Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-440/2023 31.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X6 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində onların ailəsinin 10 nəfərdən ibarət olduğunu, X3ndan başqa bütün ailə üzvlərinin vəfat etdiyini, qardaşının xx.xx.2000-ci il tarixində vəfat etdiyini, onun adına torpaq sahəsinin miras qaldığını, onun başqa qardaşı bacısı olmadığından və onun mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, bacısı Tamaranın həmin mirasdan imtina etdiyini, qardaşı Cabbardan miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 1 saylı Notariat ofisinə müraciət etdiyini, lakin Notariat ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, qardaşı vəfat edəndən sonra ondan qalan mirasın onun tərəfindən qəbul edilməsinə qonşularının və qohumlarının da şahidlik edə biləcəyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında qardaşı Novruzov Cabbarla eyni ünvanda yaşadıqlarını, onlara islahat dövründə verilmiş torpaq sahələrini qardaşının sağlığında satdıqlarını, təkcə hazırkı torpaq sahəsinin qaldığını, Cabbarın 2000-ci ildə vəfat etdiyini, o vəfat etdikdən bu günə qədər həmin torpaq onun sahəsində çuğundur, süpürgə, yonca əkibbecərdiyini, həmin torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul etdiyini bildirmişdir. Maraqlı şəxs Şərur rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində xx.xx.2023-cü il tarixdə keçiriləcək Ərizəçinin vərəsəlik hüququnun bərpası ilə əlaqədar məhkəmə prosesində iş yükünün çoxluğu ilə əlaqədar iştirak etməyinin mümkün olmadığı üçün məhkəmə prosesinin onun iştirakı oladan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 ilə yaxın qonşu olduqlarını, 31 ildir ki qonşuluqda yaşadıqlarını, Rahilənin qardaşı Cabbarla birlikdə atasının evində yaşadıqlarını, Cabbarın 10 ildən artıq müddətdir ki, vəfat etdiyini, Cabbar vəfat etdikdən sonra həmin torpaq sahəsində Rahilənin çuğundur, süpürgə əkib-becərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 yaxın qonşusu olduğunu, Qardaşı Cabbarla birlikdə Rahilənin atasının evində yaşadıqlarını, Cabbar vəfat etdikdən sonra onun torpaq sahəsini Rahilənin əkib-becərdiyini, həmin torpaq sahəsində çuğundur, soğan əkdiyini, son vaxtlar həmin torpaq sahəsini icarəyə verdiyini, bu günədək həmin torpaq sahəsinin Rahilənin istifadəsində olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Çərçiboğan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 130 nömrəli arayışından görünür ki, X4 rayon Çərçiboğan kəndində yaşayıb və vəfat etmiş, mərhumun vərəsələri aşağıdakı kimidir.
1. Mərhum atası X13
2. Mərhumə anası X14
3. Mərhumə bacısı X19
4. Mərhum qardaşı X15
5. Mərhum qardaşı X20
6. X3
7. Bacısı Ərizəçi
8. Mərhum qardaşı X22
9. Mərhum qardaşı X23 - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2000-ci ildə vəfat etmiş X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş X6 Şərur rayon Çərçiboğan kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1995-ci il tarixində Şərur rayon Çərçiboğan kəndində miokard infakt səbəbindən vəfat etmişdir. - JN – 176A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, 0.11 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 07 nömrəli qərarı əsasında X7 mülkiyyətinə verilmişdir. - X8 xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2000-ci ildə vəfat etmiş mərhum X6 miras qalmış əmlakı qəbul etmədiyini, həmin mirasdan heç bir pay tələbinin olmadığını, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmayə salınmasını istəmədiyini, həmin mirasdan bacısı Ərizəçi xeyrinə imtina etdiyini, həmin miras əmlakdan pay tələbi üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəyini bildirmişdir. - İliç rayon Dərvişlər kənd soveti tərəfindən verilmiş xx.xx.1982-cü il tarixli İİ-ЖГ № 472788 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X16 arasında xx.xx.1982-ci il tarixdə 8 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Nağıyeva” soyadı verilmişdir; - Şərur rayon Dərvişlər kənd i-n tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli V-ЖГ № 344408 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2000-ci ildə Şərur rayon Çərçiboğan kəndində miokard infakt səbəbindən vəfat etmişdir; - Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 374843 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2009-cu ildə Şərur rayon Çərçiboğan kəndində ürək dayanması səbəbindən vəfat etmişdir; - Naxçıvan şəhər VVAQ idarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli İV-ЖГ № 457759 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1996-cı ildə Naxçıvan şəhərində beyinə qansızma səbəbindən vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X13 xx.xx.1996-cı il tarixində Şərur rayon Çərçiboğan kəndində miokard infakt səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X25 xx.xx.1987-ci il tarixində Şərur rayon Çərçiboğan kəndində ağciyər- ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X15 xx.xx.2021-ci il tarixində Şərur rayon Çərçiboğan kəndində tənəffüs yollarında qanaxma səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X22 xx.xx.1999-cu il tarixində Şərur rayon Çərçiboğan kəndində böyrək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Çərçiboğan kəndində yerləşən sözügedən miras əmlak xüsusi mülkiyyət hüququ üzrə mərhum X7 məxsus olmuş, o xx.xx.2000-ci il tarixdə öldükdən sonra bacısı Ərizəçi həmin miras qalmış əmlaka sahiblik etməklə, faktiki olaraq idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın ikinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələrilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin bacıları və qardaşları kinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23.02.204-cü il tarixdə ölmüş mərhum X6 miras qalmış Şərur rayon Çərçiboğan kəndində yerləşən 0.11 ha torpaq sahəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə ölmüş mərhum X6 miras qalmış Şərur rayon Çərçiboğan kəndində yerləşən 0.11 ha torpaq sahəsinin bacısı Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev