Məhkəmə qərarları › İş №2(110)-569/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-569/2024

26.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-569/2024 26.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndə-vəkili Vəkil iştirakı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi və payın müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildə vəfat etmiş mərhum ərindən- X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsin və həmin əmlakın 1/3(üçdə bir) hissəsinə pay hüququnun tanınmaqla naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndə-vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək miras qalmış əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlaklardan MH ******* nömrəli torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsi nəzərə alənmaqla ona ½ payın tanınmaqla miras əmlaklara 1/3 hissəsinə pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlərin atası X1 ilə 2013-cü ilin mart ayının 18-də rəsmi nikaha girməklə ailə həyatı qurduqlarını, nikahlarının isə Şərur rayon Qeydiyyat Şöbəsində 39 nömrə ilə qeydiyyata alındığını, birgə nikahdan övladlarının olmadığını, ailə qurduqdan sonra mərhum ərinə məxsus Şərur rayonu Kürçülü kəndində yerləşən fərdi yaşayış evində yaşadıqlarını, hal-hazırda həmin evdə yaşadığını, mərhum əri X5 2020-ci ilin noyabrı ayında vəfat etdiyini, ondan Şərur rayonu Kürçülü kəndində 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaqdakı payı və həmin kənddə 0.0401 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin miras qaldığını, mərhum ərinin vəfatından sonra həmin evdə yaşayaraq mirası faktiki qəbul etdiyini, lakin qanunvericilikdən anlayışı olmadığı üçün bu hüququnu rəsmiləşdirmədiyini, sonradan mərhum ərinin övladlarının yəni, cavabdehlərin müvafiq tələblə məhkəməyə müraciət edərək mərhum ərindənatalarından qalmış mirası qəbul edərək həmin əmlaka pay hüququ əldə etdiklərini, lakin yuxarıda qeyd etdiyi səbəblərdən bu hüququnu rəsmiləşdirə bilmədiyini, hazırkı vəziyyətdə isə cavabdehlərlə eyni evdə yaşamağın mümkünsüz hala gəldiyini, bu səbəbdən də müvafiq tələblə iddia qaldırmağa məcbur olduğunu bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini və əlavə olaraq iddiaçın mirasın qəbul edilməsi ilə bağlı Şəur Rayon Məhkəməsinin preyudisial əhəmiyyətli qətnaməsi olduğunu, qətnaməni iddia ərizəsinə əlavə etdiyini, həmin işdə nümayəndəsi olduğu iddiaçının cavabdeh kimi çıxış etdiyini, məhkəmə qətnaməsində Ruhiyyənin də mirası qəbul etməsi müəyyən edildiyini, lakin Ruhiyyə iddia qaldırmadığı üçün, işə iddia tələbi hüdudlarında baxan məhkəmə bu iş üzrə cavabdehlərin mirasın qəbulu və 1/3 payını müəyyən etdiyini, ötən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 da Ruhiyyənin mirası qəbul etməsini bildirdiyini, buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını, Ruhiyyənin də mirası faktiki qəbul etməklə miras kütləsinə 1/3 payının tanınmasını, miras kütləsindən birgə nikahda olan zaman əldə olunmuş torpaq sahəsinə ½ payının olması nəzərə alınmaqla yerdə qalan ½ paya da 1/3 payının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdehlərdən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini, İddiaçı tərəfindən də mirasın qəbul edildiyini, lakin aralarında həmin əmlakları naturada bölə bilmədiklərini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İ № 750752 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə beyin ödemindən ölmüşdür. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-192 Kod 10214058 nömrəli dövlət aktının surətindən görünür ki, X8 ailə başçısı olmaqla X6, Cavabdeh1, X3 Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 6 nömrəli qərarı ilə 0.91 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şərur rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ № 688839 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsin xx.xx.2016-cı il tarixli, MH0050501 nömrəli çıxarışından görünür ki, Şərur rayon Kürçülü kəndində yerləşən yaşayış məntəqələrinə aid 0.0401 ha torpaq sahəsi **********62 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)- 586/2021 nömrəli qətnaməsinin (hakim S.Qarayev) surətindən görünür ki, Şərur Rayon 2 Saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 14 nömrəli və xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarları ləğv edilməsi və X1ndan miras qalmış əmlakın Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbulu nəzərə alınmaqla, onların hər birinin miras əmlakda payı 1/3 (üçdə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X2 rayon Kürçülü kəndində beyin ödemindən vəfat etdikdən sonra onun həyat yoldaşı - İddiaçı, oğlu Cavabdeh1 oğlunun və qızı Cavabdeh2 onun vərəsələri olması iş materialarında olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 263 nömrəli, xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur. Vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 X1ndan qalan miras əmlakı notariat ofisinə ərizə verməklə, həyat yoldaşı cavabdeh İddiaçı isə miras əmlaka faktiki sahiblik etməyə başlamaqla qəbul etmişlər. Həmçinin məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün qətnamədə digər vərəsə İddiaçı mirası qəbul etməsi faktını müəyyən edə bilmir və hazırkı qətnamə gələcəkdə həmin şəxsin mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Şərur Rayon Şöbəsi xx.xx.2024-cü il tarixli 03/60 nömrəli məktubundan görünür ki, X1 daxil olmaqla 4 nəfərdən ibarə ailə üzvlərinə Kürçülü kəndində JN 192 nömrəli dövlət aktı ilə 9080.64 kv.m kən təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmış, JN 123A nömrə ilə verilmiş 1272.64 kv.m həyətyanı torpaq sahəsinin Şərur Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(110)-287/2012 nömrəli qətnaməsi ilə 634.05 kv.m-i, Kürçülü bələdiyyəsinin qərarı ilə ümumi sahəsi 0.0401 ha olan **********62 reyestr nömrəli torpaq sahəsi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydiyyata alınmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının nümayəndəsinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X8 xx.xx.2020-ci il tarixdə Şərur rayon Kürçülü kəndində beyin ödemi səbəbindən vəfat etdikdən sonra onun sonuncu nikahda olan arvadı İddiaçı, əvvəlki nikahından olan oğlu Cavabdeh1 və qızı Cavabdeh2 onun vərəsələri olması müəyyən olunmuşdur. Vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 X1ndan qalan miras əmlakı notariat ofisinə ərizə verməklə, həyat yoldaşı cavabdeh İddiaçı isə miras əmlaka faktiki sahiblik etməyə başlamaqla qəbul etmişlər. Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-586/2021 nömrəli qətnaməsi (hakim S.Qarayev) ilə mərhumun əvvəlki nikahından olan oğlu Cavabdeh1 oğlunun və qızı Cavabdeh2 mirasda üçdə bir payı müəyyən edilmiş, İddiaçı mirası qəbul etməsi müəyyən edilsə də məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün qətnamənin nəticə hissəsində İddiaçı mirası qəbul etməsi və payının müəyyən edilməsini göstərməmiş, ona mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən mirasın faktiki qəbul olunması işin mübahisəsiz halıdır, həmçinin Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-586/2021 nömrəli qətnaməsində məhkəmə tərəfindən müəyyən edilmiş haldır, payların müəyyən olunması hissəsində isə digər iki vərəsinin üçdə bir payı tanındığından qalan üçdə bir paya da İddiaçı miras payı tanınmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, miras əmlak kütləsinə daxil olan torpaq sahələrindən biri - X8 daxil olmaqla 4 nəfərdən ibarə ailə üzvlərinə Kürçülü kəndində JN 192 nömrəli dövlət aktı ilə 9080.64 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhumun əvvəlki nikahından olan arvadı və 2 uşağının mülkiyyətindədir. Bundan başqa 0.0401 ha olan **********62 reyestr nömrəli digər torpaq sahəsi isə mərhumun iş üzrə İddiaçı ilə nikahda olduğu xx.xx.2016-cı il tarixdə alınmışdır. Yəni həmin torpaq sahəsində iddiaçının miras payı ilə yanaşı, birgə nikahda əldə olunmuş əmlak kimi ½ payla mülkiyyət hüququ da vardır. Məhkəmə məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı növbəlik əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş, lakin vərəsəlik hüquq münaasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilməli, iddiaçının miras kütləsinə daxil olan hər bir torpaq sahəsi üzrə mərhuma çatan paya münasibətdə üçdə bir payı müəyyən edilməli, birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə ikidə bir payı tanınmaqla, qalan ikidə bir paya üçdə bir miras payı müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının cavabdehdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən dövlət rüsumu iddiaçıa aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci ildə vəfat etmiş X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddiaçı miras əmlakda ⅓ (üçdə bir) payı müəyyən edilsin. Miras əmlaklar üzrə: Şərur rayon Kürçülü kəndində yerləşən JN 192 nömrəli dövlət aktı ilə X1 daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 9080.64 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X7 çatan ¼ payda İddiaçı ⅓ payı (ümumi torpaq sahəsi üzrə on ikidə bir payı) müəyyən edilsin. Şərur rayon Kürçülü kəndində yerləşən JN 123A nömrəli nömrəli dövlət aktı ilə verilmiş həyətyanı torpaq sahəsinin Şərur Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(110)-287/2012 nömrəli qətnaməsi ilə X7 ayrılmış 634.05 kv.m hissəsinə İddiaçı ⅓ (üçdə bir) payı müəyyən edilsin. Şərur rayon Kürçülü kəndində yerləşən X5 xüsusi mülkiyyətində olan **********62 reyestr nömrəli 0.0401 ha torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsi və İddiaçı özünün ½ payının olması müəyyən edilməklə həmin torpaq sahəsində X7 çatan ½ payda İddiaçı ⅓ payı (torpaq sahəsi üzrə İddiaçı altıda dörd payı, Cavabdeh1 və Cavabdeh2 hər birinin altıda bir payı) müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar