torpaq sürüşmələrini nəticəsində yalnız İddiaçı Təvəkül oğlunun torpaq sahəsində azalmanln olması, digər qonşuların torpaq sahələrinin faktiki ölçülərinin sənəd üzrə ölçülərinə uyğun olması, cavabdeh də daxil olmaqla, heç bir qonşunun torpaq sahəsində iddiaçının çatışmayan torpaq sahəsi hesabına artım olmaması, mübahisəli ərazidə müşahidə edilən torpaq sürüşmələrinin reyestr məmurunun döngə nöqtələrini yerində səhv nişanlayıb yanlış sahəni mülkiyyətçilərə göstərməsi ilə əlaqədar yaranması mülki işin mübahisəsiz halı, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin təqsirli olaraq zəbt edib-etməməsi isə mülki işin mübahisəli halıdır.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddənin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddənin Vİ hissəsinə əssən sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 60-cı maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 172.4-cü maddəsinə əsasən qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. 173.1-ci madddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

Məhkəmənin mövqeyi:

20. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.

21. Belə ki, iş üzrə toplanmış sübutlar, o cümlədən yazılı sənədlər, mütəxəssis rəyləri, məhkəmə-tikinti texniki ekspertizasının rəyi və yerində müayinənin nəticələri ilə müəyyən edilmişdir ki, mübahisəli ərazidə torpaq sahələrinin faktiki sərhədləri ilə dövlət reyestrində qeydə alınmış sərhədlər arasında uyğunsuzluqlar mövcuddur və bu uyğunsuzluqlar yalnız İddiaçı məxsus torpaq sahəsində azalma ilə nəticələnmişdir.

22. Eyni zamanda, iş materiallarından və xüsusilə xx.xx.2025-ci il tarixli aktdan, həmçinin məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən və yerində müayinənin nəticələrindən görünür ki, iddiaçının torpaq sahəsindən itkin düşmüş 4,40 metrlik hissəsi (şimal ve cənub istiqamətindən 4.40 metr) cavabdehin hasarı daxilindədir, cavabdehin torpaq sahəsində iddiaçının itkin düşmüş torpaq sahəsi hesabına sahə artımı yaranmamış, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin də sənəd üzrə müəyyən edilmiş koordinatlar çərçivəsində yerləşmədiyi, Cavabdeh torpaq sahəsinin 4,60 metrlik hissəsinin (şimal ve cənub istiqamətindən 4.60 metr) digər qonşu X9 məxsus torpaq sahəsinin ərazisinə düşdüyü, həmin torpaq sahəsinin sağ tərəfində isə eni təqribən 3,4 metr olan boş ərazinin mövcud olduğu aşkar edilmişdir.

23. Məhkəmə tərəfindən müəyyən olunan faktiki hallardan görünür ki, cavabdeh iddiaçının torpaq sahəsi hesabına əsassız olaraq zənginləşməmiş, əksinə, onun öz torpaq sahəsi də sənəd üzrə müəyyən edilmiş sərhədlərdən kənara çıxaraq qonşu əraziyə daxil olmuşdur.

24. Məhkəmə belə hesab edir ki, mübahisəli ərazidə yaranmış faktiki vəziyyət cavabdehin iddiaçının torpaq sahəsini qəsdən və təqsirli şəkildə zəbt etməsi nəticəsində deyil, torpaq sahələrinin ilkin olaraq yerində müəyyən edilməsi zamanı reyestr məmuru tərəfindən döngə nöqtələrinin düzgün nişanlanmaması və nəticədə torpaq sahələrinin faktiki istifadəsində “sürüşmələrin” yaranması ilə bağlıdır. Bu hal həm mütəxəsisi və ekspert rəyləri, həm də tərəflərin və qonşuların ifadələri ilə təsdiq olunur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin belə tələbin təmin edilməsi üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir:

1. iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır;

2. cavabdeh əşya üzərində faktiki sahibliyə malik olmalıdır;

3. cavabdehin həmin əşya üzərində sahibliyi qanunsuz olmalıdır.

26. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işin faktiki hallarına tətbiq edildikdə müəyyən olunur ki, hazırkı iş üzrə birinci və ikinci şərtlər mövcud olsa da, üçüncü şərt — cavabdehin torpaq sahəsinə qanunsuz sahibliyi — sübuta yetirilməmişdir.

27. İş materialları ilə cavabdehin iddiaçının torpaq sahəsini qəsdən və qanunsuz olaraq zəbt etməsi faktı təsdiqlənmir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının cavabdehin torpaq sahəsindən çıxarılması və hasarın sökülməsi tələbi obyektiv reallığa və hüququn ağlabatanlıq prinsipinə uyğun deyildir.

29. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin (hasarın sökülməsi və çıxarılma) təmin edilməsi "zəncirvari" xarakter daşıyan daha böyük mülkiyyət pozuntularına yol aça bilər. Belə ki, cavabdehin hasarının geri çəkilməsi onun mülkiyyət sahəsinin əsassız azalmasına səbəb olacaq ki, bu da onu digər qonşuya qarşı iddia qaldırmağa məcbur edəcəkdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, digər qonşuların ərazisində artıq yaşayış evləri tikilmişdir və bu zənciri bərpa etmək yaşayış binalarının sökülməsi kimi mütənasib olmayan ağır nəticələrə səbəb ola bilər.

30. Bununla yanaşı, məhkəmə belə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsində yaranmış kəsir, sağ tərəfdə mövcud olan 3,4 metrlik boş ərazi və ya dövlət orqanlarının yol verdiyi səhv nəticəsində dəymiş ziyanın kompensasiyası mexanizmləri çərçivəsində həll edilməlidir.

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh mübahisəli torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə tələbi üzrə cavabdehin təqsirli hərəkətləri sübuta yetirilmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

32. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, hazırki iddia tələbinin rədd edilməsi ilə bağlı qərara gələrkən məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2025-ci il tarixli, 2(102)- 1116/2025 nömrəli qərarında ifadə olunmuş hüquqi yanaşmanı nəzərdən keçirməklə yanaşı, hesab edir ki, həmin mövqenin hazırkı mübahisəyə tətbiqi üçün zəruri olan faktiki və hüquqi şərtlər mövcud deyildir.

33. Belə ki, Ali Məhkəmənin qeyd olunan qərarında hüquqi mövqenin formalaşdırılması cavabdehin digər şəxsə məxsus torpaq sahəsində yerləşən tikilini və ya onun bir hissəsini açıq-aşkar, qəsdən və sənədlərlə müəyyən edilmiş sərhədlərdən kənarda inşa etməsi faktı ilə bağlı olmuşdur. Həmin iş üzrə cavabdehin torpaq sahəsinin sərhədləri dövlət reyestri sənədləri ilə dəqiq müəyyən edilmiş, tikilinin isə bu sərhədləri aşmaqla qonşu torpaq sahəsində yerləşdiyi birmənalı şəkildə sübuta yetirilmişdir. Digər tərəfdən, Ali Məhkəmə həmin işdə cavabdehin davranışında qanunsuz sahibliyin subyektiv elementi – təqsir və iradə amilinin mövcudluğunu xüsusi olaraq vurğulamışdır.

34. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar tamamilə fərqli hüquqi vəziyyətin mövcudluğunu göstərir. İş üzrə toplanmış sübutlar, o cümlədən məhkəmə-tikinti texniki ekspertizasının rəyi, mütəxəssis rəyi və yerində baxışın nəticələri ilə müəyyən edilmişdir ki, mübahisəli ərazidə yaranmış vəziyyət cavabdehin iddiaçının torpaq sahəsini qəsdən və ya bilərəkdən zəbt etməsi nəticəsində deyil, torpaq sahələrinin ilkin olaraq yerində müəyyən edilməsi zamanı dövlət reyestri üzrə döngə nöqtələrinin düzgün nişanlanmaması səbəbindən yaranmış faktiki uyğunsuzluqların nəticəsidir.

35. Bundan əlavə, Ali Məhkəmənin qeyd olunan qərarında cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin artımı baş vermiş, yəni digər şəxsin əmlakı hesabına faktiki zənginləşmə halı mövcud olmuşdur. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçının torpaq sahəsi hesabına artmamış, əksinə, onun öz torpaq sahəsinin bir hissəsi də digər qonşu torpaq sahəsinə daxil olmuşdur. Bu hal cavabdehin iddiaçının əmlakı hesabına əsassız zənginləşməsi ehtimalını tamamilə istisna edir.

36. Məhkəmə həmçinin nəzərə alır ki, Ali Məhkəmənin mövqeyi əsasən qanunsuz tikilinin aradan qaldırılması və mülkiyyət hüququnun bilavasitə və davam edən pozuntusunun mövcudluğu şəraitində tətbiq edilə bilər. Hazırkı işdə isə mübahisə torpaq sahələrinin faktiki sərhədlərinin dövlət reyestri məlumatları ilə uyğunsuzluğu fonunda yaranmışdır və bu uyğunsuzluq bir tərəfin təqsirli davranışının deyil, sistemli kadastr və reyestr səhvinin nəticəsidir.

37. Bu baxımdan, məhkəmə hesab edir ki, Ali Məhkəmənin təqdim edilmiş qərarında formalaşdırılmış hüquqi mövqe faktiki halların və hüquqi münasibətlərin eyniliyi prinsipi baxımından hazırkı işə tətbiq oluna bilməz. Çünki həmin mövqenin tətbiqi üçün zəruri olan cavabdehin təqsirli hərəkətləri, qanunsuz sahibliyi və iddiaçının əmlakı hesabına yaranmış real sahə artımı kimi hallar bu iş üzrə sübuta yetirilməmişdir. Məhkəmə baxışının hədləri:

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

39. Məhkəmə hesab edir ki, tələb əsassız sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

40. Həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X11 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülməlidir.

Nəticə:

41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək aşağıdakı nəticəyə gəlir: -İddia tələbi əsassız olduğundan rədd edilməli, -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilməli, -İş üzrə məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X11 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülməlidir. 42.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına İş üzrə məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X11 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar