Məhkəmə qərarları › İş №2(110)-64/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-64/2021

08.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-64/2021 08.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan fərdi yaşayış evinə məcburi qaydada köçürülmə” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Şərur rayonu Axaməd kəndində 2928.89 m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 259.34 m olan 7 otaqlı fərdi yaşayış evində yaşamağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onun həmin evə məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə, onun nümayəndəsi və vəkilinə, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsaslanaraq, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədlərə qiymət verərək bu nəticəyə gəlir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərə əsasən izah edir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, mülki iş materialında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon idarəsinin arayışında mərhum X4 daxil olmaqla altı nəfərdən ibarət ailə üzvlərinə Şərur rayonu Axaməd kəndində 13349 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmış, eyni zamanda mərhum X3 adına Şərur rayonu Axaməd kəndində 2928.89 kv.m torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 259.34 kv.m, yaşayış sahəsi 201.38 kv.m olan 7 otaqlı fərdi yaşayış evi 19.04.2018-ci il tarixdə Naxçıvan MR Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin iş məhkəmənin icraatında olan ərəfədə Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-106/2020 nömrəli, 17 dekabr 2020-ci il tarixli qərarı əsasında mərhum X3 adına aparılan 19 aprel 2018-ci il tarixli ******* nömrəli hüquqların qeydiyyatı və həmin qeydiyyat əsasında yaranmış hüquqi nəticələrinin ləğv edilməsi öhdəliyi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuş, iddia tələbinin qeydiyyatının paylı mülkiyət şəklində aparılması öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması hissəsi mümkün sayılmamışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 05 may 2021-ci il tarixli 04/292 nömrəli arayışından görünür ki, mərhum X3 adına aparılan 19 aprel 2018-ci il tarixli ******* nömrəli hüquqların qeydiyyatı ləğv olunmuşdur. Haliyədə həmin əmlak torpaq sahəsi olaraq mərhum X4 daxil olmaqla altı nəfərdən ibarət ailə üzvlərinin adına birgə mülkiyyət kimi qalmaqdadır. Eyni zamanda İddiaçı tərəfindən mərhum X1 qalan miras əmlakı istər qanun üzrə, istərsədə vəsiyyət üzrə qəbul etməsini və buna müvafiq olaraqda vərəsəlik şəhadətnaməsini almasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş və bu imkan itirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırki iddia tələbi baxılmamış saxlanılmalı qeyd edilən hal öz həllini tapdıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmçinin iddiaçıya izah edilir ki, əgər miras qoyanın bir neçə vərəsəsi olarsa onlar birlikdə miras şərikləri olduqlarından, mirasın bölüşdürülməsinə qədər onlar həmin miras əmlakı birgə idarə edirlər və həmin əmlakın idarə edilməsi bağlı bütün qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsində qeyd edilir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə maddəsinə əsasən, İddiaçı tərəfindən 26 oktyabr 2020-ci il tarixli, 60094 №li qəbzlə "Kapital Bank"ın Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan fərdi yaşayış evinə məcburi qaydada köçürülmə” tələbinə dair dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia tələbinin baxılmamış saxlanılması üçün qeyd edilən hal öz həllini tapdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən 26 oktyabr 2020-ci il tarixli, 60094 №li qəbzlə "Kapital Bank"ın Şərur filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar