Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-110/2025 23.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “əmrin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələr” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən qanunsuz azad olunmağı barədə olan "xxxx" MMCnin 15 yanvar 2025-ci il tarixli 23 nömrəli əmrinin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələr barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 17 iyun 2017-ci il tarixdən "xxxx" MSC-də əmək müqaviləsi əsasında sürücü vəzifəyə təyin edilmiş, orada sement istehsalı üçün daş, torpaq və digər xam materialları kamyon mersedes markalı avtomobillə daşıyırmış. Əvvəllər işə girəndə 400 manat əməkhaqqı alırmış, sonralar isə 550 manat əməkhaqqı almışdır. İş rejimi isə üç növbəli idi. Səhər saat 09:00-dan 18:00 dək, 18:00-dan 01:00 dək, sonunçu növbə isə 01:00 dan səhər saat 09:00-dək işləyirmiş. İşə gələndə işə girib çıxmaq barədə davamiyyətə qol çəkirmiş. İşə vaxtıvaxtında gedib gəlir, işdən azad olunanadək heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Hətta belə heç bir rəsmi xəbərdarlığı da olmayıb. 2024-cü ilin aprel ayının əməkhaqqını alan zaman əməkhaqqında azalma olduğunu bilmişdir. Halbuki, həmin ay 1400 manat əməkhaqqı almalı imiş. Ona görə ki, mart ayı qeyri iş gününə düşdüyünə görə 15 iş günü olduğu halda 31 iş günü işlətdikləri üçün əlavə ikiqat hesablamalı idilər. Maaşının azalmasını görüb mühasib Elşən müəllimə müraciət etmişdir. O, isə əmək haqqının 31 bölüb birgünlük əmək haqqının nə qədər olduğunu demiş, ondan soruşmuş ki, niyə istehsalat təqvimindən istifadə etmirsiniz. O isə bildirmişdir ki, siz haqlısınz, amma müdirin göstərişi belədir. Hüquqlarının pozulması ilə əlaqədar Əmək müfəttişliyinə müraciət etmişdir. Ondan sonra müdir X4 onunla ədavət və qərəzli münasibətlərə başlamışdır. 26 dekabr 2024-cü il tarixdə ona bildirmışlər ki, ya özün könüllü ərizəni yaz işdən səni azad edək, yoxsa səni əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə kobud pozuntu ilə məcburi işdən çıxardacayıq deyə hədələmişlər. Onlara bildirmişdir ki, nə səbəbə məni işdən çıxardırsınız, mən neyləmişəm, onlar isə güya satışın azalmasını bəhanə etmişlər. Həmin zaman onlara izah etmişdir ki, müqavilə ilə işləyən işçilərin müqavilələrinin vaxtını artırıb onları niyə işdə saxlayırsınız, məni isə çıxardırsınız. Onlar isə bu suala cavab verməmişlər. 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndinə əsasən 23 saylı əmrlə qanunsuz və iradəsinə zidd olaraq işdən azad etmişlər. Bununla bağlı Mediasiya təşkilatında olmuş, onlarla məsələni barışıq yolu ilə həlli ilə bağlı təklif göndərmişdir. Lakin onlar mediasiya sessiyasında danışığa gəlməmişlər. Ona görə də pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə iştirak edən iş üzrə İddiaçı izahatında 17 iyun 2017-ci il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi əsasında sürücü vəzifəyə təyin edildiyini, onunla 2018-ci ildə müqavilə yenidən müqavilə bağlanaraq əmək müqaviləsinin təzələndiyini, onunla bağlanmış həmin müqavilənin müddətsiz olduğunu, iş yerində pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müəssisə rəhbərliyinə müraciət etdikdən sonra 2024-cü ilin dekabr ayında təzyiqlərə məruz qaldığını, ona ya ərizə yazıb özünün işdən çıxmağı, ya da özlərinin onu işdən çıxaracaqlarını dediklərini, nəticədə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsaslanaraq xitam verib onu işdən azad etdiklərini, 12 yanvar 2025ci il tarixdə onu kadrlar şöbəsinə çağıraraq bu barədə bildiriş verdiklərini, lakin həmin bildirişi qəbul etmədiyini, müəssisə tərəfindən onun ünvanına əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərildiyini, 15 yanvar 2025-ci ildə isə onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini, onu iş həcminin azaldılması ilə əlaqədar işdən azad etdiklərini bildirsələr də, onunla birlikdə müddətli əmək müqaviləsi bağlanılmaqla çalışan işçilərin əmək müqavilələrinin müddətinin uzadıldığını, onunla aylıq müddətli əmək müqaviləsi bağlanılmasını istəmədiyini, onun razılığı olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi işdən azad edildiyini, əmək müqaviləsində Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinin qeyd edilməməsini, həmin Məcəllənin 75.3-cü maddəsinin tələblərinə əməl olunmadığını və bu səbəbdən də işdən azad olunması barədə ona Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinin ədalətsiz şəkildə tətbiq olunduğunu bildirərək məhkəmədən iddiasının təmin olunaraq işinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən iş üzrə cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında vətəndaş onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini bilirsə də, satışların kəskin azalması və Naxçıvanda tikinti sektorunda durğunluğun baş verməsi səbəbindən iş həcminin azaldığını, bununla bağlı mənfəət vergisinin bəyannaməsinin iş materiallarına əlavə olunduğunu, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə məcburi öhdəlik götürülərək xitam verildiyini, əgər qəsdən işçi işdən azad olunsaydı müəssisə tərəfindən belə öhdəlik götürülmədən başqa əsaslarla əmək müqaviləsinə xitam verilə biləcəyini, iddiaçıya müəyyən dövr keçdikdən sonra yenidən onunla əmək müqaviləsinin bağlanılması təklif edilsə də onun bu təklifdən imtina etdiyini, 14 yanvar 2025-ci il tarixdə iddiaçının ünvanına xəbərdarlıq məktubu göndərildiyini, eyni zamanda İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə görə işəgötürən barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın da məhkəmənin qərarı ilə ləğv edildiyini, odur ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qeyri-qanuni olmadığını və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edildiyini, əmək müqavilənin xitamı bağlı işçiyə ödəmələr aparıldığını bildirərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş 01 may 2018-ci il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı ilə “X6” MMC arasında müddət göstərilmədən əmək müqaviləsi bağlanmış, həmin tarixdən İddiaçı “X6” MMC-nin daşımaçılığında sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 9.1-ci maddəsində bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin direktoru Kamal Kərimov tərəfindən "xxxx" MMC-də sürücü işləyən İddiaçı ünvanlanmış 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı cəmiyyətdə hazırki dövr üçün işin və göstərilən xidmətlərin həcminin azalması səbəbi ilə Müqavilənin 9.1 və Məcəllənin 75.2 ”ç” bəndini rəhbər tutaraq onunla bağlanmış müqavilənin birtərəfli qaydada ləğv etmək niyyətində olduqları, işəgötürən olaraq 6 ay ərzində işlərin çoxalması halında həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlayacaqları diqqətinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 23 nömrəli əmrə əsasən İddiaçı ilə "xxxx" MMC-nin direktoru X5 arasında bağlanmış əmək müqaviləsinə “İşin həcminin azalması, 6 ay müddətində işin həcmi artarsa, həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlanacağı barədə öhdəlik götürməklə” AR ƏM-nin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 2023-2024-cü illər barədə “Mənfəət vergisi bəyannaməsi”nin vergi ödəyicisi haqqında ümumi məlumatdan çıxarışdan görünür ki, 2023-cü ildə vergitutma məqsədləri üçün mənfəət 769,308 manat, 2024-cü ildə isə həmin məbləğ 2,964,351 manat olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin tarixcəsindən görünür ki, ********** VÖEN-ə məxsus “X6” MMC kommersiya qurumunun adı dəyişərək hazırda "xxxx" MMC olmuşdur. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı ilə “X6” MMC arasında müddət göstərilmədən 01 may 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin tarixdən İddiaçı “X6” MMC-nin daşımaçılığında sürücü vəzifəsinə işə qəbul olunmuş, “X6” MMC kommersiya qurumunun adı dəyişərək "xxxx" MMC olmuş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun 15 yanvar 2025-ci il tarixli, 23 nömrəli əmri ilə “İşin həcminin azalması, 6 ay müddətində işin həcmi artarsa həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlanacağı barədə öhdəlik götürməklə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş və həmin əmrdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin AR Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinin “işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə” əsası qeyd edilmiş, əmək müqaviləsinə xitam verilməsindən əvvəl cavabdeh təşkilat tərəfindən iddiaçıya müqavilənin birtərəfli qaydada ləğv etmək niyyətində olduqları, işlərin çoxalması halında həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlayacaqları təklif edilmiş, lakin iddiaçı bu təklifə razı olmadığından ona yazılı məktubla cəmiyyətdə hazırki dövr üçün işin və göstərilən xidmətlərin həcminin azalması səbəbi ilə Müqavilənin 9.1 və Məcəllənin 75.2 ”ç” bəndini rəhbər tutaraq onunla bağlanmış müqavilənin birtərəfli qaydada ləğv etmək niyyətində olduqları, işəgötürən olaraq 6 ay ərzində işlərin çoxalması halında həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlayacaqları diqqətinə çatdırılmışdır. “Mənfəət vergisi bəyannaməsi”nin vergi ödəyicisi haqqında ümumi məlumatlarda "xxxx" MMC-nin 2023-cü ilə nisbətdə 2024-cü ildə ümumi gəliri azalmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 15 yanvar 2025-ci il tarixli 23 nömrəli əmrinin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələrin hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsini nəzərdə tutur. Həmin maddənin 1-ci bəndinə görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, "xxxx" MMC iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Bununla bağlı qeyd edir ki, tərəflər arasında tərtib edilmiş 01 may 2018-ci il tarixli Əmək Müqaviləsinin 9.1-ci maddəsində qeyd edilir ki, X7 Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Qeyd edilən müqavilə forması Əmək Məcəlləsinin Əlavələrində nəzərdə tutulmuş formada tərtib edilmişdir. Məhkəmədə "xxxx" MMC-nin 2023-cü ilə nisbətdə 2024-cü ildə ümumi gəliri azalması təsdiq olunmuş və onun tərəfindən qanunvericiyə uyğun olaraq işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə öhdəlik götürülmüşdür. Məhkəmə Əmək müqaviləsində 75-ci maddəyə birbaşa istinad verilməsinə baxmayaraq iddiaçının onun razılığı olmadan əmək müqaviləsinə xitam verilməsi və Əmək Məcəlləsinin 75.3-cü maddəsinin tələblərinə əməl olunmadan işdən azad edilməsi mülahizəsi ilə əlaqədar münasibətdə qeyd edir ki, Əmək Müqaviləsində açıq formada həmin normaya bütövlükdə istinad edilməklə dolayısı ilə 75-ci maddənin İİ hissəsində qeyd edilən bütün halları ehtiva etmişdir. Həmçinin, Əmək Məcəlləsinin 75.1-ci maddəsində bildirilir ki, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını miiəyyən edə bilərlər. Lakin birbaşa 75-ci maddəyə istinad edilməklə İİ hissədə nəzərdə tutulan həmin halların əmək münasibətlərinə tətbiq edilməli olduğu və xitam verilərkən həmin maddənin tələblərinə əməl edilməklə ləğv edilməsi onsuz da Əmək Müqaviləsində qeyd edilmişdir. Əmək Məcəlləsində nəzərdə tutulan bütün normativ tələblərin hamısının əmək müqaviləsinə daxil edilməsi mümkünsüzdür. İşəgötürən tərəfindən işçinin işdən azad edilməsi ƏM-nin 75 maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürməklə əmək müqaviləsinə xitam verilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, bu əsasla işçi ilə bağlanmış müqaviləyə xitam verildikdə işçinin ərizəsinin alınması halı (razılığı) qanunvericilikdə tələb edilmir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, işçi əmək qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilmiş və xx.xx.2018-ci il tarixdə xx.xx.2025-ci il tarixədək istifadə edilməmiş, 23 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanmış ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı ərizəsində göstərdiyi digər ödəmələrin nədə ifadə olunmasını əsaslandırmamış, eləcə də onun subyektiv hüquq və azadlıqlarını pozması və ya məhdudlaşdırması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 15 yanvar 2025-ci il tarixli, 23 nömrəli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər- məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər ödəmələrin verilməsi barədə tələblər də əsassızdır və təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual- Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 yanvar 2025-ci il tarixli 23 nömrəli əmrinin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələr tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-110/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-110/2025
23.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver