Məhkəmə qərarları › İş №2(110)-909/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-909/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-909/2023 17.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 onun mülkiyyətində olan Şərur rayon Düdəngə kəndində yerləşən 0,0675 ha torpaq sahəsi üzərində tikilmiş 125,7 kvm olan 3 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2019-cü il tarixli çıxarışına əsasən Şərur rayon Düdəngə kəndində yerləşən 0,0675 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 3 otaq 1 salondan ibarət ümumi sahəsi 125,7 kv.m olan fərdi yaşayış evinin onun mülkiyyətinə verildiyini, əmlak barədə texniki pasportun verildiyini, əmlakın nikah dövründə əldə olunduğunu, oğlu Cavabdeh1 2003-cü ildə ailə qurduğunu və ailəsi ilə birlikdə onun mülkiyyətində yaşadıqlarını, onların 3 övladının olduğunu, cavabdehlərə 2000 kv.m həyətyanı torpaq sahəsi və üzərində yarımtikili olan ev aldıqlarını, cavabdehlərin torpaq sahəsi və üzərində yarımtikilini 10000 manata satdıqlarını, öz mülkiyyəti olan evdə bu ilin 15 avqustuna kimi yaşadığını, lakin son zamanlar cavabdehlərin onunla yola getmədiklərini və dava-dalaş saldıqlarını, onu mülkiyyətindən qovub çıxardıqlarını, yaşamağa başqa evi olmadığından haliyədə Şərur rayon Düdəngə kəndində mərhum qaynı Vəliyev İlhamın evində yaşadığını, bütün bunların öz sağlamlığına təsir etdiyini, buna görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq oğlu Nəcəfin ailəsilə birlikdə 20 ildir ki, onunla yaşadığını, onun 3 uşağını böyütdüyünü, indi arvadı ilə birləşib onu evdən qovduqlarını, gəlinin ona nalayiq ifadələr işlətdiyini, qızının əri ilə yola gedə bilmədiyindən ayrılıb onun evinə gəldiyini, qızının başqa gedəcək yeri olmadığını, qızı gəldiyi üçün oğlu və gəlinin onları evdən qovduqlarını, 2 aydır ki, başqa adamın evində yaşadığını, bu müddət ərzində onlarla maraqlanmadıqlarını, məhkəmədən bildiriş gəldikdən sonra onu apamaq üçün gəldiklərini, onların başqa torpaq sahəsi olduğunu, Nəcəfin onu 10000 manata satdığını, pulu qayınatasına verdiyini, həmin pulu da istədiyini, kompensasiya verməyə razı olmadığını bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, anası ilə heç bir problemi olmadığını, evləndikdən sonra 20 ilə yaxındır birlikdə mehriban yaşadıqlarını, bacısı onlara gəldikdən sonra evdə mübahisə yaratmağa başladığını, bir gün işdən gəldikdən sonra anası və bacısının evdə olmadığını gördüyünü, anasını gətirməyə getsə də bacısının onu təhqir edib qovduğunu, torpaq məsələsinə gəldikdə isə həmin torpağın pulunun bir hissəsini bacısına toy etdiyi üçün verdiyini, qalan hissəsi ilə də anasının evində hamam tikdirdiyini, anasının və bacısının həmin evdə qalmasına heç bir maneçilik törətmədiyini, əksinə acıq edib getdikdən sonra gətirmək üçün dallarınca getsə də gəlmədiyini, hazırda özünün, arvadının və üç uşağının yaşamaq üçün başqa yaşayış sahəsi olmadığını, anası ilə barışmaq istədiyini bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 izahatında və verilən suallara cavabında həmin evə gəlin gəldikdən sonra ötən illər ərzində qaynanası ilə heç bir problemləri olmadığını, qaynanasını heç vaxt təhqir etmədiyini, onları da evdən heç kimin çıxarmadığını, özlərinin çıxıb getdiklərini, buna görə iddianı qəbul etmədiyini bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2019-cü il tarixli MH ******* nömrəli çıxarışından və xx.xx.2019-cü il tarixli 2967 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şərur rayonu Düdəngə kəndində yerləşən 0,0675 ha torpaq sahəsi üzərində tikilmiş 125,7 kvm olan fərdi yaşayış evi X1 miras qalmış əmlak kimi vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə **********80-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Şərur rayon Düdəngə kənd İƏDN xx.xx.2023-cü il tarixli 431 nömrəli arayışından görünür ki, İddiaçı oğlu Cavabdeh1, gəlini Cavabdeh2, nəvələri X2, X5, İddiaçı Nəcəf qızı ilə birlikdə Şərur rayon Düdəngə kəndində yaşayır. İş materiallarında olan xx.xx.1984-cü il tarixli X-JQ №258583 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1984-cü ildə doğulmuş Cavabdeh1 atası X6, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli AZ-İ №102244 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X3 nikahı 08 noyabr 2005-ci il tarixdə 13 nömrə ilə Şərur rayon Düdəngə kənd İƏDN-də qeydə alınmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 İddiaçı oğludur və onunla birlikdə yaşayan ailə üzvüdür. O 8 noyabr 2005-ci ildə Cavabdeh2 ilə nikaha daxil olmuş və birlikdə atası X4 məxsus evdə valideynləri və arvadı ilə birlikdə yaşamış, birgə nikahından üç uşağı doğulmuşdur. X6 vəfat etdikdən sonra ondan miras qalan Şərur rayon Düdəngə kəndində yerləşən 0,0675 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 125,7 kv.m olan fərdi yaşayış evi 2019-cu ildə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Tərəflər bundan sonra da həmin evdə birlikdə yaşamağa davam etmişlər. Tərəflər arasında münasibətlər korlandığından iddiaçı cavabdehlərin mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Kompensasiya ödənilməklə onların mənzildən çıxarılması ilə bağlı qanunvericiliyin normaları iddiaçıya izah olunsa da, iddiaçı bununla razılaşmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə buna görə hesab edir ki, iddiaçının oğlu olan Cavabdeh1 1984-cü il tarixdə doğulduğundan və ona münasibətdə hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1dək yarandığından mübahisənin həlli zamanı 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq normaları tədbiq olunmalıdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.1-ci maddəsi də iddiaçının oğlu olan Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququnu tanıyır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə 1982-ci il Azərbaycan SSR Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan hüquq norması mövcud olmadığından, mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya biləcəyindən, 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, də iddiaçının oğlu olan Cavabdeh1 qarşı kompensasiya ödəmədən mənzildən çıxarılması iddiası yuxarıda qeyd edilən maddi hüquq normalarına zidd olduna görə təmin oluna bilməz. Məhkəmə iddiaçının gəlini olan Cavabdeh2 münasibətdə iddianın rədd olunması ilə bağlı gəldiyi nəticəni isə aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarına görə Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutulduğu, Maddədə “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyi göstərilmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının oğlu olan cavabdehə qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılmasına dair” iddia qaldırmadan birbaşa oğlunun və gəlinin mənzildən çıxarılmasına dair iddia qaldırması əslində ümumiyyətlə kompensasiya ödəməkdən yayınmaqla cavabdehləri konstitusiya ilə qorunan mənzil hüquqlarından məhrum etməyə yönəlmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçının oğlu və gəlini arasında mehriban ailə münasibətləri davam edir, tərəflərin himayəsində 3 uşağı var. Həmçinin iddiaçının hazırda mülkiyyətində olan yaşayış evi cavabdeh olan oğlunun da vərəsəsi olduğu ərindən miras qalmış əmlakdır ki, həmin əmlakın da iddiaçının mülkiyyətinə keçməsinə səbəb vərəsə kimi oğlunun razılıq verməsi olmuşdur. Hazırda iddianın gəlinin evdən çıxarılmasına dair hissədə təmin olunması və icrası isə faktiki olaraq iddiaçının oğlunun da öz ailəsini qoruması məqsədilə yaşayış sahəsini tərk etməsi ilə nəticələnəcəkdir ki, bu da əslində iddianın iddiaçının oğluna münasibətdə rədd edilməsini mənasız etmiş olur. Çünki, iddiaçının oğlunun məhkəmə tərəfindən tanınan yaşayış sahəsindən istifadə hüququna görə qanunvericiliyə əsasən kompensasiya tələb etmək hüququ da yoxdur. Çünki, qanunvericiliyə görə kompensasiya təklif etmək mülkiyyəçinin hüququdur. Bu baxımdan məhkəmə hazırkı işə baxarkən ailə institunun mahiyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsinə görə ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bir sıra qərarlarında da etibarlı ailə əlaqələrinə münasibət bildirmişdir. “S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 01 oktyabr 2009cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2010-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. (eyni mövqe Konstitusiya Məhkəməsi Plenumunun 2 dekabr 2010-cu il tarixli qərarında da qeyd olunmuşdur) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli plenum qərarında göstərilir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Həmin qərarda göstərilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Məhkəmə onu da xüsusilə qeyd etməyi zərur hesab edir ki, hazırkı işin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il, 14 noyabr 2008-ci il, 25 dekabr 2009-cu il qərarlarında qeyd edilən işlərin faktiki hallarından əhəmiyyətli şəkildə fərqlənir. Həmin işlər üzrə cavabdeh gəlin ya həmin məzildə yaşamadan istifadə hüququ tələb edir, ya da iddiaçının ailə üzvü olan oğlu ilə ailə münasibətlərinə artıq xitam verilmişdir. Buna görə də məhkəmənin gəldiyi bu nəticə həmin qərarlarda göstərilən hüquqi mövqelərə zidd kimi qiymətləndirilə bilməz. Beləliklə, hazırkı iş üzrə Cavabdeh1 İddiaçı onunla birgə yaşayan oğlu olduğundan, buna görə yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ olduğundan, digər Cavabdeh2 isə Cavabdeh1 arvadı olmaqla onunla birgə həmin yaşayış sahəsində 20 ilə yaxındır yaşadığından, gəlinə münasibətdə iddianın təmin olunmasının ailənin bütövlüyünün pozulmasına səbəb olacağından və ümumiyyətlə iddiaçının oğlunun da malik olduğu yaşayış sahəsindən istifadə hüququndan özünün ailə münasibətləri pozulmadan istifadə etməsini mümkünsüz hala gətirəcəyindən, iddiaçının Cavabdeh1 kompensasiya vermək yolu ilə onun mənzildən istifdə hüququna xitam verilməsi və ailəsi ilə birlikdə mənzildən çıxarılmasını tələb etmək hüququnun iddiaçıya izah olunmasına baxmayaraq onun kompensasiya ödəməyə razı olmadığından iddia rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar