Məhkəmə qərarları › İş №2(111)-10/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-10/2022

27.01.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-10/2022 27.01.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X13 iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək əri - 1953-cü ildə Şərur rayon Yurtçu kəndində doğulmuş X4 2010-cu ildən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə Kəngərli rayon Yurdçu kəndində anadan olmuş, 1975-ci ildə X14 ilə evlənmişdir. Birgə evlilik dövründə Haxverdi işləmək üçün Rusiyaya gedib-gəlirdi. Axırıncı dəfə 2002-ci ildə Haxverdi yenə də işləmək üçün Rusiyaya getdi. Onun Saratov vilayətində olduğunu bilirdik. Lakin 2010-cu ildən sonra Haxverdidən heç bir xəbər ala bilmədik. X6 Saratov vilayətində öldüyünü eşitsək də, onun ölməsi barədə heç bir rəsmi məlumat yoxdur. Bizim hazırda yaşadığımız ev və torpaq sahəsi Haxverdinin anasının adınadır. Vərəsəlik açılması üçün müvafiq orqanlara müraciət edəndə də, Haxverdinin sənədi və ya ölüm haqqında şəhadətnaməsi tələb olunur. Onun isə harda olmasından və ölməsindən heç bir məlumatımız olmadığına görə həmin sənədi almaq mümkün deyil. Haxverdiyə ölüm şəhadətnaməsi almaq üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, onun verilməsindən imtina edildi. Ona görə də belə hesab edir ki, əri X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmədə ərizəçi qismində dindirilən Ərizəçi izahatında ərizəsini müdafiə edərək 1956-cı il tarixdə Şərur rayon Yurtçu kəndində doğulduğunu, 1975-ci ildə X15 ilə evləndiyini, birgə evlilikdən üç uşaqlarının doğulduğunu, 2002-ci ildə Haqverdinin işləmək üçün Rusiyaya getdiyini və bir daha geri qayıtmadığını, 2010-cu ildən sonra ondan heç bir xəbər ala bilmədiklərini, ona görə də onun öldüyünə əmin olduqlarını və hətta 2013-cü ildə Rusiyadan ölüm haqqında sənəd gəldikdən sonra kənddəki evlərində X8 yas da saxladıqlarını, lakin Haqverdinin ölməsi barədə hər hansı bir rəsmi sənədin olmadığını, Yurtçu kəndində rəhmətlik qaynanasından torpaq sahəsi qaldığını, qaynanası Püstənin 2005-ci ildə rəhmətə getdiyini, Püstənin Haqverdidən başqa heç kəsi olmadığını, Haqverdinin ölüm haqqında şəhadətnaməsi olmadığına görə həmin torpaq sahəsini sənədləşdirə bilmədiklərini, ona görə də Haqverdinin ölmüş elan edilməsinin hüquqi əhəmiyyət kəsb etdiyini göstərərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs qismində izahat verən Maraqlı şəxs rəisi X23 izahatında Kəngərli rayon Yurdçu kənd sakini Ərizəçi qeydiyyat şöbəsinə müraciət edərək, əri X8 ölüm haqında şəhadətnamə verilməsini xahiş etdiyini, lakin hər hansı bir sənəd təqdim etmədiyini, ona görə də ölüm haqqında şəhadətnamə verilməsindən imtina məktubu verildiyini, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində Ərizəçi qonşusu olduğunu, Mələyin əri X5 2002-ci ildə işləmək üçün Rusiyaya getdiyini və bir daha geri qayıtmadığını, 2013-cü ildə ölüm xəbərinin gəldiyini, həmin vaxt kənddə Haqverdiyə yas da saxladıqlarını göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid2 ifadəsində Ərizəçi onun xalasının qızı, həm də qonşusu olduğunu, münasibətlərinin yaxşı olduğunu, Mələyin əri X5 2002-ci ildə işləmək üçün Rusiyaya getdiyini və bir daha geri qayıtmadığını, nə qədər axtarsalar da heç bir məlumat ala bilmədiklərini, 2013-cü ildə ölüm xəbərinin gəldiyini, həmin vaxt kənddə Haqverdiyə yas da saxladıqlarını göstərdi. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 12 oktyabr 2017-ci il tarixli, 478 nömrəli arayışına əsasən X5 ölüm akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 03 sentyabr 2018-ci il tarixli, 57/02 nömrəli məktubuna əsasən X9 ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş İ-JQ 264406 nömrəli nikah haqında şəhadətnaməyə əsasən X14 ilə X16 01 yanvar 1975-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Nuriyeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İH Yurtçu kənd İƏDÜN-nin 15 aprel 2021-ci il tarixli 186 nömrəli arayışına əsasən Nuriyeva X21 rayonunun Yurtçu kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Ərizəçi məxsus AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx xxxx 1956-cı il tarixdə Şərur rayon Yurtçu kəndində doğulmuşdur və orada qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İH Yurtçu kənd İƏDÜN-nin 30 sentyabr 2021-ci il tarixli 346 nömrəli Ərizəçi verilmiş arayışa əsasən həqiqətən onun əri X14 2002-ci ildə Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Polis Şöbəsi tərəfindən Ərizəçi müraciətinə verilən cavabda X4 barəsində heç bir məlumat olmadığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Polis şöbəsi tərəfindən sorğu əsasında təqdim olunmuş forma-1 kartoçkasının surətinə əsasən X15 24 mart 1953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası isə X19r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Naxçıvan” X10 27 dekabr 2021-ci il tarixli 33/1090 nömrəli məktubuna əsasən X5 barəsində giriş-çıxış idarələr arası məlumat axtarış sistemində heç bir məlumat tapılmamışdır. İş materiallarına əlavə olunmuş Rusiya Federasiyası fəaliyyət göstərən “Heydər” Azərbaycan Milli Mədəniyyət X26 İctimai Təşkilatı tərəfindən verilmiş sənədə əsasən 24 mart 1953-cü ildə doğulmuş X15 27.07.2010-cu ildə ölüb. Dəfn olunduğu yer: Rusiya Saratov vilayəti, Krasnokutsk rayonu. Mərhumun dəfninin şahidləri: “Heydər” Azərbaycan Milli Mədəniyyət Mərkəzi SR sədri X22, ”Zaman-Aqro İstehsalat Ticarət Şirkətinin prezidenti X20 və məsciddən molla X2r. İş materiallarına əlavə olunmuş JN-328A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 anası mərhum X18 mülkiyyətində 0.30 ha torpaq sahəsi vardır. İş materiallarında olan Maraqlı şəxs 17 yanvar 2022-ci il tarixli ölüm akt qeydindən çıxarışa əsasən X24 23.10.2005-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarında olan sənədlərdə “Haxverdi” adının texniki səhvlik kimi qəbul edərək “Haxverdi” adını Kəngərli Rayon Polis şöbəsi tərəfindən sorğu əsasında təqdim olunmuş forma-1 kartoçkasının surətinə əsasən “Haqverdi” kimi qəbul etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı, şahidlərin ifadəsi və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, X15 24 mart 1953-cü ildə doğulmuşdur. Ərizəçi X15 ilə 1975-ci ildə rəsmi olaraq evlənmiş və Kəngərli Rayon Yurdçu kəndində yaşamışlar. X15 2002-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və bu günə kimi geri qayıtmamışdır. Ərizəçi onu axtarsa da heç bir məlumat ala bilməmişdir. Lakin Haqverdinin 2010-cu ildə vəfat etdiyi qeyri-rəsmi xəbərini almışdır. Hazırda ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsi olmadığına görə onun anası mərhum X11 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ona görə də ərinin ölmüş elan olunması üçün məhkəməyə müraciət etmişdir. X5 ölmüş elan edilməsi ərizəçinin əmlak hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçi ərinin ölmüş elan edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. İş materialları ilə müəyyən olunur ki, ərinin ölmüş elan edilməsi faktının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə almaq, ölüm haqqında şəhadətnamə isə vərəsəlik hüququnun həyata keçirmək üçün lazımdır. Ərizəçi mərhum qayınanası X11 miras qalmış əmlaka dair irsi transmissiya üzrə mirasın qəbul edilməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməni, ərinin ölüm haqqında şəhadətnaməsi olmadığına görə ala bilməmişdir. Qeyd olunan fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan, hüquqi əhəmiyyətə malikdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarına və iş üzrə toplanmış materiallar əsasında müəyyən edilmiş hallara əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin əri - X1 yaşayış yeri olan Kəngərli rayon Yurtçu kəndində onun harada olması barədə beş ildən çox, 20 il ərzində heç bir məlumatın olmaması ərizəçinin ərinin sağ olması ehtimalını aradan qaldırır və onun ölmüş elan edilməsinə əsas verir. Ona görə də ərizəçinin əri 24 mart 1953-cü il tarixdə Bakı şəhərində doğulmuş, Kəngərli rayon Yurtçu kəndində qeydiyyatda olmuş və həmin ünvanda yaşamış X15 ölmüş elan edilməli və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216–220, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 mart 1953-cü il tarixdə Bakı şəhərində doğulmuş, Kəngərli rayon Yurtçu kəndində qeydiyyatda olmuş və həmin ünvanda yaşamış X15 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü sayılsın. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar