Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-70/2023 11.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh direktoru X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma ilə əlaqədar aylıq pul təminatının hesablanaraq ona ödənilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixli 35 saylı əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.1993-cü il tarixdə Çərçiboğan kənd 7 illik Uşaq Musiqi Məktəbinin direktorunun 23 №-li əmri ilə Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinə fortepiano müəlliməsi təyin edildiyini, xx.xx.2022-ci il tarixdə işdən azad olduğu bir günə kimi fasiləsiz olaraq həmin məktəbdə müəllimə işlədiyini, işlədiyi müddətdə tərəfindən hər hansı bir intizamsızlıq hallarına yol verilmədiyini, istər Şərur rayon Mədəniyyət İdarəsi, istərsə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məktəbimizə gələn yoxlamalar zamanı işində hər hansı bir nöqsan aşkar edilmədiyini, 2022-ci ilin iyul ayının 1-dən avqust ayının 29-dək məzuniyyətdə olduğunu, məzuniyyətdə olduğu müddətdə ailəliklə Şəki rayonunda yaşayan qohumlarını ziyarətinə getdikərini, 27 avqust 2022-ci il tarixdə Şəki şəhərindən Bakı şəhərinə gəldiklərini, 27-31 avqust tarixlərində Naxçıvan avia-reysinə bilet tapa bilmədikləri üçün xx.xx.2022-ci il tarixə əlavə reysə bilet alaraq Naxçıvana gəldiyini, Bakıda olduğu müddətdə Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə ilə mobil telefonla əlaqə saxlayaraq bilet olmadığını, ona görə də yubandığını bildirdiyini, Nümayəndə isə ona 29-dan işdə olmalı olduğumu bildirdiyini, onun vəziyyəti ona izah edərək bilet tapa bilmədiyini, ancaq xx.xx.2022-ci ilə əlavə reysə bilet ala bildiyini, işə gəlmədiyi günün pulunu isə tuta biləcəklərini bildirdiyini, Bakı şəhərindən qayıtdıqdan sonra sentyabr ayının 5 və 6-i, həftənin 1-ci və 2-ci günləri işdə olduğunu və işə davamiyyət jurnalında da həmin günlərdə işdə olmağı barədə tabelə qol çəkdiyini, məktəbin direktoru Nümayəndə 6-sı sentyabr tarixdə saat təqribən 15:00 radələrində işə gələrək kobud şəkildə təhqiramiz ifadələrlə işdən azad edildiyimi bildirərək məktəb binasını tərk etməyimi bildirdiyini, onun isə Nümayəndə işdən çıxarılmağımın səbəbini soruşduğunu, Nümayəndə üzürsüz səbəbdən işə gəlmədiyimi bildirərək əvvəlcədən ona heç bir xəbərdarlıq etmədən işdən azad olduğumu bildirdiyini, onun həmin vaxt ondan başqa heç bir söz soruşmadan çıxıb getdiyini, ondan sonra onun Şərur rayon Mədəniyyət İdarəsinə şifahi olaraq işə bərpa olunmağıma köməklik göstərilməsini xahiş etdiyini, ona Şərur rayon Mədəniyyət İdarəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən azad olduğumu bildirdiklərini, ondan sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyə Nazirliyinə gedərək yazılı surətdə ərizə ilə işə bərpa olunmağıma köməklik gösərilməsi barədə müraciət etdiyini, Naxçıvan MR Mədəniyyət Nazirliyinin xx.xx.2022-ci il tarixli 7/04 saylı cavab məktubunda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maqddəsinin “a” bbəndinə əsasən əmək vəzifələrimin kobud şəkildə pozulmasını əsas gətirərək həmin məcəllənin 70-ci maddəsinin “c” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilərək tutduğum vəzifədən azad edilməyim göstərildiyini, ondan sonra onun məktəbin direktorundan işdən azad olmağı barədə əmrin surətini tələb etdiyini, məktəbin direktorunun ona əmrin surətini verməkdən imtina etdiyini, ona görə də Şərur rayon İcra Aparatına müraciət edərək işdən çıxarılmağım barədə əmrin surətini almağıma köməklik göstərmələrini xahiş etdiyini, yalnız xx.xx.2022-ci il tarixdə işdən çıxarılmağıma dair əmrin surətini ala bildiyini, onun əmək mübahisələrindən irəli gələn işə bərpa olunmağı barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına mürtaciət etdiyini, ilkin mediasiya sessiyasının vaxtı və yeri cavabdeh Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin rəhbərliyinə bildirilsə də, Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə R-1098/2022 saylı arayış verildiyini, ona görə də işə bərpa olunmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını, onun Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən əsassız və qərəzli olaraq işdən çıxarıldığını, onun öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirdiyini və bu Məcəllənin 70-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmadığını, bu günə qədər istər Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin, istərsə də Şərur rayon Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən ona öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya bu Məcəllənin 70-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmağı barədə hər hansı bir cəza verilmədiyini, xəbərdarlıq belə edilmədiyini, onun Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən əsasız və qərəzli şəkildə işdən azad edildiyini və ona görə də Şərur rayon Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixli 35 saylı əmrinin ləğv edilməli olduğunu və onun işə bərpa olunmalı olduğunu hesab etdiyini bildirmişdir. Lakin 12 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində Şərur Rayon Məhkəməsində Şərur rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq- Musiqi Məktəbinə qarşı iddia tələbi ilə müraciət edərək, Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixli 35 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixli 35 saylı əmri işdən qanunsuz olaraq azad edildikdən sonra heç bir yerdə işləmədiyini, başqa gəlir yerinin olmadığını, bu müddət ərzində maddi cəhətdən çətinlik çəkdiyini, ona görə də Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixli 35 saylı əmri ləğv olunmalı, işə bərpa olunmaqla işdən azad olduqdan sonra məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı və s.) hesablanaraq ona ödənilməli olduğunu hesab etdiyini qeyd edərək, məhkəmədən Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixli 35 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və xx.xx.2022-ci il tarixdən işə mahiyyəti üzrə baxılıb qərar edilib qanuni qüvvəyə minən tarixədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı və s.) hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-856/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərardadı ilə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlara eyni məzmunlu izahat verməklə yanaşı əlavə olaraq izahatında 29 avqust 2022-ci il tarixdə Bakı şəhərində olduqlarını, biletin olmadığını, məcbur qalıb əlavə reysə sentyabrın 1-nə axşam reysinə bilet aldıqlarını, avqustun ayının 29-u Anar müəllim ona zəng edərək işə niyə gəlmədiyini soruşarkən səbəbini ona dediyini, həftənin birinci günü 5 sentyabr tarixdə dərsi olduğunu, həmin günü dərsə getdiyini, tabelə qol çəkdiyini, Anar müəllimin işdə olmadığını, sentyabrın 6-da yenə məktəbə getdiyini, tabelə qol çəkmək istədikdə Anar müəllimin ona işdən çıxarıldığını bildirdiyini, ondan heç bir izahat alınmadığını, həmin günü işdən çıxarıldığını öyrəndiyini, səbəbini soruşduqda heç bir cavab verilmədiyini, onunda məktəbdən getdiyini bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə baxışı iclasında iştirak edən Şərur Rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq- Musiqi Məktəbinin direktoru X2 izahatında İddiaçı Şərur Rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin fortapiano müəlliməsi işlədiyini, onun 2021-2022-ci tədris ili üçün məzuniyyət günləri bitdiyindən avqust ayının 29-dan işdə olmalı olduğu halda 3 gün işə gəlmədiyini, onunla əlaqə saxlamaq istəsə də bunun mümkün olmadığını, onunla sentyabın 4-ü telefon əlaqəsi saxlaya bildiyini, işə gəlməməsinin səbəbinin soruşduqda “Şəki şəhərində olduğunu, iki günə işə gələcəyini” bildirdiyini, 2022-ci ilin avqust ayının 29 və 30 tarixlərində işdə olmadığı üçün bu barədə Şərur Rayon Mədəniyyət İdarəsinin müdirinə məlumat verdiyini, iddiaçının işə gəlmədiyi günlərin müvafiq aktlarla təsdiq edildiyini, onun işə gəlməməsi üçün heç bir üzürlü səbəbin olmamasını, qəsdən əmək və icra intizamını pozmasını nəzərə alaraq xx.xx.2022-ci il tarixli 35 saylı əmrlə onu işdən azad etdiyini, iddiaçının sentyabrın 8-i işə gəldiyini, ona işdən azad olunduğunu dediyini, ümumiyyətlə iddiaçıdan heç bir izahat almadığını, çünki artıq onun sentyabr ayının 1-dən işdən azad edildiyini, iddiaçı onu təhqir etdiyini, əmrlə tanış olmadığını, əmək kitabçasını almadan çıxıb getdiyini, ayın tarixini dəqiq xatırlamasada oktyabr ayında gəlib əmrin surətini götürdüyünü bildirmişdir. Məhkəmə tərəflərin izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh fortepiano ixtisası üzrə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və vəzifəsindən azad edilmişdir; - əmək kitabçasının surətindən görünür ki, İddiaçı 10 sentyabr 1993-cü il tarixdən Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinə fortepiano müəllimi təyin edilmiş, 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və vəzifəsindən azad edilmişdir; - xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir; - Aktın surətindən görünür ki, Çərçiboğan kənd Uşaq Musiqi Məktəbində 29 avqust 2022-ci il və 30 avqust 2022-ci il tarixdə aparılmış yoxlama zamanı məktəbin fortepiano ixtisası üzrə müəlliməsi İddiaçı dərsi olduğu halda üzürsüz halda işə gəlmədiyi aşkar olunmuşdur. Bu haqda Mədəniyyət İdarəsinin müdiri X6 məlumat verildiyi qeyd edilmişdir; - ünvan 1 ünvanladığı məktubunda qeyd olunmuşdur ki, Şərur rayon Mədəniyyət İdarəsi tərəfindən 01 sentyabr 2022-ci il tarixdə Çərçiboğan kənd Uşaq Musiqi Məktəbində aparılan yoxlama zamanı məktəbin fortepiano ixtisası üzrə müəllimi İddiaçı işdə olmadığı və üzürsüz səbəbdən direktora məlumat vermədən 3 gün işə gəlmədiyi aşkar edilmişdir. İşində yol verdiyi ciddi nöqsanlara görə İddiaçı haqqında cəza tədbiri görüb mədəniyyət idarəsinə məlumat verməyiniz üçün aktın surəti sizə göndərilir; - Aktın surətindən görünür ki, Çərçiboğan kənd Uşaq Musiqi Məktəbində 01 sentyabr 2022-ci il tarixdə aparılmış yoxlama zamanı məktəbin müəllimi İddiaçı işdə olmadığı aşkar olunmuşdur və hətta 29 avqust 2022-ci il və 30 avqust 2022-ci il tarixdə dərsi olduğu halda işə gəlməmişdir. Müəllimə İddiaçı üzürsüz səbəbdən işə gəlmədiyi aşkar olunmuşdur. - Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə tərəfindən Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin Həmkar Təşkilatlar sədri Fidan İsmayılovaya ünvanlanmış məktubunda qeyd etmişdir ki, məktəbin fortepiano ixtisası üzrə müəllimi İddiaçı üzürsüz səbəbdən işə gəlmədiyindən, müdiriyyəti vaxtında xəbərdar etmədiyindən onu işdən azad edirik. Xahiş edirəm öz rəyinizi bildirəsiniz; - Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin Həmkar Təşkilatlar sədri X4 kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə ünvanlanmış rəyində qeyd etmişdir ki, İddiaçı işdən çıxarılmasına etiraz etmirik; - 05 yanvar 2021-ci il tarixli əmək müqviləsinin surətindən görünür ki, Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru X3 ilə İddiaçı arasında müqavilə bağlanmışdır və tərəflər üzərinə bir sıra öhdəliklər götürmüşlər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qız xx.xx.1993-cü il tarixdə Çərçiboğan kənd 7 illik Uşaq Musiqi Məktəbinin direktorunun 23 №-li əmri ilə Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinə fortepiano müəlliməsi təyin edilmiş, xx.xx.2022-ci il tarixdə işdən azad olduğu günə kimi fasiləsiz olaraq həmin məktəbdə müəllimə işləmişdir. 29-30 avqust 1 sentyabr 2022ci il tarixlərində üzürsüz səbəbdən direktora məlumat vermədən işə gəlmədiyi üçün müvafiq aktlar tərtib edilmiş, Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin Həmkar Təşkilatları sədrinin rəyinə isitinad edilməklə Şərur rayon Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35 nömrəli əmrə əsasən Şərur rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq - Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Şərur rayon Çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixli 35 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və xx.xx.2022-ci il tarixdən işə mahiyyəti üzrə baxılıb qərar edilib qanuni qüvvəyə minən tarixədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı və s.) hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 47-ci maddəsinə əsasən əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; -311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186- cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; -186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. -186-cı maddəsinin İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; - 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından görünür ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməmiş, həmçinin izahatında “artıq o, işdən azad edildiyindən bunu zəruri hesab etmədiyini” bildirmişdir. Qeyd olunmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, qanunvericilik işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Hazırki iş üzrə əmək müqaviləsi ləğv edilərkən istinad edilən Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə uyğun olaraq, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi ləğv oluna bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallarda yol verilir. Belə ki, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Bunun üçün eyni zamanda işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. Hazırki işdə isə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, işəgötürən mövcud vəziyyətdə yuxarıda göstərilən halları və iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu və digər amilləri nəzərə alaraq ona başqa intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Belə ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi tutarlı və mötəbər sübutlarla təsdiq olunmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” kimi intizam tənbeh növünün verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaratmış olacaqdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; - 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi Əmək Məcəlləsinin 80-ci maddəsində həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməsi qeyd edilsə də, Çərçiboğan kənd Uşaq -Musiqi Məktəbinin Həmkar Təşkilatları sədri öz rəyində bir cümlə ilə “İddiaçı işdən çıxarılmasına etiraz etmədiklərini” bildirməklədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinin tələblərinə də əməl etməmişdir. Həmçinin iddia tələbinin məcburi işburaxma ilə əlaqədar aylıq pul təminatının hesablanaraq ona ödənilməsi hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini, işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu əsaslandırmamış, işçinin əmək funksiyasını yerinə yetirmədiyinə görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ilə xitam verildiyini qeyd etməklə kifayətlənmiş, bununla da işçinin əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə əmək mübahisəsinə baxan təşkilat işdən çıxarıldığı gündən etibarən məcburi iş buraxdığı müddət üçün orta əmək haqqının ödənilməsidə məhkəmə qətnaməsilə müəyyən edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Şərur Rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq- Musiqi Məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Şərur rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq- Musiqi Məktəbinin direktorunun xx.xx.2022-ci il tarixli 35 saylı əmri ləğv edilməli və İddiaçı işə bərpa edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... ; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən, özünə aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur Rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Şərur rayon Mədəniyyət İdarəsi Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin direktorunun xx.xx.2022-ci il tarixli 35 saylı əmri ləğv edilsin və İddiaçı işə bərpa edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqı ödənilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-70/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-70/2023
11.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver