Məhkəmə qərarları › İş №2(110)-955/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-955/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-955/2023 16.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəpəz Rayon Məhkəməsinin 2(043)-1942/2018 nömrəli məhkəmə qətnaməsi ilə Cavabdeh qızı X1 üçün müəyyən olunmuş alimentin dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün 200 manat olmaqla, ümumilikə 400 manat miqdarında alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2014-cü ildə cavabdehlə nikaha daxil olduqlarını, birgə nikahdan Gülay və Yusif adlı uşaqlarının doğulduğunu, cavabdehlə yola gedə bilmədiyindən aralarında bağlanmış nikah Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə 2017-ci ildə pozulduğunu, iki azyaşlı övladının onunla yaşadığını, qızının saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 2(110)-637/2017 nömrəli məhkəmə əmrinə əsasən cavabdehin aylıq qazancının 1/4 hissəsi tutularaq bir uşağın saxlanılması üçün aliment müəyyən olunduğunu, 2018-ci ildə isə Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1942/2018 nömrəli məhkəmə qətnaməsi ilə alimentin miqdarının dəyişdirilərək hər ay 100 manat miqdarında müəyyən olduğunu, haliyədə cavabdeh ayda cəmi 100 manat aliment ödədiyini, övladlarını böyüdüyünü, Gülayın orta məktəbdə təhsil aldığını, onların saxlanlması üçün xərclərin artdığını, ödənilə alimentin məbləği onların təlabatını ödəmədiyini, ilkin mediasiya sessiyasında razılığa gələ bilmədiklərini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Kəpəz Rayon Məhkəməsinin 2(043)-1942/2018 nömrəli icra sənədinə xitam verildiyindən tələbini dəqiqləşdirərək yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimetin təyin edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq 2019-cu ildə cavabdehlə barışaraq 2023-cü ilə kimi bir ailədə yaşadıqlarını, ikinci uşaqlarının doğulduğunu, lakin nikaha daxil olmadıqlarını, cavabdehin uşağa atalıq verdiyini, cavabdehin 4 aydır ki, uşaqların saxlanmasına heç bir köməklik etmədiyini, uşaqlarına valideynlərinin baxdığını, onların ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin Bakı şəhərində birgə nikah dövründə tikdikləri evdə yaşadığını, özünün orada kirayədə yaşayacağını, cavabdehin özünəməxsus avtomobillə sürücülük fəaliyyəti ilə məşğul olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehədə məhkəmə bildirişini çatıb-çatmaması ilə əlaqədar telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığını, iddiaçı ilə son 1 aya qədər birlikdə yaşadıqlarını, iddianı qəbul etmədiyini, özünün heç bir yerdə işləmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Gəncə Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi və 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Az-İİİ № 396992 nömrəli və xx.xx.2020-ci il tarixli Az-İV № 457502 nömrəli doğum haqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli Az-İ № 221954 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və İddiaçı arasındakı nikah xx.xx.2021-ci il tarixdə 14 nömrə ilə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)- 637/2017 nömrəli əmrindən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə doğulmuş X1 üçün aylıq qazancının 1/4 hissəsi tutularaq alimentin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)- 1942/2018 nömrəli məhkəmə qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-637/2017 nömrəli məhkəmə əmri ilə aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin miqdarının artırılaraq 100 manat sabit pul məbləğində aliment təyin olunması qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər 2014-cü ildə nikaha daxil olmuş, 2017-ci ildə nikahları pozulmuşdur. Birgə yaşadıqları müddətdə 2 uşaqları doğulmuşdur. Tərəflər ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Uşaqların saxlanması üçün cavabdeh iddiaçıya maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehə telefonoqram göndərilən zaman Bakı şəhərində yaşadığını və o qədər aliment ödəməyə imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, cavabdehin qazancından asılı olmayaraq uşağın minimum dolanacaq xərclərini təmin etməli olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə iki uşağa görə 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır. Mülki- Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 68 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Muğancıq Müslüm kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar