Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-439/2025 15.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X15 Elmar oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1, Cavabdeh iştirakları ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Şərur rayon Şəhriyar kənd ərazisində yerləşən 01DV6 nömrəli 0.105 ha həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması barədəqətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Şəhriyar kəndində yerləşən 01DV6 nömrəli 0.105 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 Tariyel oğlu, X1 birgə mülkiyyətinə verildiyini, bu barədə onlara hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və xx.xx.2024 tarixli A 040266 nömrəli torpaq sahəsinin plan və ölçüsü barədə şəhadətnamə verildiyini, həmin torpaq sahəsini 2009-cu ildə həmkəndlisi mərhum X10 icarəyə verdiklərini, X13 2020-ci ildə vəfat etdiyini, X13 vəfar etdikdən sonra onun qardaşı Cavabdeh onların mülkiyyətində olan torpaq sahəsini onlardan icazəsiz olaraq istifadə etdiyini və onlara icarə haqqı ödəmədiyini, Cavabdeh dəfələrlə onlara məxsus torpaq sahəsini geri qaytarmasını tələb etsələr də onun, bundan imtina etiyini və onların torpaq sahəsini istifadə etdiyini, dəfələrlə ona bu barədə xəbərdarlıq etsələr də onun, bu tələbiə məhəl qoymayaraq onların mülkünü qanunsuz olaraq zəbt etdiyini, belə olan cavabdehin mülkiyyətilərində olan torpaq sahəsindən məcburi çıxarmalı olduqları qərarına gəldiklərini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 izahatında və ona verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq torpaq sahəsini özünün Qurbanın qardaşı Yasinə 2009-cu ildə icarəyə verdiyini, sonra Türkiyə Respublikasına getdiyini, Yasinlə danışaraq müxtəlif vaxtlarda 2 dəfə də 50 manat pul aldığını, Yasinin 2020-ci ildə vəfat etdiyini, həmin vaxtdan da cavabdehin torpağı ona vermək istəmədiyini, bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddiaçının yalan danışdığını, 1990-cı ildə ona satdıqlarını, qonşu torpağı olduğu üçün aldığını, torpaq sahəsinin qarşılığında ona o zamanın pulu ilə 100000 manat verdiyini, 1997-ci ildə isə torpağın sənədini verdiyini, həmin torpaq sahəsinin ilkin sənədlərinin onda olduğunu, aralarında heç bir rəsmi alqı-satqı olmadığını,30 ildən çoxdur ki, torpağın onun istifadəsində olduğunu bildirmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin ona məxsus olmasını iddia etsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X8, X6 və X3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər X7, X4 və X2 iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilən şahid qismində dindirilən Şahid İldiz oğlu ifadəsində 90-cı illərdə həmin yerlərdə qoyun otardığını, əmisi oğlu Aydının onu çağıraraq “gəl sən də şahid ol Bətulə torpağını mənə satdı” dediyini, Bətulə də “ayıb olar bizə şahid lazım deyil ki, biz qohumuq” dediyini, torpaq sahəsinin yol qırağında olduğu üçün gələcəkdə orada nə isə tikmək fikirləri olduğundan torpağı qaytarmaq istədiklərini, onun yanında torpağın qarşıılığı 100000 manat pul verildiyini bildirmişdir. Yazılı sübutlar: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********04 reyestr nömrəli Çıxarışdan görünür ki, Şərur rayon Şəhriyar kəndində 0.1049 ha torpaq sahəsi Xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 ümumi mülkiyyətlərindədir. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki,iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin istifadəsində olması mülki işin mübahisəsiz halı, cavabdehin iddiaçılara münasibətdə mübahisəli torpaq sahəsinə sahiblik hüququnun olub-olmaması isə mülki işin mübahisəli halıdır. Məhkəmənin əsaslandırması: Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən iddiaçılar onlara məxsus əmlakı özgənin qanunsuz sahibliyindən geri tələb edə bilərlər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqribən 2009-cu il tarixdə İddiaçı1 ilə cavabdehin qardaşı X13 arasında mübahisəli torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı şifahi razılığa gəlinmiş və torpaq onun istifadəsinə verilmişdir. Bu zaman iddiaçı ilə nə X13 arasında, nə də başqa bir şəxs arasında torpağa dair hər hansı bir yazılı müqavilə bağlanmamışdır. Həmçinin tərəflərin bildirdiklərinə əsasən X13 2020-ci il tarixdə vəfat etdikdən sonra da tərəflər arasında torpağa dair hər hansı bir yazılı müqavilə bağlanmamışdır. Mübahisəli torpaq sahəsi hazırda ümumi mülkiyyət hüququ əsasında halhazırda İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 məxsusdur. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının dediklərinə əsasən mübahisəli torpaq sahəsi ilə bağlı onunla cavabdehin qardaşı X13 arasında hüquq münasibətləri 2009-cu ildə yaranmışdır. Cavabdeh öz etirazlarında tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı hüquq münasibətlərinin 1990-cı illərdə yarandığını qeyd etsə də, bununla bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə dəvət edilərək dinlənilən şahid də tərəflər arasında olan münasibətlərin konkret hansı tarixdə yaranması ilə bağlı ətraflı məlumat verə bilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatının 1996-cı il tarixdən etibarən başladığını, o cümlədən tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı hüquq münasibətlərinin yaranma vaxtı ilə bağlı iddiaçının bildirdikləri daha inandırıcı və ağlabatandır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, mübahisə 2009-cu ildə vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki burada üç dispozisiya şərtinin olması vacibdir: 1) İddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) Cavabdeh əşyanın sahibi olmalıdır; 3) Cavabdehin əşya üzərində sahibliyi qanunsuz olmalıdır. 1-ci dispozisiya şərti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş Çıxarışdan görünür ki, iddiaçılar mübahisəli torpaq sahəsinin hələ də mülkiyyətçiləridirlər. Torpaq sahəsinin paylı mülkiyyətçilərdən biri olan İddiaçı1 həmin torpaq sahəsini şifahi razılaşma əsasında X9 və ya cavabdehin istifadəsinə (icarəsinə) verməklə, onun üzərində mülkiyyət hüquqlarını itirməyiblər. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 146.1-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin məcəllənin 56-ci maddəsinin 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından görünür ki, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında notarial qaydada təsdiq olunan müvafiq müqavilənin bağlanılması ilə mümkündür. Həmçinin belə əqdlərin bağlanmasının qanunla müəyyən edilmiş formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Mülki Məcəlləsinin 157.2-ci maddəsinin 2-ci dispozisiya şərti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin izahatlarından görünür ki, hal-hazırda cavabdeh mübahisəli torpaq sahəsinin bilavasitə sahibidir. Mülki Məcəlləsinin 157.2-ci maddəsinin 3-cü dispozisiya şərti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notarial qaydada təsdiq olunan hər hansı bir müqavilə bağlanılmadığından, tərəflər arasında daşınmaz əmlaka dair sərəncam verilməsi ilə bağlı əldə edilmiş şifahi razılaşma isə mülkiyyətçinin dəyişməsinə səbəb olmadığından, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarına xitam vermədiyindən cavabdehin hal-hazırda mübahisəli torpaq sahəsi üzərində sahibliyi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -153.1-ci maddəsində göstərilir ki, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. -154.1-ci maddəsinin tələbinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. -238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Beləliklə də, məhəkəmə yuxarıda qeyd edilənlərin nəticəsi olaraq yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Şərur rayonunun Şəhriyar kəndində yerləşən və sahəsi 0.1049 ha olan torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçılar tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterində **********04 reyestr nömrəsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Şərur rayonunun Şəhriyar kəndində yerləşən və sahəsi 0.1049 ha olan torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddiaçılar tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq onlara ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-439/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-439/2025
15.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver