Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-804/2024 20.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Yengicə kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində hüquqlarını müdafiə etdiyi İddiaçı adına xx.xx.2024-cü il tarixində Şərur Rayon Yengicə kəndində 0.1 hektar torpaq sahəsi və üzərində 237.24 kv.m tikilisi olan əmlakı dövlət reyestriqeydiyyatdan keçməklə adına çıxarış verildiyini, hazırda Şərur rayon yengicə kəndində yerləşən evin tam mülkiyyətçisinin İddiaçı olduğunu, İddiaçı məxsus şərur rayon Yengicə kəndində yerləşən əmlak barəsində hər hansı yaşayış və istifadə hüququ barəsində Cavabdeh1 və Cavabdeh2 məhkəmə qətnaməsinin olmadığını, Cavabdeh1 və Cavabdeh2 evdəm çıxması ilə bağlı İddiaçı dəfələrlə telefon vasitəsilə əlaqə saxlayıb bildirsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdə qalıb yaşamağa davam etiklərini, İddiaçı aid Şərur Rayon Yengicə kəndində yerləşən evdən çıxmadıqlarından məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı X3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsədə, o məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəmədə vəkil və nümayəndə ilə təmsil olunmuşdur, Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında onun əşyalarını həmin evən çıxardığını, Günellə nikahlarının olmadığını, 2012-ci ildə faktiki ailə qurduqlarını, bu evliliklərindən 2 uşaqlarının olduğunu, evin tikilişini 2019-cu ildə başlayıb 2022-ci ildə bitirdiklərini, evi Günellə faktiki evli olduqları dövrdə tikdiklərini, iki mərtəbəli ev olduğunu, tam hazır olmadığını, 50000 manat İddiaçı satdığını, evli olduqları, birgə təsərrüfat apardıqları dövrdə tikdiklərini, əvvəl 2012-ci ildə nikahlarının olduğunu, 2015-ci ildə nikahlarının pozulduğunu, 2017-ci ildə yenidən barışdıqlarını, lakin nikaha düşmədiklərini, evi boşaldıb mülkiyyətçiyə qaytardıqdan sonra kirayə ev tutaraq Günel və uşaqları ilə birlikdə yaşamağa davam edəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh1 2012-ci ildə evləndiklərini, evli olduqları müddətdə atasına məxsus Naxçıvan şəhərində 2 otaqlı mənzilin olduğunu, həmin mənzili kirayə verdiklərini, həmin kirayə pulunu Eminlə onun aldığını, həmin kirayə pulunu eminin hara xərclədiyini bilmədiyini, sonradan 2015-ci ildə nikahlarını pozulduğunu, 2017-ci ildə yenidən barışdıqlarını, onu nikaha salmadığını, 2017-ci ildə qardaşının həmin evi çox ucuz qiymətə Eminə satdığını, sonradan Eminin həmin evi sataraq gəlib Yengicə kəndində torpaq aldığını, üzərində həmin evi tikməyə başladığını, təqribən 2022-ci ilin aprel ayında həmin evə köçərək orada yaşamağa başladıqlarını, sonradan münasibətləri pozulduğu üçün eyni evdə ayrıayrı otaqlarda yaşamağa davam etdiklərini, evin satılmasından 2-3 ay bundan qabaq xəbərinin olduğunu, evin neçəyə satılmasını bilmədiyini, onunla Eminin danışmadığı üçün uşaqlara anana denə cehizlərini yığıb evdən çıxsın evin sahibi evi tələb edir dediyini, evin sahibinin arvadının ona zəng edib evdən çıxmağını tələb etdiyini, onun etiraz etdiyini, bu evi evli olduqları dövrdə tikdiklərini və evin satılmasından xəbərinin olmadını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehlərin izahatına və mülki iş materialında toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayon Yengicə kəndində 0.1 ha torpoaq sahəsində yerləşən, 237.24 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, mübahisəli Şərur rayon Yengicə kəndində 0.1 ha torpaq sahəsində yerləşən, 237.24 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmasına baxmayaraq, cavabdehlər iddiaçının iradə ifadəsinə zidd olaraq sözügedən fərdi yaşayış evində heç bir hüquqi əsası olmadan yaşamaqla, həmin evdən istifadə etməklə onun həmin əmlaka olan hüquqlarını məhdudlaşdırırlar. Belə ki iddiaçının mülkiyyətində olan həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və onun həmin fərdi yaşayış evinə dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabdehlərin sözügedən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarını tələb etməkdə haqlıdır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehlər mübahisəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evində heç bir hüquqları olmadan yaşamaları iddiaçının həmin fərdi yaşayış evi üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Yengicə kəndində 0.1 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Yengicə kəndində 0.1 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 237.24 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-804/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-804/2024
20.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver