Məhkəmə qərarları › İş №2(110)-830/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-830/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-830/2021 07.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.093 ha torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və istifadə hüququna xitam verilməsi, yaşayış sahəsinin məcburi boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi mərhum həyat yoldaşı X8 21.01.2014-cü il tarixdə vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən 0.093 ha torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan ibarət fərdi yaşayış evi Şərur Rayon 1 saylı Notariat Ofisinin 23.09.2021-ci il tarixli 2V-100 № li vərəsəlik şəhadətnaməsinə əsasən 13.10.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən adına qeydiyyata alınmaqla, **********23-10301 reyestr nömrəsi ilə fərdi yaşayış evinin texniki pasportunun verildiyini, oğlu X1 Münəvvər Mönsüm qız ilə ailə qurduqdan sonra ünvan 2 ünvanında yaşadıqlarını, oğlu X6 ilə Şərur Rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli 2(110)-96/2020 saylı qətnaməsinə əsasən Cavabdeh rəsmi olaraq boşansa da, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda durmaqla yaşadığını, dəfələrlə Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmasını və yaşayış sahəsini boşaltmasını bildirsə də, onun bu günə kimi yayınaraq qeydiyyatdan çıxmaq və yaşayış sahəsini boşaltmaq istəmədiyini bildirdiyini, Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması və yaşamasının onun öz mülkiyyətindən istədiyi kimi istifadə etməsinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırdığını, bu səbəbdən Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən məcburi çıxarılması üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir. İddiaçı 25.11.2021-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 0.093 ha torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan ibarət fərdi yaşayış evindən Cavabdeh məcburi çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilməiş iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərdiyi halları təsdiq etmiş və əlavə olaraq izahatında və verilən suallara cavabında mərhum həyat yoldaşı 2014-cü ildə vəfat etdikdən sonra ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətinə keçdiyini, həmin evdə oğlu və gəlini Cavabdeh ilə birlikdə yaşadıqlarını, oğlu və gəlininin 2020-ci ildə boşandıqlarını, onlar boşanandan sonra Münəvvərin həmin evdən çıxmayaraq o evdə yaşamağa davam etdiyini, cavabdehin ona özünə məxsus evdə yaşamağa imkan vermədiyini, ona qarşı nalayiq ifadələr işlətdiyini, onun da məcbur qalıb yaşadığı evdən çıxdığını, 1 ildən çox müddətdir ki, kirayədə yaşadığını, oğlunun hər ay 300 manat məbləğində aliment ödədiyini, bu məbləğin onun kirayədə qalması üçün kifayət etdiyini, cavabdehin onun yaşayış evindən istifadəsi ilə bağlı notarial razılaşma bağlamdıqlarını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddanı qəbul etmədiyini, İmanov Qənimət ilə 2010-cu ildə evləndiklərini, birgə nikahdan 3 uşaqlarının doğulduğunu, aralarındakı nikahın 2020-ci ildə pozulduğunu, 3 uşağı ilə birlikdə qayınanasına məxsus evdə yaşadığını, başqa gedəcək yeri olmadığını, İmanov Qənimətin alimenti vaxtıvaxtında ödədiyini, hal-hazırda borcu olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17.07.2020-ci il tarixli AZ-İ № 221856 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasındakı nikah 17.07.2020-ci il tarixdə 59 nömrə ilə pozulmuşdur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına 13.10.2021-ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli 2(110)- 96/2020 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, Cavabdeh və X6 arasındakı 16.09.2010-cu il tarixli nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 17 aprel 2012-ci il il təvəllüdlü İddiaçı Qənimət qızı, 07 mart 2014-cü il təvəllüdlü X7 və 16 dekabr 2015-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılması, 08 iyun 2020-ci il tarixdən hesablanmaqla iddiaçı X2 hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının oğlu X6 Cavabdeh 16.09.2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 3 uşaqları doğulmuşdur. Birgə nikahda olduqları müddətdə qayınanası İddiaçı məxsus fərdi yaşayış evində yaşamağa başlamışlar. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə 2020-ci ildə cavabdehin iddiaçının oğlu ilə nikahı pozulmuşdur. Həmin vaxtdan da iddiaçı cavabdehə məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Həmin yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına 13.10.2021-ci il tarixdə **********23-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı cavabdehdən fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı mülkiyyət hüquqlarının pozulduğunu bildirərək cavabdehin fərdi yaşayış evindən məcburi çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yaşayış sahəsində istifadə ilə bağlı notarial qaydada təsdiqlənən yazılı razılaşma yoxdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli plenum qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli plenum qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli plenum qərarında göstərilir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli plenum qərarında göstərilir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. İşin faktiki hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edərkən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının keçmiş gəlini olduğundan və hazırda iddiaçının ailə hüquq münasibətləri baxımından iddiaçını saxlamaq vəzifəsi olmadığından, habelə tərəflər arasında məhdud əşya hüququnun yaranmasına əsas verən notarial razılaşma olmadığından iddiaçının tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Həmçinin yaşayış sahəsindən məcburi qaydada çıxarılması şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün də əsasdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib iddiaçının məhkəmə xərclərinin özünə aid edilməsi ilə bağlı xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, Mülki- Prosessual Məcəllənin 119.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.093 ha torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Məhkəmə xərci olaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar