Məhkəmə qərarları › İş №2(110)-730/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-730/2023

03.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-730/2023 03.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı torpaqdan və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ona məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən **********12 nömrəli toraq sahəsindən çıxarılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi mərhum əri Hüseynov Telmanla birgə nikahlarından altı övladlarının doğulduğunu, onların da yetkinlik yaşına çatamaqla ailə quraraq təsərrüfatdan ayrıldıqlarını, ailənin beşinci övladı olan Cavabdeh1 digər Cavabdeh2 ilə əlaqəsi ailə münasibətlərini pozduğunu, belə ki, Eldənizin 2006-cı ildə digər cavabdehlə qurduğu münasibətdən xx.xx.2007-ci il tarixdə Aysel, xx.xx.2014-cü il tarixdə Aygün adında iki qız övladının doğulduğunu, onların bu əlaqəsi səbəbindən Eldənizin birinci ailəsinin dağıldığını, Eldəniz yeni ailəsi ilə müxtəlif ünvanlarda kirayə yaşadıqlarını, 2013-cü ildə nikahlarını rəsmiləşdirdiklərini, kirayədə yaşalar da onların yola getmədiklərini, aralarında daimi mübahisə olduğunu, bu müddət ərzində mərhum əri Telman ilə övladlarının xatiri üçün onlara dəstək olduqlarını, Eldəniz birinci ailəsindən ayrıldıqdan sonra borc-xərc edərək Çomaxtur kəndində onun adına olan **********12 nömrəli 0,11 ha torpaq sahəsində onların kirayədə yaşamaması üçün iki otaqlı ev tikərək cavabdehləri oraya yerləşdirdiklərini, lakin bütün bunlar onların arasında mehribançılığa səbəb olmadığını, əksinə münasibətlərinin daha da pisləşdiyini, onların bu münasibəti onları kənd içində pis vəziyyətdə qoyduğunu, eyni zamanda cavabdehlər bu davranışı ilə ona öz torpağından istifadə etməyə qoymadıqlarını, sənədləşdirmə işlərinə mane olduqlarını, dəfələrlə daşınamaz əmlak dövlət reyest xidməti əmakdaşlarını evdən qovduqlarını, cavabdehlərin münasibətlərinin bərpası üçün göstərdiyi səylərin nəticəsi olmadığını, onlar arasında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin 2(110)-37/2023 saylı qətnaməsi ilə pozulduğunu, artıq onların bir ailə kimi bir yerdə yaşaması mümkün olmadığını, ona məxsus torpaq sahəsini qaytarmaları üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək oğlu - Cavabdeh1 dair hissədə iddadan imtina edərək, Cavabdeh2 torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilməsi və mülki işə Cavabdeh2 torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi hüdudlarında baxılması barədə qərardad qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadalanan halları təsdiqləmiş, əlavə olaraq digər oğlundan olan oğlan nəvəsinin Eldəniz və Səriyyənin qızını qaçırdıb ailə qurduğunu, lakin Səriyyənin şikayəti əsasında həmin nəvəsinin cinayət məsuliyyətinə cəlb olunduğunu, bütün bunlara görə münasibətlərin də tamamilə korlandığını, artıq Səriyyənin ona məxsus evdə qalmağını istəmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, Cavabdeh1 ilə 2006-ci ildə nikahda daxil olmadan evləndiklərini, lakin nikaha 2013-cü ildə daxil olduqlarını, torpaq sahəsinin onların vəsaiti hesabına aldıqlarını, həmin vaxtı Eldənizin birinci nikahdan olan arvadı ilə əmlak mübahisəsi olduğu üçün torpağı iddiaçının adına rəsmiləşdirdiklərini, sonra isə onun üzərində birgə nikah dövründə Eldənizlə bərabər fərdi yaşayış evi tikdirdiklərini, torpaq sahəsinin alınmasında, evin tikilməsində bütün xərcləri özünün çəkdiyini, bununla bağlı sübutlarının olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı suallara cavabında cavabdehin torpağın onlar tərəfindən alınması və üzərindəki evin də onlar tərəfindən tikilməsi ilə bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin xx.xx.2008-ci il tarixli, AA002489 nömrəli torpaq sahəsinin planölçüsündən görünür ki, **********12 nömrəli torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 04/15 nömrəli İddiaçı ünvanlanan məktubundan görünür ki, AA002489 nömrəli torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə hazırda həmin evdə yaşayan gəlin tərəfindən ölçü işlərinə maneçilik törədildiyindən texniki pasportun verilməsi mümkün olmamışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsəinin xx.xx.2023-cü il tarixli, 2(110)- 37/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasındakı xx.xx.2013-cü il tarixli 65 saylı nikah pozulmuş, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalması müəyyən olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə Cavabdeh2 2006-cı ildə nikaha daxil olmadan evləniblər. Onlar 2013-cü ildə rəsmi nikaha daxil olublar. Torpaq sahəsi İddiaçı adına 2009-cu ildə rəsmiləşmişdir. Cavabdeh1 ilə Cavabdeh2 nikahları 2023-cü il tarixdə pozulmuşdur. Hazırda iddiaçı baş vermiş münaqişlər səbəbindən keçmiş gəlini olan Cavabdeh2 həmin torpaq sahəsinin üzərində tikilən evdə yaşamasını istəmir. İddiaçı cavabdehlə razılaşa bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaya etirazında, yəni həmin torpaq sahəsinin əslində keçmiş əri ilə onun tərəfindən alınması və üzərində ev inşa olunması ilə bağlı göstərdiyi dəlillər sübut olunmamışdır. Həmçinin həmin halların sübut olunması belə hazırkı iş üzrə iddia tələbini tam və ya qismən aradan qaldırmır. Cavabdehin həmin hallarla bağlı, yəni çəkilmiş xərclərin ödənilməsi ilə bağlı müvafiq sübutlar təqdim etməklə məhkəmədə ayrıca iddia qaldırması istisna olunmur. Mülkiyyətçinin isə hər bir halda mülkiyyətə maneənin aradan qaldırılması hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı işin faktiki halları əsasında cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmadığı da müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli plenum qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli plenum qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli plenum qərarında göstərilir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qanunvericiliyin təhlilindən də göründüyü kimi, iş üzrə cavabdeh iddiaçının ailə üzvü sayılmır və onun yaşayış sahəsindən istifadəsi üçün qanuni əsaslar yoxdur. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh2 İddiaçı məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən **********12 reyestr nömrəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh2 İddiaçı məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən **********12 reyestr nömrəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Məhkəmə xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Şərur rayon Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 tutularaq Şərur rayon Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar