Məhkəmə qərarları › İş №2(110)-835/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-835/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-835/2025 05.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və üç övladının onların mülkiyyətində olan Şərur rayon Zeyvə kəndində yerləşən 0.15 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli dörd otaqdan ibarət 150 m² sahəsi olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 ilə Cavabdeh 2007-ci ildə ailə qurduqlarını, ailə qurduqdan sonra cavabdeh ailəsi ilə birlikdə X4, İddiaçı1, X5, X3 və X1 birgə mülkiyyətində olan Şərur rayon Zeyvə kəndində yerləşən JN-1325A nömrəli 0.15 ha torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli dörd otaqdan ibarət 150 m² sahəsi olan fərdi yaşayış evində yaşamağa başladıqlarını, onların birgə nikahdan üç övladları olduğunu, cavabdeh onlarla yola gedə bilmədiyindən, onları təhqir etdiyindən və qaynanasını döydüyündən Röyalla cavabdeh arasında olan nikah 2024-cü ildə pozulduğunu, Cavabdeh haliyədə onların mülkiyyətində olan fərdi yaşayış evində övladları ilə birlikdə yaşadığını, cavabdehin nikah pozulduqdan sonra yüngül həyat tərzi yaşadığını, bununla bağlı Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib olunduğunu, cavabdeh öz hərəkətləri ilə onların şərəf və ləyaqətini alçaldaraq onları əhəmiyyətli dərəcədə narahat etdiyini, bütün baş verənlər onun sağlamlığına mənfi təsir göstərdiyindən, onunla bir yerdə yaşamaqlarının mümkün olmadığını bildirmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmişdir. İddiaçı1 məhkəmə iclasına gəlmiş, digər iddiaçılar və cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla digər iddiaçıların və cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsini öz adından və digər iddiaçıların adından imzalayan İddiaçı1 iş materillarına əlavə edilmiş etibarnamələrinə nəzər saldıqda görünür ki, onun bu səlahiyyəti müvafiq etibarnamələrdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bundan əlavə mülki prosessual qanunvericilik şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanını da istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblərə yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Mülki-Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Bundan əlavə qeyd edilən Məcəllənin 149.1 və 150.1.3-cü maddələrinin mahiyyətindən aydın olur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsində qeyd olunmuşdur ki, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qanunvericiliyin bu tələbi ilə bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş müvafiq etibarnamələr olduğu halda hazırki iş üzrə digər iddiaçıları məhkəmədə təmsil edə və təkrarən məhkəməyə hazırki iddia tələbi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, İddiaçı1 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 100 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən ödənilən 100 manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçılara izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar