Məhkəmə qərarları › İş №2(110)-652/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-652/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-652/2023 05.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə hüquqi əhəmiyyətli qohumluq və mirasın qəbulu faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X6 və anası X1 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi atası X6 xx.xx.2017-ci ildə, anası X4 isə xx.xx.2020-ci ildə vəfat etdiklərini, onların birgə mülkiyyətində olan Şərur rayon Ərərbyengicə kəndində yerləşən Şərur Rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 1997-ci il tarixli 08 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 2 otaq, 1 mətbəxdən ibarət ümumi sahəsi 95 m2 olan yaşayış evi miras qaldığını, mərhum X6 və X5 varislərinin Nümayəndə, X12, X13, X14, Babayeva (Qənbərova) Gülgəz Mirzə qızı, Babayeva (Əliyeva) Güley Mirzə qızı və Ərizəçi olduğunu, həmin miras əmlak atası və anasının ölümündən sonra mübahisəsiz olaraq qəbul etdiyini, orada yaşayaraq bütün kommunal xərcləri ödədiyini, digər vərəslərin ailə quraraq ayrıldıqlarını, maddi imkanının aşağı olduğundan müvafiq rəsmiləşdirmə aparıb mirası sənədləşdirə bilmədiyini, miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 43 nömrəli məktubu ilə mirasın qəbul edilməsi müddəti buraxıldığından məhkəməyə müraciət etməli olduğu bildirildiyini, ona görə də məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəsi təqdim edərək, ərizəçinin doğum şəhadətnaməsində ata adı yazılmadığından X6 Ərizəçi atası olması faktının və atası X6 və anası X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə izahatında və verilmiş suallara cavabında ərizəçinin qeyd olunan halları təsdiq etdiyini, ata-anasının vəfatından sonra İsmayılın ailəsi ilə birlikdə həmin evdə yaşadığını, digər bacılar və qardaşlar arasında mirasla bağlı mübahisə olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında İsmayıl ilə qonşu olduqlarını, birinci Mirzənin sonra isə Dilarənin vəfat etdiyini, onların vəfatından əvvəl İsmayılın valideynləri ilə bərabər yaşadığını, onların vəfatından sonra İsmayılın bir müddət həmin evdə qaldığını, hazırda işləmək üçün Bakı şəhərinə getdiyini, ara-sıra gəlib evə baş çəkib qayıtdığını, İsmayılın Mirzənin ailəsində böyüdüyünü, kəndə həmin evin İsmayılın evi olduğunu bildiklərini, evin bütün xərclərini İsmayılın çəkdiyini, vərəsələr arasında mübahisə olmadığını, digər vərəsələrin özlərinə məxsus evləri olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində və verilən suallara cavabında onlarla qonşu olduqlarını, Dilarənin 2020-ci ildə vəfat etdiyini, İsmayılın valideynləri ilə birlikdə yaşadığını, valideynləri vəfat etdikdən sonra İsmayılın kəndə 2-3 ay qaldıqdan sonra işləmək üçün Bakı şəhərinə getdiyini, İsmayılın Mirzənin ailəsində böyüdüyünü, kənddə həmin evin İsmaylın evi olduğunu bildiklərini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 1997-ci il 08 nömrəli qərarı ilə Şərur rayon Ərəbyengicə kəndində yerləşən 0.38 ha həyətyanı torpaq sahəsi (JN-066A) mülkiyyət hüququ əsasında X10 və X7 məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon Ərəbyengicə İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 596228 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Ərəbyengicə İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 749906 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Ərəbyengicə kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 06/68 nömrəli arayışından görünür ki, X10 vəfat edəndən sonra onun vərəsələri Nümayəndə, X12, X13, X14, Babayeva (Qənbərova) Gülgəz Mirzə qızı, Babayeva (Əliyeva) Güley Mirzə qızı və Ərizəçi qalmışdır. İş materiallarında olan Şərur rayon Ərəbyengicə kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 10/120 nömrəli arayışından görünür ki, X9 vəfat edəndən sonra onun vərəsələri Nümayəndə, X12, X13, X14, Babayeva (Qənbərova) Gülgəz Mirzə qızı, Babayeva (Əliyeva) Güley Mirzə qızı və Ərizəçi qalmışdır. İş materiallarında olan Ərəbyengicə kənd İƏDN tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 700620 nömrəli və xx.xx.2020-ci il tarixli AZ-İ 749907 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, vərəsələrdən X14 xx.xx.2016-cı il və X12 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 43 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Naxçıvan MR-ın Dövlət Energetika Xidmətinin Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 825 nömrəli arayışından görünür ki, Ərizəçi 2021-ci ildən elektrik enerjisinin ödəyicisi kimi qeydiyyatda durur. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, Ərizəçi 2018-2023 cü il tarixlə sığorta ödənişi etmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizənin nümayəndəsinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1972-ci ildə Şərur rayon Ərəbyengicə kəndində doğulmuş, lakin doğum şəhadətnaməsində ata adı qeyd edilməmişdir. O atası ilə bir ailədə yaşamış və atası ölənə qədər özünü İsmayılın atası olduğunu etiraf etmişdir. X10 xx.xx.2017-ci il tarixdə, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Onların vərəsələri Nümayəndə, X12, X13, X14, Babayeva (Qənbərova) Gülgəz Mirzə qızı, Babayeva (Əliyeva) Güley Mirzə qızı və Ərizəçidur. Valideyinləri öldükdən sonra ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirası qəbul etməmişlər və bu barədə notarial ərizə vermişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X10 və X2 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra qohumluq faktının müəyyən olunması və mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və yazılı sübutlarla ərizəçinin X10 ilə qohumluq münasibətinin olması və mirasın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən olunmuşdur. X10 və X2 miras qalan fərdi yaşayış evində həmin şəxsin sağlığında və vəfatından sonra Ərizəçi yaşamışdır. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə də müəyyən olunmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə görə məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 Ərizəçi atası olması faktı və X10 və X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2017-ci il tarixdə ölmüş X6 xx.xx.1972-ci il tarixdə doğlumuş Ərizəçi atası olması faktı müəyyən edilsin. X10 və X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar