Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-444/2025 02.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X13 Elmar oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mülkiyyətində olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, X2 və Cavabdeh3 onun mülkiyyətində olan **********49- 10301 reyestr nömrəli Şərur rayon Kürkənd kəndində yerləşən 0.1237 ha torpaq sahəsinin üzərində tikilmiş 52.33 m² sahəsi olan 2 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbu ledilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, 19 avqust 2013-cü il tarixdə mərhumə anası X4 öz mülkiyyətində olan Şərur rayon Kürkənd kəndi ərazisində yerləşən 0.1237 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 37.53 m² yaşayış sahəsi, 14.80 m² köməkçi sahədən ibarət fərdi yaşayış evini ona bağışladığını, əmlakı barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış və Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 iyul 2013-cü il tarixli **********49-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu verildiyini, mülkiyyətində olan fərdi yaşayış evində cavabdehlər yaşasalar da, həyətyanı torpaq sahasindən onun istifadə etdiyini, son zamanlar isə cavabdehlərin həmin həyətyanı torpaq sahəsindan istifadə etməyinə maneələr yaratdıqlarını,dəfələrlə onlara onun mülkiyyətində olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxmalarını tələb etsə də, onların onun tələbinə məhəl qoymayaraq onun mülkünü qanunsuz olaraq zəbt etdiklərini, belə olan halda cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi çıxarılmalarının qərarına gəldiyini bildirmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı verdiyi izahatında iddiasını müdafiə etdiyini, Cavabdeh1 onun qardaşı, Cavabdeh3 qardaşının oğlu, Cavabdeh2 isə qardaşının arvadı olduğunu, qeyd olunan əmlakın anasının ona bağışladığını, həmin evdə təsərrüfatbaşına qeydiyyat kitabında başqa kiminsə qeydiyyatda durmadığını, cavabdehlərin kəndə 2011-ci ildə gəldiklərini, onların 1993-cü ildən Rusiya Fedarasiyasına getdiklərini, oradakı evlərini satdıqlarını, digər qardaşının ona və anasına həmin həyətdə ev tikdiyini, yəni Şərur rayon Kürkənd kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsində 2 evin olduğunu, bu evlərdən birinin onların baba evi olduğunu (hazırda cavabdehlərin yaşadığı), birinin isə qardaşı tərəfindən tikildiyini, yeni tikilən evdə özünün və anasının yaşadığını, cavabdehlərin isə 2011-ci ildə kəndə gəldikləri zaman yaşayış yerləri olmadığından anasının razılığı ilə baba evlərinə köçüb yaşadıqlarını, həmin baba evlərinin 2013-cü ildə anası tərəfindən özünə bağışlanıldığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 verdiyi izahatında iddianı qəbul etmədiyini, həyətlərində atadan qalan iki yaşayış evinin olduğunu, 2015-ci ildə anasının ölümündən sonra iddiaçının evi saxta yolla adına keçirtdiyini, atasının 1972-ci ildə vəfat etdiyini, anasının isə 2013-cü ildə evi bağışladığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh3 izahatında iddianı qəbul etmədiyini, yaşamağa başqa yerinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və məhkəmə baxış iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq digər Cavabdeh2 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarına əlavə olunmuş19 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 MR DƏDRX-nin ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışına və xx.xx.2013-cü il tarixli 2056 saylı arayışına əsasən ona məxsus Şərur rayon Kürkənd kəndində yerləşən 0.1237 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi 52.33 kv m yaşayış sahəsi və 37.53 kv m olan 2 otaqlı fərdi yaşayış evini qızı İddiaçı bağışlamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şərur rayon Kürkənd kəndində 0.1237 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.53 m² yaşayış, 14.80 m² köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21/4 nömrəli reyestr kitabının 692 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Şərur rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış-məlumatdan görünür ki, Şərur rayon Kürkəndi kənd sakini Cavabdeh1 2012-ci il tarixdən abonent kimi qeydiyyatda duru və hal-hazırda elektrik sərfiyyatı həmin vətəndaşın adından ödənilir. İş materiallarına əlavə olunmuş Naxçıvan Resgional “ASAN xidmət” mərkəzi. Kammunal (Qaz) Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şərur rayon Kürkəndi kəndində qaz sayğacı G4 markalı smart tipli zavod nömrəsi (5060643) olan qaz alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına bağlanılmış, həmin ildən qaz ödənişləri Cavabdeh1 adına ödənilir. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddiaçının anası mərhum X5 öz sağlığında, yəni 19 avqust 2013-cü il tarixdə öz mülkiyyətində olan Şərur rayon Kürkənd kəndi ərazisində yerləşən 0.1237 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 52.33 m² olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlaması, həmin fərdi yaşayış evinin hazırda İddiaçı mülkiyyətində olması, həmin fərdi yaşayış evində 2011-ci ildən etibarən Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə (oğlu- Cavabdeh3 və arvadı-Cavabdeh2) mərhum X5 razılığı əsasında yaşamaları, sözgedən əmlak üzrə 2013-cü il tarixdə mülkiyyətçi dəyişdikdən sonra cavabdehlərin yeni mülkiyyətçi ilə həmin evdən istifadəyə dair hər hansı bir razılaşmalarının olmaması işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçının mülkiyyətində olan Şərur rayon Kürkənd kəndində yerləşən 0.1237 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi 52.33 kv m yaşayış sahəsi və 37.53 kv m olan 2 otaqlı fərdi yaşayış evindən cavabdehlərin məcburi qaydada çıxarılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddiaçının ona məxsus yaşayış sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları ilə bağlı tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə cavabdehlərin həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinə qiymət verilməlidir. Tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, hazırkı mübahisə üzrə cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri onların mübahisə predmeti olan yaşayış sahəsinə köçdükləri 2011-ci il tarixindən başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda, Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Dogər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən isə Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Məhkəmə iş üzrə müəyən edilmiş faktiki hallara qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun qiymət verərək hesab edir ki, İddiaçı ilə mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə cavabdehlər arasında yazılı formada tərtib olunmuş razılaşmanın olması, həmin razılaşmanın notariat qaydada təsdiq edilməsi və yaxud tərəflər arasında bağlanmış hər hansı bir razılaşmanın olması iş materialları ilə təsdiq olunmadığından, həmçinin cavabdehlər iddiaçının ailə üzvü olmadığından, o cümlədən onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmalarını tələb etmək hüququ olan şəxslərdən biri olmalarını sübut edə bilmədiklərindən, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının olması istisna edilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2011-ci ildə Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə (oğlu-Cavabdeh3 və arvadı-Cavabdeh2) mərhum anası X5 razılığı əsasında mübahisə predmenti olan yaşayış sahəsinə köçsə də, bu razılıq mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən hər hansı bir yazılı razılaşma ilə müəyyənləşdirilməmiş, Cavabdeh1 mübahisə predmenti olan yaşayış sahəsində anası ilə birgə yaşamamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh1 2011-ci ildə mübahisə predmenti olan yaşayış sahəsinin mülkiyyətçisi olmuş mərhum anası X5 "onunla birgə yaşayan ailə üzvü" statusunda olmamış, yəni o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsaslanan "mülkiyyətçi ilə birgə yaşayan ailə üzvü" kimi mübahisə predmenti olan yaşayış sahəsindən istifadə hüququ qazanmamışdır. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə Cavabdeh1 iddiaçının anaları öldükdən sonra ona məxsus əmlakı qanunsuz yolla adına keçirtməsi ilə bağlı etirazlarına əsasən qeyd etməyi zəruri hesab edir ki, onun bu etirazılarının tərəflər arasında olan hazırki mübahisənin həlli ilə bağlı hüquqi bir əhəmiyyəti yoxdur. Belə ki, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehlərin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus mənzildən cavabdehlərin çıxarılmasını və mənzilin onun vəsaiti hesabına boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçıya məxsus mənzildə olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; -İddiaçı mülkiyyətində olan Şərur rayon Kürkənd kəndində yerləşən 0.1237 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 52.33 m2 olan 2 otaqlı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şərur rayonu Kürkənd kəndində 0,1237 ha torpaq sahəsində yerləşən bir mətəbəli 2 otaqlı 37.53 m2 olan fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. İddia təmin edildiyindən 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-444/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-444/2025
02.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver