Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-486/2022 08.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlaka çəkilmiş xərcin və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət həmkəndliləri Həsənqulu və Hüseyndən pul ilə aldığı, lakin sənədləşdirmədiyi torpaq sahəsi üzərində apardığı tikinti işlərinə çəkdiyi xərc kimi 20000 manat və bu illər üçün mənəvi ziyan kimi 10000 manat cəmi, 30000 manatın Cavabdeh alınaraq onun xeyrinə ödnənilməsi barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, mərhum həmkəndlisi X1 1999-cu ildə 900 kv.m həyətyanı torpaq sahəsini 1000 ABŞ dollarına aldığını, torpağı alan vaxtı Həsənqulu torpaq sahəsinin qardaşı Cavabdehə məxsus olduğunu bildirdiyini, bu söhbətlərdə Hüseynin də iştirak etdiyini, torpağın sənədini ona verdiyini, kənd yerində hamı bir-birini tanıdığını, tanıdığına görə torpağı adına sənədləşdirmədiyini, lakin aldığı gündən indiyədək təsərrüfat təyinatlı istifadə etdiyini, torpaq sahəsində tövlə və əlavə tikili tikərək mal-qara saxladığını, həmin torpaq sahəsindən anbar kimi istifadə etdiyini, Cavabdehin Şərur Rayon Məhkəməsində iddia qaldıraraq torpaq sahəsinin boşaldılmasını tələb etdiyini, torpağın sənədlərlə onun mülkiyyətində olduğunu, lakin bütün kənd sakinləri həmin torpağı özünün aldığını və 23 il ərzində istifadə etdiyini, həmin torpaqdan çıxarılacağı təqdirdə torpaq sahəsi üzərində olan tikililərə və abadlaşdırılmasına çəkmiş olduğu 20000 manat xərci tələb etməyə haqqı olduğunu, həmçinin torpaqdan çıxası olsa xeyli gəlirini, hətta ailəsinin dolanışığını itirəcəyini, ailəsinin dolanışığı mal-qara və həyətdə satmaq üçün dəmir və ehtiyyat hissələri olduğunu, başa yerə köçdükləri halda mal-qara saxlamaq və şəraiti düzəltmək üçün müddət və pul lazım olduğundan ailə büdcəsinin gəlirindən məhrum olacağını, bunu nəzərə alaraq Hüsyndən 10000 manat mənəvi ziyan tələb etdiyini bildirmişdir. İddiaçı və iddiaçının vəkili xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə göndərərək həmkəndliləri Həsənqulu və Hüseyndən pul ilə aldığı, lakin sənədləşdirmədiyi torpaq sahəsi üzərində apardığı tikinti işlərinə çəkdiyi xərc kimi 34000 manat və bu illər üçün mənəvi ziyan kimi 10000 manat cəmi, 44000 manatın Cavabdeh alınaraq onun xeyrinə ödnənilməsi barədə dair qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə artırılmış iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və çıxışında iddia ərizəsində qeyd olunan halları təsdiqləyərək əlavə olaraq Cavabdehin Şərur Rayon Məhkəməsində ona qarşı torpaq sahəsinin boşaldılması ilə bağlı iddia qaldırdığını və onun iddiasının təmin oldunduğunu, torpaq sahəsinin üzərində tikdiyi tikililərin dəyərinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, bir nəticə əldə olunmadığını, ona görə də məhkəməyə müraciət etdiyini, torpağın sənədinin əslinin onda olduğunu və ərizəsinə əlavə etdiyini, əgər o torpaq ona satılmayıbsa, Hüseynin xəbəri yoxdursa torpağın sənədlərinin ona niyə verildiyini, ötən 20 ildə o qədər tikinti aparanda niyə cavabdehin etiraz etmədiyini, əslində isə həmin torpaq sahəsinin Həsənqulu və Hüseyndən aldığını bütün kəndin bildiyini, səhvinin torpağı sənədləşdirmədiyinin olduğunu, buna görə də indi torpağın ondan alındığını, onun da məcbur qalıb çəkdiyi xərci tələb etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, həmin torpaq sahəsinin ona aid olduğunu sonradan bildiyini, torpağın alqı-satqısından məlumatının olmadığını, iddiaçı indiyə qədər özünə aid olmayan torpaq sahəsində işlər görərək gəlir əldə etdiyini, bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında mən 1987-ci ildən Aralıq kəndinin icra nümayəndəsi,1997-2000-ci illərdə kolxoz sədri, 2000-2005-ci illərdə Aşağı və Yuxarı Aralıq kəndlərinin icra nümayəndəsi vəzifəsində işlədiyini, 2005-ci ildən isə Aşağı Aralıq kəndinin icra nümayəndəsi olduğunu, sözü gedən torpaq sahəsini 1988-ci ildə kolxoz sədri tərəfində müharibə veteranı Babayev Hüseynə verildiyini, Babayev Hüseyn həmin torpaq sahəsini istəmədiyindən İddiaçı qardaşı Cəfərov Eyvaza verdiyini, Sonra Eyvaz torpaq sahəsini Talıb Həsənquluya satdığını, Həsənqulunun adına torpaq sahəsi olduğu üçün onu Cavabdehin adına sənədləşdirdiklərini, Həsənqulu və qardaşları başqa torpaq sahəsi alaraq Hüseynə verdiklərini, Həsənqulu bir müddət orada əkinçiliklə məşğul olduğunu, Həsənqulu torpaq sahəsini 20-25 il olar ki, Əliyə satdığını, torpaq satılan vaxtı Hüseynin kənddə olduğunu, Hüseynin torpaq sahəsinin satıldığını bildiyini, Həsənqulu Hüseynə öz yerlərində torpaq verdiyini, indi Həsənqulunun oğlu Hüseynə həmin torpağı vermədiyini, mübahisənin burdan yarandığını, həmin vaxt torpaq sahələri çox ucuz olduğundan satılanda sənədləşdirmə aparılmadığını, sadəcə torpaq sənədlərinin alıcıya verildiyini, özlərinin də bu cür torpaq satdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında 12 ildir ki, Əli ilə qonşu olduğunu, 2010-cu ildə özünün oraya köçdüyünü, Əlinin isə əvvəldən qaldığını, neçə ildir ki həmin torpağı Əlinin əkib-becərdiyini, həmişə o torpağı Əliyə məxsus bildiyini, həmin torpaq sahəsində Cavabdehi görmədiyini, Cavabdehin özünün də o ərazidə yaşadığını, indiyədək hər ahansı mübahisə yaratmadığını, İddiaçı həmin torpaq sahəsində əkinçiliklə məğul olduğunu, sonra özünə dəmir sexi açdığını, tövlə tikdirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında həmin kənddə ata evində yaşadığını, 2005-ci ildə Türkiyəyə getdiyini, 7-8 il bundan əvvəl oradan qayıtdığını, burada yaşadığı müddətdə İddiaçı həmin torpaq sahəsini əkib becərdiyini, torpaq sahəsində Cavabdehi görmədiyini, alqı-satqı barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında həmin məhəllədə yaşadığını, Əli ilə qonşu olduğunu, Əlinin həmin torpaq sahəsində işlənmiş dəmir yığıb satdığını, özünə tövlə tikərək heyvanlarlıqla məğul olduğunu, torpaq sahəsinin Cavabdehin olduğunu bilmədiyini, orada heç vaxt Cavabdehi görmədiyini, torpaq sahəsinin Əlinin olduğunu bütün kənd camaatının bildiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli JN-314A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayonu Aşağı Aralıq kəndində yerləşən 0,09 ha torpaq sahəsi Şərur rayon X3 xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə mülkiyyət hüququ əsasında ailə başçısı kimi Cavabdeh və onun ailə üzvlərinin adına qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-336/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, JN-314A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması və cavabdeh İddiaçı tərəfindən torpaqdan istifadəyə olan manelər qaldırılması barədə Cavabdeh iddiası təmin edilmişdir. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 287 nömrəli rəyindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli 03 nömrəli qərarı ilə Şərur rayonu Aşağı Aralıq kəndində yerləşən Cavabdeh mülkiyyətinə verilmiş JN- 31 4A nömrəli 0.09 ha torpaq sahəsində İddiaçı tərəfindən tikilmiş tikililərə (tövlə və ona bitişik anbar) sərf olunmuş vəsaitin ümumilikdə təqribi dəyəri 30213,95 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, şahid ifadələri, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə Şərur rayon Aşağı Aralıq kəndində yerləşən 0,09 torpaq sahəsi iddiaçı Cavabdeh və ailə üzvlərinin adına qeydə alınmışdır. Həmin torpaq sahəsi İddiaçı tərəfindən cavabdeh və onun qardaşından alınmış, lakin rəsmiləşdirilmədən torpağın mülkiyyət şəhadətnaməsi ilə birlikdə iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə torpaq sahəsinin boşaldılması və İddiaçı tərəfindən torpaqdan istifadəyə olan manelər qaldırılması barədə Cavabdehin Abdulla oğlunun iddiası təmin edilmiş və qətnamə icraya yönəldilmişdir. İddiaçı vicdanlı sahib kimi əmlaka faktiki sahiblik etmiş və istifadə hüququnu həyata keçirmişdir. İddiaçı vicdanlı sahib olaraq həmin torpaq sahəsi üzərində tikilmiş tikililərin dəyərinin ödənilməsini tələb edir. İddiaçı iddia tələbi şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinə sərf olunmuş vəsait 30213,95 manat təşkil edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. İş üzrə cavabdehin mübahisəli torpaq sahəsini iddiaçının sahibliyinə və istifadəsinə verməsi, torpağa dair mülkiyyət sənədlərinin iddiaçıya verməsi, şahidlərin ifadələrində göstərdikləri hallar, iddiaçı tərəfindən aparılan tikinti işlərinə cavabdehin heç bir etiraz etməməsi, 20 ildən sonra maddi səbəblərdən torpağa mülkiyyət hüququnun onun adına qeyd edilməsini əsas gətirərək əvvəlki rəftara zidd hərəkətlər etməsi iddiaçının vicdanlı sahib kimi hüquqlarının qorunması zərurətini yaratmışdır. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbayca Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında (27 oktyabr 2004-cü il, 08 may 2008-ci il, 15 sentyabr 2014-cü il) vicdanlı sahibin hüquqlarının mülkiyyətçinin hüquqları qədər qorunmalı olduğunun zəruriliyinə diqqət çəkmişdir. İş materiallarndan da göründüyü kimi, iddiaçının tələbi aparılmış tikinti-quraşdırma işləri ilə bağlıdır. Həmin yaxşılaşdırılmaların isə əmlaka zərər yetirilmədən ayrılması mümkün deyildir. Buna görə də çəkilmiş xərclərin ödənilməsi hissəsində iddia ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə əsaslıdır. Əks mövqe cavabdehin əsassız varlanmasına, iddiaçının isə vicdanlı sahib kimi hüquqlarının pozulmasına səbəb olardı. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İş üzrə bu halların mövcudluğu sübut olunmadığından məhkəmə iddianı həmin hissədə əsassız hesab edir. Belə ki, iş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını sübut edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı vicdanlı sahib olduğundan torpaq sahəsindəki tikililər üçün çəkdiyi 30213,95 manat xərc faydalanan şəxs olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ilkin iddia tələbi üzrə 180 manat dövlət rüsumu ödənildiyindən, artırılmış iddia tələbi üzrə ödənilməli rüsumunun məbləği 222 manat təşkil etdiyindən, iddiaçı tərəfindən isə iddia tələbinin artırılması zamanı ona uyğun olaraq əlavə 42 manat ödənilmədiyindən və iddia qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə münasibətdə cavabdehdən tutulmalı 152 manatın 42 manatı dövlət büdcəsinə, 110 manatı isə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Aşağı Aralıq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 30213,95 manat (otuz min iki yüz on üç manat doxsan beş qəpik) çəkilmiş xərc və 110 (bir yüz on) manat dövlət rüsumu tutularaq Şərur rayon Aşağı Aralıq kəndində yaşayan İddiaçı, 42 (qırx iki) manat dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-486/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-486/2022
08.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver