Məhkəmə qərarları › İş №2(110)-498/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-498/2022

20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-498/2022 20.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh Xəyyam qızının iştirakı ilə, İddiaçı Cavabdeh Xəyyam qızına qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 514 № ilə qeydə alınmış X2 ilə Cavabdeh Xəyyam qızı arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi X2 ilə Cavabdeh Xəyyam qızı arasında xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 514 № ilə nikahın qeydə alındığını, onların bu nikahından bir övladları – X3 doğulduğunu, Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-112/2022 nömrəli qətnaməsinə əsasən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini və Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 14 saylı qərarına əsasən X1 onun, yəni atası İddiaçı qəyyumluğuna verildiyini, bu səbəbdən nikahın X1 qanuni hüquqlarını pozduğunu və nikahın etibarsız hesab edilməli olduğunu bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərilən halları təsdiqləmiş və əlavə olaraq X2 ilə Cavabdeh Xəyyam qızının birgə nikahından doğulmuş uşağın saxlanması üçün aliment ödənildiyini, birgə nikahları dövründə heç bir əmlak əldə olunmadığını, dövlət rüsumunun özünə aid olunmasını bildirib məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Xəyyam qızı izahatında və verilmiş suallara cavabında X2 ilə birgə nikahları dövründə heç bir əmlak əldə olunmadığını, bir uşaqları olduğunu, uşağın onunla birlikdə yaşadığını, uşağın saxlanması üçün ona aliment ödənildiyini və iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 14 nömrəli qərarından görünür ki, X2 anadangəlmə oliqofreniya (əqli gerilik) xəstəsi olduğu üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-112/2022 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən atası İddiaçı qəyyumluğuna verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli AZ-ll № 256562 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh Xəyyam qızı arasındakı nikah xx.xx.2018-ci il tarixdə 514 № ilə bağlanmışdır. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli AZ-lll № 963236 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh Xəyyam qızı xx.xx.2018-ci il tarixdə doğulmuş X3 valideynləridir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 ilə Cavabdeh Xəyyam qızı xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşdur. X1 əqli geriliyi olduğundan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-112/2022 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə atası İddiaçı qəyyumluğuna verilmişdir. Tərəflərin izahatına əsasən birgə nikah dövründə heç bir əmlak əldə olunmamışdır. Beləliklə, iddiaçının nikahın etibarsız sayılmasında hər hansı əmlak marağı olmadığı müəyyən olunmuşdur. Məhkəmə işin bütün faktiki hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normalari ilə əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.4-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu məcəllənin 10 -12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə görə etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1.4-cü maddəsinə görə nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Məhkəmə işin hallarına yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edərək hesab edir ki, nikahın etibarsız sayılması üçün kifayət qədər əsaslar olduğundan X2 ilə Cavabdeh Xəyyam qızı arasında qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının fikri nəzərə alındığından 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X2 ilə Cavabdeh Xəyyam qızı arasında 3 saylı Bakı ASAN Xidmətinin Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2018-ci il tarixli 514 nömrəli nikah etibarsız hesab edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar