Məhkəmə qərarları › İş №2(110)-704/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-704/2023

29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-704/2023 29.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçinin nümayəndə-vəkili Vəkil iştirakı ilə hüquqi əhəmiyyətli ərizəçi Məmmədova (Əsgərova) Qalina Müzəffər qızının Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X6 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi anası X13 ilə atası X3 1950-ci ildə Rusiya Respublikasında evləndiklərini, 1955-ci ilə kimi orada yaşadıqlarını, bu nikahdan onların 7 övladının - X9, X10, X7, X12, X15, X14 və X2 doğulduğunu, Azərbaycana qayıtdıqdan sonra Şərur rayon Mahmudkənd kəndində məskunlaşdıqlarını, 90-cı illərdə aparılan islahat zamanı onlara 0,11 ha torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-426A seriyalı, 10204028 kod nömrəli şəhadətnamədə anası ilə birlikdə bacısı Elmiranın da adı qeyd olunduğunu, həmin torpaq sahəsinin üzərində bir mərtəbəli iki otaqdan ibarət ev tikdiklərini, bacısı Almazın 1998-ci ildə, anasının isə xx.xx.2007-ci il tarixində vəfat etdiyini, anası vəfat edəndən həmin evdə onun yaşadığını, evin kommunal xərclərini də onun ödədiyini, bacı qardaşlarının mirasdan imtina etdiyini, özünün anasından qalan bütün mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, anası X6 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun tərəfindən mirasın qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləciyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatında və verilmiş suallara cavabında ərizəçinin qeyd olunan halları təsdiq etdiyini, anasının vəfatından əvvəl və sonra bacısı ilə birlikdə həmin evdə yaşadığını, digər bacılar və qardaşlar arasında mirasla bağlı mübahisə olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində və verilən suallara cavabında Qalina ilə qonşu olduqlarını, Lidya xala qızları Elmira və Qalina ilə birlikdə yaşadığını, Lidya xala vəfat edəndən sonra həmin evdə Elmira yasşadığını, Qalinanın da gəlibgetdiyini, Elmiranın bir müddətdən sonra Bakı şəhərinə getdiyini, Elmiranın Qalinanın yanında işlədiyini, evin bütün xərclərini Qalinanın çəkdiyini, hazırda da həmin evin komunal xərclərinin Qalinanın ödədiyini və evə baxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X21 ifadəsində və verilən suallara cavabında Qalina ilə qonşu olduqlarını, Müzəffərin 1992-ci ildə, Lidyanın isə 2007-ci ildə vəfat etdiyini, Lidya xala vəfat edəndən sonra həmin evdə Elmiranın və Qalinanın yaşadığını, Elmira Bakı şəhərinə gedib-gəldiyini, həmin vaxtlarda Qalinanın həyat yoldaşı ilə həmin evdə yaşadığını, hazırda da həmin evə Qalinanın sahiblik etdyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 məxsus xxxxxxx fin nömrəli şəxsiyyət vəsiqəsi üzrə İAMAMS WEB CONSULTATİON proqramında axtarış aparılan zaman “Əhalinin Dövlət Reyestrində” Ədliyyə Nazirliyi tərəfindən şəxsin yeni soyadı “Əsgərova” qeyd olunmuşdur. Lakin vətəndaş şəxsiyyət vəsiqəsini yeniləmədiyi üçün hazırda 0******* nömrəli şəxsiyyət vəsiqəsi aktivdir və soyadı “Məmmədova” kimi göstərilir. İş materiallarında olan Şərur Rayon Mahmudkənd İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ № 165221 nömrəli şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il 04 nömrəli qərarları ilə Şərur rayon Mahmudkənd kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi (JN-426A) mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. İş materiallarında olan Şərur rayon Mahmudkənd kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 237 nömrəli arayışından görünür ki, X13 vəfat edəndən sonra onun vərəsələri X9, X10, X7, X12, X15, X14 və X11 qalmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 35 nömrəli qərarından görünür ki, X4 mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Naxçıvan MR-ın Dövlət Energetika Xidmətinin Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 516 nömrəli arayışından görünür ki, X9 elektrik enerjisinin ödəyicisi kimi qeydiyyatda durur. İş materiallarında olan Şərur rayon Qİİ-nin arayışından görünür ki, Şərur rayon Mahmudkənd kənd sakini X9 təbii qaz ödəyicisi kimi qeydiyyatda durur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X13 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Onun vərəsələri Məmmədova (Əsgərova) Qalina Müzəffər qızı, X10, X7, X15, X14 və X5r. X13 öldükdən sonra ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirası qəbul etməmişlər və bu barədə notarial ərizə vermişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X1 mirasa Məmmədova (Əsgərova) Qalina Müzəffər qızına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X6 miras qalan fərdi yaşayış evində həmin şəxsin sağlığında və vəfatından sonra ərizəçi Məmmədova (Əsgərova) Qalina Müzəffər qızı yaşamışdır. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə də müəyyən olunmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 miras qalmış əmlakın Məmmədova (Əsgərova) Qalina Müzəffər qızı tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 miras qalmış əmlakın Məmmədova (Əsgərova) Qalina Müzəffər qızı tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar