Məhkəmə qərarları › İş №2(110)-688/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-688/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-688/2021 10.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan mənzildən ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən 3 otaq 1 salondan ibarət olan 14.09.2018ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində adına qeydiyyata alınmaqla hüquqların dövlət dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, № 0060859, qeydiyyat nömrəsi ********** olan çıxarış aldığını, qızı Cavabdeh ailə qurduqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyünü və haliyədə ailəsi ilə birlikdə Bakı şəhər Xəzər rayon Binə qəsəbəsində yaşamasına baxmayaraq onun mənzilində qeydiyyatda olduğunu, qızının onun mənzilində qeydiyyatda olmasının onun öz mülkiyyətindən istədiyi kimi istifadə etməsinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırdığını, mülkiyyətindən istədiyi kimi istifadə edə bilmədiyini, qızına dəfələrlə mülkiyyətdində olan ünvan 1 ünvanında qeydiyyatdan çıxmasını bildirsə də, hər dəfə bir bəhanə ilə onun mənzilində qeydiyyatda olan mənzilin qeydiyyatından çıxmaqdan yayındığını, bu səbəbdəndə qızı Cavabdeh mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 08 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ərizəsində Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbi barədə iddia qaldıraraq Cavabdeh onun mülkiyyətində olan mənzildən - ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdiyini, hal-hazırda iddia tələbini dəyişdirərək Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)-688/2021 nömrəli, 08.10.2021-ci il tarixli qərardadla mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında qızının 15 ildən artıqdır ailə quraraq Bakı şəhəri, Xəzər rayon, Binə qəsəbəsində yaşadığını, onun hazırki evlə heç bir əlaqəsinin qalmadığını, ümumiyyətlə həmin evdə yaşamadığını, sadəcə qeydiyyatda olmaqla, onun mülkiyyət hüququnu məhdudlaşdırdığını, eyni zamanda qızının həmin mənzildə yaşamamasına baxmayaraq onun əvəzindən kommunal ödənişlər ödədiyini qeyd edərək, məhkəmədən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq о, məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 12 oktyabr 2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edərək məhkəmə sənədlərinin göndərilməsi üçün yaşadığı ünvanı bildirməsini istədiyini, lakin Cavabdeh ünvanını bildirməyəcəyini, Bakı şəhərində ailəsi ilə birlikdə yaşadığını, buna baxmayaraq həmin evdə onun haqqının olduğunu, anasının onu həmin evdən ona çatan paydan məhrum etmək istədiyini, iddianı qəbul etmədiyini bildirmiş, məhkəmə iclas katibi tərəfindən buna müvafiq olaraqda telefonoqram tərtib edilmişdir. Məhkəmə iddiaçının izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 14.09.2018-ci il tarixli, MH № ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Şərur şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş 1167 nömrəli, 02.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh H.Əliyev Prospekti bina 36, mənzil 30 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Şərur şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş 648 nömrəli, 31.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında qeydiyyatda olan ailə üzvləri aşağıdakılardır: 1.Cavabdeh 1962 (qızı) 2.X5 1975 (oğlu) 3.X1 1976 (gəlini) 4.X3 1995 (nəvəsi) 5.X6 1998 (nəvəsi) İş materiallarına əlavə olunmuş 12.10.2021-ci il tarixli telefonoqramdan görünür ki, məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edərək məhkəmə sənədlərinin göndərilməsi üçün yaşadığı ünvanı bildirməsini istədiyini, lakin Cavabdeh ünvanını bildirməyəcəyini, Bakı şəhərində ailəsi ilə birlikdə yaşadığını, buna baxmayaraq həmin evdə onun haqqının olduğunu, anasının onu həmin evdən ona çatan paydan məhrum etmək istədiyini, iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının qızı olması və onun ümumiyyətlə mübahisəli mənzildə yaşamaması, onun ailə quraraq ailəsi ilə birlikdə daimi olaraq Bakı şəhərində yaşaması iddiaçının izahatı ilə yanaşı, eyni zamanda iş materialında olan telefonoqramlada cavabdehin etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir, onun formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, iddiaçının həmin əmlak üzərində maneəsiz hər cür istifadə etmək hüquqlarını məhdudlaşdırır, həmçinin o, mülkiyyətindən maneəsiz istifadə edə bilmir və cavabdehə görə əlavə kommunal xidmət haqları ödəyir. Beləliklə də, həmin mənzildə yaşamayan və mənzilin saxlanmasında iştirak etməyən cavabdehin həmin mənzilə istifadə hüquqlarının saxlanması yolverilməzdir. Çünki cavabdeh hazırki mübahisəli mənzildə ümumiyyətlə yaşamamış və həmin mənzilin saxlanmasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hallar Cavabdeh mübahisə predmeti olan mənzilə istifadə hüququnun itirilməsi üçün əsasdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətində olduğundan, cavabdeh həmin mənzildə pasport qeydiyyatı olmasına baxmayaraq ümumiyyətlə həmin ünvanda yaşamadığından, mənzilə olan qeydiyyatı formal xarakter daşıdığından, iddiaçının həmin mənzilə dair hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə əsassız qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 10 (on) manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar