Məhkəmə qərarları › İş №2(110)-701/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-701/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-701/2021 09.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mallarını otardığına görə ona olan 1278 (bir min iki yüz yetmiş səkkiz) manat borcunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Tənənəm kəndində naxırçılıq etdiyini, həmkəndlisi Cavabdeh 2019-cu ildə altı ay 9 baş malını, hər birini ayı 7 manatdan, aya 378 manat, 2020-ci ildə isə dörd ay 18 baş malını hər biri 10 manat olmaqla 720 manat, 2 ay isə 9 baş malını hər biri 10 manat olmaqla 180 manata otardığını, cəmi Cavabdeh ona mallarını otardığına görə 378+720+180=1278 (bir min iki yüz yetmiş səkkiz) manat pul verməli olduğunu, lakin bu günə kimi Cavabdeh onun pulunu vermədiyini, dəfələrlə pulu verməsini xahiş etsə də cavabdehin ona borclu olmadığını və pul verməyəcəyini bildirdiyini, bu barədə şifahi olaraq hüquq mühafizə orqanlarına bildirsə də ona məhkəməyə müraciət etməyi bildirdiklərini, cavabdehin onun həmkəndlisi olduğunu və qohumluğunu nəzərə alaraq bu günə kimi məhkəməyə müraciət etmədiyini, lakin bu gün pula çox ehtiyacı olduğunu bildirərək Cavabdeh mallarını otardığına görə ona olan 1278 (bir min iki yüz yetmiş səkkiz) manat borcunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiklərinin bəzilərini vəkilin qarışıq yazdığını, ona aydınlıq gətirmək istədiyini bildirərək izahatında Həmzənin qardaşının kürəkəni olduğunu, Həmzənin 9 baş malını 2019-cu ildə deyil, 2017-ci ildə 6 ay otardığını, o zaman malın hər birini ayı 7 manatdan otardığını, həmin il üçün Həmzənin ona 378 manat borcunun qaldığını, 2020-ci ildə isə qardaşının oğlu, eyni zamanda da Həmzənin qaynı X6 ilə şərikli pullu mala getdiklərini, ilk dəfə Həmzənin may ayının əvvəlində onlara otarmaları üçün 4 baş dana, 10 - 15 gün sonra əlavə olaraq 4 baş dana verdiyini, may ayında Həmzənin 8 baş malını otardıqlarını, iyun ayının əvvəlində isə otarmaları üçün əlavə 5 baş yanıbalalı inək, yəni 10 baş malı otarmaları üçün onlara verdiyini, həmin ili malın birini 10 manatdan olmaqla Həmzənin ümumilikdə 18 baş malını otardıqlarını, həmin malları otarmaqlarına görə Həmzənin onlara ümumiyyətlə pul vermədiyini, hər dəfə ondan malların pulunu istədikdə “narahat olmayın yaxın vaxtlarda verəcəyəm" dediyini, qohum olduqları üçün malların pulunu verəcəyinə ümid etdiklərini, sentyabr ayında Həmzənin bir buzovunu canavarın yediyini, Həmzəyə xəbər etsəkdə gəlib buzovun cəsədinə baxmadığını, 10 gün sonra isə bir malını hansısa vəhşi heyvanın Həmzənin bir danasını yaraladığını, Həmzənin əmioğlusu Vüqar vasitəsilə malın Həmzənin həyətinə aparıb təhvil verildiyini, sentyabır ayının 22-də Elturanın Səfərbərliyə getdiyini, buna görədə Elturanla “haqqhesab” edərək o vaxta qədər Həmzənində mallarının pulu olmaqla, otardıqları malların pullundan Elturana çatan hissəni ona verdiyini, 1 aydan artıq müddətdə malları tək otardığını, sentyabr ayının sonlarına yaxın Həmzənin mallarının bəzilərini ayıraraq apardığını, oktyabr ayında Həmzənin 4 baş danasını və balasını canavar yediyi inəyi olmaqla, 5 baş malını otardığını, malları payızda kəndə qaytardıqdan sonra dəfələrlə pulunu istəsədə Həmzənin onun pulunu vermədiyini, həmçinin əvvəlki keçirılən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında güya mallarını otarmaları müqavilində özünə məxsus QAZ-53 markalı avtomobili ilə onların köçlərini, kənddə biçdikləri otlarını daşıdığını bildirdiyini, bunun yalan olduğunu, onun öz obasını dağa daşıyarkən onlarında əşyalarını maşına yığaraq apardığını, buna görədə ondan 20 (iyirmi manat) pul aldığını, kənddə ona ot daşımadığını bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksəriyyətinin yalan yazdığını, 2020-ci ilə qədər onun təsərrüfatında iribuynuzlu heyvanlarının olmadığını, 2020-ci ilədək Türkiyənin İstanbul şəhərində yaşadığını, 2020-ci ildə 8 baş inək və 4 baş danası olduğunu, 2020-ci ilin aprel ayında 1 ay onun mallarını Əliyev İslam və Dünyamalıyev Vüqarın otardıqlarını, mayın əvvəlində 4 baş danasını otarması üçün qaynı Elturana verdiyini, Elturanın əmisi Röşənlə birlikdə kənddə camaatın mallarını otardıqlarını, iyun ayında isə Elturana otarması üçün 12 baş mal verdiyini, ümumilkdə onun 16 baş malını otardığını, kəndin mallarını Elturan və əmisi İddiaçı birlikdə otarmalarına baxmayaraq, lakin onun Elturanla razılaşdığını, inəyin birini aylıq 10 manata otardığını, 2020-ci ilin sentyabr-oktyabr aylarında Elturanın hərbi toplanışda olduğunu, həmin ərəfədə 4 baş malını Roşənin otardığını, lakin onunla heç bir formada razılaşmadığını, mallarını onun otarması üçün Elturanın verdiyini, Elturan onun mallarını otaran zaman 2 malını canavar yediyi üçün, ona otardığı mallara görə pul vermədiyini, həmçinin özünə məxsus QAZ-53 markalı avtomobili ilə onların köçlərini, kənddə biçdikləri otlarını daşıdığını, həmçinin burda olmadığı müddətdə Elturanın onun işlərini gördüyünü, ailəsinə köməklik etdiyini, buna görə ona 1 ədəd boğaz inək verdiyini bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. 18 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X6 ifadəsində 2020-ci ildə əmisi Röşən ilə şərikli olaraq kənd camaatının mallarını otardıqlarını, bacısının əri Həmzə onunda mallarını otarmasını ondan istədiyini, onun da razılaşdığını, Həmzənin onunla razılaşmasına baxmayaraq onun əmisi ilə malları şərik olaraq otardıqlarını, malların pulunu da bərabər böldüklərini, 2020-ci ilin may aynda Həmzənin 8 baş malını əmisi ilə birlikdə otarmaları üçün dağa apardıqlarını, iyun ayının əvvəlində isə Həmzənin 5 yanıbalalı inəyini gətirib onların naxırına qatdığını, ümumilikdə Həmzənin 18 baş malınını otardıqlarını, irili-xırdalı malın birini 10 manata otardıqlarını, amma may ayından - sentyabırın 22dək olan müddətdə mallarını otarmalarına baxmayaraq Həmzənin ümumiyyətlə onlara pul vermədiyini, arada bir-iki dəfə malın pulunu istəsələr də, “verəcəm narahat olmayın” dediyini, sentyabr ayında Həmzənin bir buzovunu canavarın yediyini, dananın cəsədini Həmzənin əmioğlusu Vüqarında gördüyünü, Həmzəyə xəbər etsələrdə də gəlib malına baxmadığını, təqribən bundan 10 gün sonra bir baş erkək malını vəhşi heyvanlar yaraladığı üçün əmioğlusu Vüqarın vasitəsi ilə gətirib kənddə özünə təhvil verdiyini, sentyabr ayında Həmzənin 16 baş malını otardıqlarını, sentyabr ayının 22-dək Həmzənin nə ona, nə də ki, əmisinə pul ödəmədiyini, Səfərbərliyə getdiyi üçün sentyabırın 22-dən sonra əmisinin Həmzənin neçə baş malını otardığını bilmədiyini, sentyabrın 22-dək əmisi ilə həmin vaxtadək bütün haqq-hesablarını həll etdiklərini bildirmişdir. 03 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X3 ifadəsində qardaşı Elturana otarması üçün may ayının 1-də 4 baş, may ayının 15-də isə əlavə 4 baş dana verdiklərini, iyulun 25-də isə 5 yanıbalalı inək, yəni 10 baş mal verdiklərini, Elturanın onların 18 baş mallarını otardığını, malın birini isə Elturana verdiklərindən ümumiyyətlə Elturanın onların 17 baş mallarını otardığını, dəqiq vaxtını bilməsədə iyulun 25-dən sonra bir buzovlarını canavarın öldürdüyünü, sentyabr ayında isə bir danalarını hansısa vəhşi heyvan yaraladığından gətirib həyətlərinə ötürdüklərini, avqust ayının 30-da Elturanın 5 baş inək, 4 baş buzovlarını ayırıb gətirdiyini, Elturanda 6 baş mallarının qaldığını, onun da birinin ona verdikləri mal olduğunu, sentyabr-oktyabr ayında onların naxırda 5 baş mallarının qaldığını bildirmişdir. 09 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə təkrar dəvət edilərək dindirilən şahid X6 ifadəsində sentyabrın 22-də səfərbərliyə gedəcəyi üçün sentyabr ayının 20-də əmisi ilə “haqq-hesab” etdiklərini, əmisinin həmin vaxtadək otardıqları malların pulundan ona çatan pulun hamısını ona ödədiyini, hətta Həmzənin və başqa şəxslərin də otardıqları mallara görə vermədikləri pullarınıda ona ödəyərək, həmin pulları mal sahiblərindən alacağını dediyini, Həmzənin evini təmir etdiyi üçün, özünün burda olmadığı ərəfədə onun evində işlərinin görülməsinə görə Həmzənin ona 2021-ci ilin yanvar ayında boğaz inək verdiyini, həmin inəyin otardıqları malın pulu ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Tənənəm kənd sakini İddiaçı iddia tələbində 2017-ci ildə Cavabdeh məxsus 9 baş iribuynuzlu heyvanları, birini 7 manatdan otarmasına görə cabadehin ona 378 manat borclu olmasını qeyd etmiş, lakin cavabdeh tərəfindən həmin vaxt onun təsərrüfatında iribuynuzlu heyvanların olmamasını qeyd etməklə bu tələb rədd edilmiş, eyni zamanda iddiaçı bu tələblə bağlı hər hansı sübut təqdim edilməmiş, bunu yalnız öz izahatı ilə bildirməklə kifayətləndiyindən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin digər hissəsi ilə əlaqədar qeyd edir ki, İddiaçı qardaşı oğlu, həmçinin cavabdehin qaynı X6 ilə birlikdə 2020 ci ilin aprel ayının 26-dan sentyabr ayının 20-dək Şərur rayonunun müxtəlif kəndlərindən olan kənd camaatına məxsus iribuynuzlu heyvanları biri 10 manat olmaqla otarmaq üçün toplamışlar. Cavabdeh izahatında iribuynuzlu heyvanlarını otarması üçün qaynı X4 tapşırıq verdiyini, Röşənlə razılaşmadığını bildirsədə, məhkəmədə şahid qismində dindirən X6 ifadəsində malları əmisi (iddiaçı) ilə şərik otardıqlarını və aylıq puluda bərabər böldüklərini, hətta sentyabr ayında səfərbərliyə gedərkən əmisi (iddiaçı) tərəfindən otardıqları mallarına görə Həmzənin və başqa şəxslərin vermədikləri pullarınıda hesablayaraq ona ödəmiş, həmin pulları mal sahiblərindən sonra alacağını dediyini bildirmişdir. Hətta X1 cəlb olunduğundan 2020-ci ilin sentyabrın 20-də malları iddiaçıya təhvil vermiş, iddiaçı tərəfindən isə malların otarılması 2020-ci ilin oktyabr ayının sonunadək davam etdirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının ayrı-ayrı aylarda otardığı cavabdehə məxsus malların sayı ilə bağlı cavabdehin məhkəmədə verdiyi izahatı və onun təşəbbüsü ilə məhkəmədə dindirilən şahid ifadəsi arasında ziddiyyət olduğundan məhkəmə onların qeyd etdiklərini əsaslı hesab etmir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı iddiaçının izahatı və onun təşəbbüsü ilə dəvət edilərək dindirilən şahidin ifadəsi ilə müəyyən edilmişdir ki, həqiqətəndə cavabdehin tapşırığı əsasında iddiaçı Elturanla müştərək qaydada şərtləşdirilmiş muzd qarşılığında cavabdehə məxsus iribuynuzlu heyvanları konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürürərək may ayı ərzində 8 baş, iyun-avqust ayları ərzində 18 baş, sentyabr ayında 16 baş, oktyabr ayında isə 5 baş olmaqla, hər ay hər birini 10 manatdan otarmışdır. İddiaçı tapşırığı yerinə yetirərək bu müddət ərzində Cavabdeh məxsus iribuynuzlu heyvanları otarmasına baxmayaraq, cavabdeh tərəfindən bunun müqavilində iddiaçıya şərtləşdirilmiş muzd ödənilməmiş və məhkəmə baxışı iclasında cavabdehin özünün də etiraf etməsi ilə bu hal öz təsdiqini tapmışdır. Məhz buna görədə Cavabdeh iddiaçı tərəfindən 2020-ci ilin may ayı ərzində ona məxsus 8 baş iribuynuzlu heyvanları otarmasına görə, biri 10 manat olmaqla 80 manat, iyun-avqust ayları ərzində ona məxsus 18 baş iribuynuzlu heyvanları otarmasına görə hər ay biri 10 manat olmaqla 540 manat, sentyabr ayı ərzində ona məxsus 16 baş iribuynuzlu heyvanları otarmasına görə, biri 10 manat olmaqla 160 manat, oktyabr ayı ərzində ona məxsus 5 baş iribuynuzlu heyvanları otarmasına görə, biri 10 manat olmaqla 50 manat, ümumilikdə 830 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir; - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; - 777.2- ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; - 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; - 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdehin tapşırıq üzrə 2020-ci ilin may-oktyabr aylarında müxtəlif aylarda müxtəlif sayda olmaqla, ümumilikdə cavabdehin 18 baş malını birini 10 manata otardığını sübut etmiş, 2017-ci ildə Cavabdeh məxsus 9 baş iribuynuzlu heyvanları, birini 7 manatdan otarmasına görə cabadehin ona 378 manat borclu olması hissəsinə dair isə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh isə onun tapşırığı ilə iddiaçının otardığı iribuynuzlu heyvanlara görə ona şərtləşdirdikləri muzdu ödəmədiyini etiraf etmiş, lakin iribuynuzlu heyvanların sayını mübahisələndirərək etiraz etsə də, öz təşəbbüsü ilə məhkəməyə dəvət etdiyi şahid qismində dindirilən arvadı ifadəsində iddiaçının onların 18 baş malını otarmasını etiraf etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin etirazı əsassızdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Tənənəm kəndində qeydiyyatda olan Cavabdeh iddiaçı tərəfindən 2020-ci ilin may ayı ərzində ona məxsus 8 baş iribuynuzlu heyvanları otarmasına görə biri 10 manat olmaqla 80 manat, iyun-avqust ayları ərzində ona məxsus 18 baş iribuynuzlu heyvanları otarmasına görə hər ay biri 10 manat olmaqla 540 manat, sentyabr ayı ərzində ona məxsus 16 baş iribuynuzlu heyvanları otarmasına görə biri 10 manat olmaqla 160 manat, oktyabr ayı ərzində ona məxsus 5 baş iribuynuzlu heyvanları otarmasına görə biri 10 manat olmaqla 50 manat, ümumilikdə 830 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar