Məhkəmə qərarları › İş №2(110)-412/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-412/2022

20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-412/2022 20.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndə - vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı ASAN Xidmətinin Qeydiyyat Şöbəsində bağlanmış 488 nömrəli nikah qeydinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdehlə 2019cu ildə X1 təhsil alarkən tanış olduğunu, həmin vaxtı 22 yaşı olduğunu, hər ikisinin Rəssamlıq Akademiyasında təhsil aldıqlarını, Məhərrəmin həmin il Akademiyanı bitirdiyini, onun isə yeni qəbul olduğunu, Məhərrəmin ona evlənmə təklif etdiyini, onun isə valideynləri ilə məsləhətləşəndən sonra onun təklifini qəbul etdiyini, valideynlərinin onlara elçi gəldiyini, özləri ailəlikcə Fizuli rayonundan məcburi köçkün olduqlarına görə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən 1 saylı İqtisadiyyat yataqxanasında məskunlaşdıqlarını, Məhərrəmgilin isə Bakı şəhərində kirayədə qaldıqlarını, evləri olmadığını, onun ailəsinə güzəştli şərtlərlə ipotekaya ev götürməyi, ilkin ödənişini şərikli ödəməyi təklif etdiklərini, onların razılaşdıqlarını, Fizuli rayonundan məcburi köçkün olduqlarına görə onların 4%-lik güzəştli şərtlərlə ipoteka krediti götürmək hüququna malik olduqlarını, 2020-ci ilin dekabr ayında nişanları olduğunu, toyu ev götürəndən sonra etmək qərarına gəldiklərini, güzəştli şərtlərlə ipoteka almaqla prosedurları başlatmaq üçün nikaha girmək şərti olduğundan cavabdehlə 1 saylı Bakı ASAN Xidmətinin Qeydiyyat Şöbəsinə müraciət etdiklərini, xx.xx.2021-ci il tarixdə 488 akt qeydi ilə nikahlarını rəsmiləşdirdiklərini, nikah şəhadətnaməsinə əsasən ona “Əliyeva” soyadının verildiyini, bundan sonra şəxsiyyət vəsiqəsini dəyişdirdiyini, xx.xx.2021-ci il tarixdə ASAN imza aldığını, ipoteka kreditinin elektron hökümət sistemi vasitəsilə rəsmiləşdirməsini apardığını, müraciət formunu hazırlayanda ipoteka kreditinin ilkin ödənişinin 15000 manat olduğunun müəyyən olunduğunu, onun 7500 manatını Məhərrəmin, qalan 7500 manatını isə özünün ödəyəcəyini, özünün 7500 manatı hazırladığını bildirdikdə Məhərrəmin ona “mənim pulum yoxdur, özün düzəlt qoy” dediyini, bundan sonra münasibətlərinin pozulduğunu, Məhərrəmlə valideynlərinin buna heç bir etiraz etmədiklərini, Məhərrəmin onunla nikaha girməkdə səmimi olmadığını ailə qurmaq niyətində olmadığını anladığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərilən halları təsdiqləyərək iddiaçının məcburi köçkün olduğunu, onlar üçün ipoteka kreditlərinin güzəştli şərtlərlə, yəni 4%-lə verildiyini, tərəflərin öz aralarında razılaşıb ipoteka yolu ilə ev almaq qərarına gəldiklərini, ev almaq üçün ipoteka krediti götürən zaman nikaha girmək şərti olduğundan tərəflərin nikaha daxil olduqlarını, bundan sonra krediti götürməklə bağlı işlərə başladıqlarını, 15000 manat ilkin ödənişi tərəflərin hər biri 7500 manat olmaqla ödəməyi öhdəsinə götürdüklərini, lakin cavabdehin verdiyi vədə əməl etməyərək bütün pulu iddiaçının ödəməsini bildirdiyini, bu zaman iddiaçıya cavabdehin həqiqətən onunla ailə qurmaq niyəti olmadığının aydın olduğunu, onun əmlak marağı olduğunu, buna görə də onların münasibətlərinin pozulduğunu, nikah qeydə alınsa da toy olmadığını, tərəflərin faktiki ailə münasibətlərində olmadığını, nikah müddətində əmlak alınmadığını, Vüsalənin gənc qız uşağı olmasına baxmayaraq, rəsmi sənədlərdə boşanmış kimi görünməsinin onun gələcək həyatına təsir edə biləcəyini, cavabdehin də nikahın etibarsız sayılmasına etiraz etmədiyini, bu vəziyyətdə nikahın etibarsız sayılmasının tərəflərin mənafeyi baxımından daha uyğun olduğunu bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində və ona verilən suallara cavabında iddiaçının xalası olduğunu, Vüsalə ilə Məhərrəmin 3 il öncə tanış olduqlarını, nikah olsa da toy şənliyi olmadığını, Vüsalənin gəlin köçmədiyini, daha sonra münasibətlərinin pozulduğunu eşitdiyini və başqa heç nə bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Saiq oğlu ifadəsində və verilən suallara cavabında iddiaçının xalasının əri olduğunu, Vüsalə ilə Məhərrəmin tanış olub evlənmə barədə razılığa gəldiklərini, 2021-ci ildə nikaha daxil olduqlarını, amma onların bir evdə yaşamadığını, az sonra da münasibətlərinin korlandığını, tərəflərin nikah qeydinin kağız üstə olan bir evlilik olduğunu, nə toy olduğunu, nə gəlin köçdüyünü, ipotekaya ev götürmək üçün nikaha girdklərini, sonra da pozuluşduqlarını, başqa deyəcəyi bir söz olmadığını, bu halları hər iki tərəfdən olan digər qohumlar, öz valideynlərinin də təsdiq edə biləcəyini, sadəcə onların Bakı şəhərində yaşadığını, məhkəməyə gələ bilmədiklərini, ona görə onlardan həmin halları təsdiq etmək üçün məhkəmə gəlmələrini xahiş etdiklərini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmətinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 434994 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah xx.xx.2021-ci il tarixdə 488 № ilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınarın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AA№ 333313 seriyalı vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli abunəlik müqaviləsindən görünür ki, İddiaçı ASAN imza almışdır. “Elektron məhkəmə informasiya sistemi”ndə verilmiş sorğulardan görünür ki, tərəflərin mülkiyyətlərində hər hansı daşınmaz əmlak, nəqliyyat vasitəsi və bank hesabları yoxdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxsin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. İddia ərizəsindən, iddiaçının nüaməyəndəsinin izahatından və şahid ifadələrindən müəyyən olunur ki, tərəflər iddiaçının məcburi köçkün olması və onlar üçün güzəştli ipoteka şərtlərinin olmasını nəzərə alaraq ev almaq üçün qeydiyyat şöbəsində nikahlarını qeyd etdirmiş, lakin ər-arvad münasibətlərində olmamışlar. Evin ipotekaya götürülməsi prosesində cavabdehin onun üzərinə düşən məbləği ödəməkdən yayınması səbəbindən tərəflərin münasibəti pozulduğundan iddiaçı cavabdehin onunla ailə qurmaq niyətində olmadığını anlamış və nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh məhkəməyə göndərdiyi teleqramında iddiaya qarşı etiraz etməmiş, sadəcə məhkəmə iclasını onun iştiakı olmadan keçrilməsini xahiş etmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemində verilmiş sorğulardan tərəflərin mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitəsi, bank hesabları və həmin hesablarda pul vəsaitlərinin olmadığı müəyyən olunmuşdur. Beləliklə, iddiaçının nikahın etibarsız sayılmasında hər hansı əmlak marağı olmadığı müəyyən olunmuşdur. Məhkəmə işin bütün faktiki hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normalari ilə əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu məcəllənin 10 -12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə görə etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1.7-ci maddəsinə görə nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Məhkəmə işin hallarına yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edərək hesab edir ki, nikahın etibarsız sayılması üçün kifayət qədər əsaslar olduğundan tərəflər arasında qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndə-vəkilinin fikri nəzərə alındığından 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmətinin Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2021-ci il tarixli 488 nömrəli nikah etibarsız hesab edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar