Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-578/2023 19.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndə-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh öz mülkiyyətində olan Şərur rayonunun Ələkli kəndində yerləşən evinin tərkib hissəsində yaşayış və istifadə hüququna 5000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə təqdim edərək kompensasiya məbləğini artıraraq 6000 manat təklif etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Naxçıvan Muxtar Respublikası daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə onun adına verilmiş **********505-10301 reyestr nömrəli çıxarışa əsasən Şərur rayon Ələkli kəndində 0.2108 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,76 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsus olduğunu, həmin yaşayış evinin əvvəllər istifadə hüququ üzrə atası X4 adına olduğu müddətdə böyük qardaşı X6 xx.xx.1996-cı il tarixində Cavabdeh ilə nikaha daxil olduğunu, cavabdehin el adətinə uyğun olaraq gəlin qismində həmin yaşayış sahəsinə köçürərək qeydiyyata aldırdıqlarını, xx.xx.1997-ci ildə onların birgə nikahlarından X1 və xx.xx.1998-ci ildə isə X5 doğulduğunu, 2000-ci ildə qardaşı Şahin Abbasov Cavabdeh və övladları ilə qardaşı X2 evinə köçərək 2009-cu ilədək orada yaşadıqlarını, sonradan yenidən ona aid mənzilə köçüb qısa müddət orada yaşadıqlarını, onlar qardaşı Fəhradın evindən yenidən onun evinə köçməzdən hələ 2 il əvvəl yəni 2007-ci ildə atası X10 oglu mübahisəli evi ona bağışladığını, mənzil onun mülkiyyətinə keçdikdən sonra qardaşı ailəsi ilə köçərək həmin evdə yaşadığını, son illərdə cavabdehin qardaşı ilə yola getmədiyindən Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-76/2022 nömrəli qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, hələ nikah pozulmadan cavabdehin atası evinə köçdüyünü, qardaşı ilə cavabdehin birgə nikahdan olan uşaqların böyüdüyünü, qızının ailə quraraq ayrı yaşadığını, oğlu isə atası ilə onun mülkiyyətində olan evdə yaşadığını, cavabdehin davadalaş salması səbəbindən onunla yaşamaq istəmədiyini, cavabdeh aralarında olan nikah pozulduqdan sonra ona və atasına qarşı iddia qaldırdığını, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-86/2023 nömrəli qətnaməsi ilə onun mülkiyyətində olan evdə yaşamaq və istifadə hüququ təmin edildiyi, cavabdehlə kompensasiya verməklə yaşamaq və istifadə hüququna xitam verilməsi barədə razılığa gəlmək istəsə də cavabdehin onunla razılaşmadığını, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndə-vəkili Vəkil izahatında və ona verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq rəylə razı olduğunu,halhazırda həmin evə 4 nəfərin istifadə hüququnun olduğunu, evin dəyərinin 20000 manat olduğunu, cavabdehin təklif etdiyi 10000 manatla razılaşmadıqlarını, kompensasiya məbləğinin artıraraq 6000 manat təklif etdiklərini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, kənddə torpağın qiyməti 12 min manatdan başladığını, qalacaq yerinin olmadığını, təklif olunan məbləğ ilə razı olmadığını, həmin evə xərc qoyduğunu, çəkdiyi xərclərin əvəzi də daxil olmaqla 10000 manata razı olduğunu bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 86/2023 nömrəli qətnaməsinin sürətindən görünür ki, iddiaçı Cavabdeh haliyyədə İddiaçı mülkiyyətində olan Şərur rayon Ələkli kəndində yerləşən yaşayaış sahəsindən istifadə hüququ verilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(108)- 63/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Şərur Rayon Məhkəməsinin 6.02.2023-cü il tarixli 2(110)-86/2023 nömrəli qətnaməsindən verilən şikayət təmin edilməmişdir. İş materiallarında olan olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, Şərur rayon Ələkli kəndində yerləşən İddiaçı mülkiyyətində olan yaşayış evinin orta bazar qiyməti 20800 manat təşkil edir. İş materiallarında olan olan Şərur Rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 55 nömrəli məktubundan görünür ki, Şərur rayonunda şəraitindən asılı olaraq fərdi yaşayış evlərinin qiyməti 5500-23000 manat, kirayə qiymətləri isə 90-220 manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 116/2023 nömrəli qətnaməsinin sürətindən görünür ki, Cavabdeh qaynatası X3 fərdi yaşayış evinin təmir bərpa olunmasına çəkilmiş 5795 manat pulun yarısını tələb etmiş, iş məhkəmənin icraatında olduğu vaxt cavabdeh öldüyündən iddiaçının müraciəti əsasında həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-86/2023 nömrəli qətnaməsi ilə Cavabdeh haliyyədə İddiaçı mülkiyyətində olan yaşayış evində yaşayış və istifadə hüququ verilməsi qət edilmiş, İddiaçı qətnamədən verdiyi apelliyasiya şikayəti təmin edilməmişdir. İddiaçı 5000 manat kompensasiya ödənilməklə cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evindən yaşayış və istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında kompensasiya məbləği ilə bağlı razılıq əldə olunmamışdır. Belə ki, cavabdeh 10000 manat kompensasiya ödənilməsini tələb etmiş, iddiaçı isə kompensasiya məbləğini artıraraq 6000 manatdan artıq kompensasiya ödəməyə razı olmamışdır. Məhkəmə yaşayış evinin orta bazar qiymətinin 20800 manat, həmçinin orta kirayə haqqının Şərur şəhərində təqribən 150 manat olmasını, nəzərə alaraq təklif edilən 6000 manat kompensasiyanı ağılabatan hesab edir və iddianın təmin olunması qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına görə məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Cavabdeh yaşayış sahəsindən istifadə hüqunun olması ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi olduğundan məhkəmə həmin şəxsin istifadə hüqununun yaranması ilə bağlı normaları şərh etməyi zəruri hesab etmir və bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Cavabdeh fərdi yaşayış evində yaşamağa ehtiyacı olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehə kompensasiya ödənilərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. Kompensasiya məbləği ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyini kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edibetməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsinə olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin müəyyən hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Göründüyü kimi kompensasiya institunun mahiyyəti əmlakdan pay almaq deyil, sırf yaşayış sahəsinə olan ehtiyacın müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını verməkdən ibarətdir. Şərur şəhərində orta kirayə haqqının 150 manat olmasını nəzərə alaraq təklif olunan məbləğin cavabdehə nəinki kənddə, hətta Şərur şəhərində belə 3 ildən artıq müddətdə kirayə yaşamaq imkanı verdiyi müəyyən edilir. Həmçinin məhkəmə araşdırması zamanı qiymətləndirmə ilə evin bazar dəyərinin 20800 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği evin bazar dəyərinə də münasibətdə yetərli olduğundan iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehə 6000 manat kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin cavabdehə izah edir ki, kompensasiya məbləği ilə bağlı gətirdiyi dəllilərdən biri kimi yaşayış evinə çəkilən xərclərin ayrıca iddia icraatı qaydasında yaşayış sahəsinin yeni mülkiyyətçisindən müvafiq sübutlar əsasında tələb olunması istisna olunmur. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı müharibə veteranı olduğundan, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə müvafiq olaraq müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olduğuna görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 100 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Şərur rayonunun Ələkli kəndində 0, 2108 ha torpaq sahəsi üzərində üzərində yerləşən ümumi sahəsi 75,76 kv.m olan **********05-10301 reyestr nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna İddiaçı tərəfindən 6000 (altı min) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh 100 manat (yüz manat) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-578/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-578/2023
19.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver