Məhkəmə qərarları › İş №2(110)-853/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-853/2023

23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-853/2023 23.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 birgə mülkiyyətində olmuş Şərur rayon Qarahəsənli kəndi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı məhsullar istehsalı üçün torpaq sahəsini miras əmlak olaraq onun tərəfindən qəbul edilməsini faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində onun 1996-cı ildə mərhum X10 ilə ailə qurduğunu, onların ailə qurduqdan sonra Sabirin anası ilə yaşadıqlarını, onların birgə mülkiyyətlərinə Şərur rayon Qarahəsənli kənd ərazisində yerləşən Şərur rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə 0.39 ha kənd təsərrüfatı məhsullar istehsalı üçün torpaq sahəsi verildiyini, mərhum həyat yoldaşının 22 avqust 2015-ci ildə vəfat etdiyini, mərhum X4 göstərilən varislərinin olduğunu, Ərizəçi, həmin miras əmlakı onun, mərhum həyat yoldaşı X4 ölümündən sonra mübahisəsiz qəbul etdiyini və istifadə etdiyini, onun maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilmədiyini, onun, Mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon bir saylı Notariat Ofisinə müraciət etdiyini, Şərur rayon bir saylı Notariat Ofisinin 15 avqust 2023-cü il tarixli 91 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olduğunun bildirildiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 ilə qonşu olduqlarını, həmdə çöl torpaqlarının da həmsərhəd olduğunu, Sonanın əri Sabirin nə vaxt rəhmətə getdiyini dəqiq bilmədiyini, təqribən 8-10 ilə yaxın olduğunu, əri öləndən sonra Sonanın bütün təsərrüfatı özünün idarə etdiyini, həmin çöl payında yonca əkdiyini, yoncanı öz təsərrüfatında olan mal-qara üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 xala ilə həmkəndli olduğunu, əkin torpaq sahələrinin həmsərhəd olduğunu, Sona xalanın əri Sabirin təqribən 8 ildir vəfat etdiyini, əri öləndən sonra Sona xalanın çöl torpağında əvvəlcə buğda əkdiyini, hal-hazırda yonca əkdiyini, yoncanı öz heyvanlarının saxlanması üçün biçdirib apardığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 139 nömrəli arayışından görünür ki, mərhum X4 vərəsəsi Ərizəçidır. - Şərur rayon Qarahəsənli kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 378277 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixində Şərur rayon Qarahəsənli kəndində ürəkdayanması səbəbindən vəfat etmişdir. - Şərur rayon Qarahəsənli kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ- İ № 554483 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixində Şərur rayon Qarahəsənli kəndində Miokard infaktı səbəbindən vəfat etmişdir. - Şərur rayon VVAQ şöbəsi tərəfindən verilmiş 17 oktyabr 1996-cı il tarixli 293741 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X14 arasında 17 oktyabr 1996-cı il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Kərimova" soyadı verilmişdir. - Şərur rayon bir saylı Notariat Ofisinin notariusunun 92 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Qarahəsənli kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 ölümündən sonra miras qalmış Şərur rayon Qarahəsənli kəndində yerləşən torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir; - JN-163 KOD 10205068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Qarahəsənli kəndi ərazisində 0.39 ha kənd təsərrüfatı istehsalı torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 1 nömrəli qərarı ilə X5, X6 və Ərizəçi birgə mülkiyyətinə verilmişdir. - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2015-ci il tarixində vəfat etmiş X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Qarahəsənli kəndində yerləşən sözügedən miras əmlak ümumi birgə mülkiyyət olaraq X7, X8 və Ərizəçi məxsus olmuş, X10 xx.xx.2015-ci il tarixdə öldükdən sonra arvadı Ərizəçi həmin miras qalmış əmlaka sahiblik etməklə, faktiki olaraq idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələrilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2015-ci il tarixdə ölmüş mərhum X2 miras qalmış Şərur rayon Qarahəsənli kəndində yerləşən 0.39 ha torpaq sahəsi arvadı Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə ölmüş mərhum X2 miras qalmış Şərur rayon Qarahəsənli kəndində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinalı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar