Məhkəmə qərarları › İş №2(111)-15/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-15/2022

07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-15/2022 07.01.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx xxxx 1956-cı il tarixli doğum akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1956-cı il tarixində Naxçıvan MSSR İliç rayonunun Xok kəndində anadan olmuş, anadan olduqdan sonra ona doğum haqqında şəhadətnamə verilmişdir. 1972-ci il tarixində Naxçıvan MSSR İliç rayonunun Xok kənd orta məktəbini bitirmiş və məktəbi qurtardıqdan sonra 18 mart 1976-cı il tarixində nikaha girərək X11 ilə ailə həyatı qurmuşdur. 09 dekabr 1980-cı il tarixində adına Sovet Sosialist Respublikalar İttifaqı vətəndaşının pasportu verilmişdir. Ondan sonra 01 fevral 2007-ci il tarixində Kəngərli rayon Polis şöbəsi tərəfindən ona AZE 0******* nömrəli şəxsiyyət vasiqəsi verilmişdir. Mərhuma anası X3 06.02.2011-ci il tarixində vəfatından sonra Kəngərli rayonu Xok kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ona çatan paya qanun üzrə vərəsəlik üzrə şəhadətnamə almaq məqsədi ilə sənədləri toplayan vaxt ona məxsus doğum haqqında şəhadətnaməni tapa bilməmiş və doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə və Şərur rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs 21.10.2021-ci il tarixli, 02/197 nömrəli məktubuna əsasən doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edildiyi, eyni zamanda Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli, 1471 nömrəli forma 14 nömrəli arayışa əsasən də doğum haqqında qeydində bərəsində məlumatlar tapılmamışdır. Onun bu illər ərzində verilmiş bütün hüquq müəyyənedici sanədlərində (şəxsiyyət vəsiqəsi, pasportda, pensiya kartında, təhsil müəssisəsini bitirmək haqqında attestatda, nikah haqqında şəhadətnamədə, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə və s.) soyadı, adı və ata adı Ərizəçi kimi, doğum tarixi isə xx xxxx 1956-cı il kimi qeyd edilmişdir. Bu sənədlər (şəxsiyyət vəsiqəsi, pensiya kartı, pasport, təhsil müəssisəsini bitirmək haqqında attestat, nikah haqqında şəhadətnamə, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə və s.) ilkin olaraq ona verilmiş doğum haqqında şəhadətnamə əsasında yazılmışdır. Tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar olan 01 fevral 2007-ci il tarixində Kəngərli rayon Polis şöbəsi tərəfindən mənə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamədən çıxarışı, təhsil müəssisəsini bitirmək haqqında attestatı və arxiv arayışını ərizəsinə əlavə edir. Yuxarıda göstərilənlərə əsasən o, xx xxxx 1956-cı il tarixli doğum akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə ərizəçi məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx xxxx 1956-cı il tarixdə Şərur rayon Xok kəndində, atası - X7 ilə anası - X4 birgə nikahından doğulmasının qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə dəqiqləşdirilmiş formada baxılmışdır. Məhkəmədə ərizəçi qismində dindirilən Ərizəçi izahatında ərizəsini müdafiə edərək xx xxxx 1956-cı il tarixdə Şərur rayon Xok kəndində, atası - X7 ilə anası - X4 birgə nikahından doğulmasının qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs qismində izahat verən Maraqlı şəxs rəisi X8 izahatında Kəngərli rayon Xok kənd sakini Ərizəçi doğumun qeyd edilməsi barədə Qeydiyyat Şöbəsinə müraciət etdiyini, doğum akt qeydinin tapılmadığını, ərizəçinin doğumundan uzun müddət keçdiyinə görə qeydiyyat şöbəsində doğum akt qeydinin bərpasının mümkün olmadığını, ona görə də ona imtina məktubu verildiyini, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında dindirilərkən şahidlər Şahid2 və Şahid1 məzmunca eyni ifadə verərək ifadələrində Xok kənd sakini olduqlarını, Ərizəçi ilə həmkəndli və qonşu olduqlarını, Mahirənin 1956-cı ildə doğulduğunu bildiklərini, atasının 1924-cü il təvəllüdlü X7, anasının isə 1930-cu il təvəllüdlü X9 olduğunu göstərdilər. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 21 oktyabr 2021-ci il tarixli, 434 nömrəli arayışına əsasən Ərizəçi doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Qeydiyyat Şöbəsinin 21 oktyabr 2021ci il tarixli, 1471 nömrəli arayışına əsasən Ərizəçi doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 21 oktyabr 2021-ci il tarixli, 02/197 nömrəli məktubuna əsasən Ərizəçi doğum akt qeydinin bərpa edilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İH Xok kənd İƏDÜN-nin 20 oktyabr 2021-ci il tarixli 716 nömrəli arayışına əsasən Əsgərova X5 rayonunun Xok kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Ərizəçi məxsus AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx xxxx 1956-cı il tarixdə Şərur rayon Xok kəndində doğulmuşdur və orada qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Dövlət Arxivinin 25 oktyabr 2021-ci il tarixli arayışına əsasən Xok kəndinin 1972-1974-cü illərə dair 15 nömrəli təsərrüfatbaşına kitabına baxdıqda məlum olmuşdur ki, mərhum X7 ailə başçısı olmaqla aşağıdakı ailə üzvləri qeyd edilmişdir: 1.X7 - 1924, 3.X9 1930 - yoldaşı, 4. Ərizəçi 1956qızı. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı, şahidlərin ifadəsi və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, Ərizəçi xx xxxx 1956-cı ildə Şərur rayon Xok kəndində doğulmuşdur. Atası 1924-cü il təvəllüdlü X7, anası isə 1930-cu il təvəllüdlü X6r. Ərizəçinin təqdim etdiyi sənədlərdən görünür ki, onun doğum akt qeydi olmuş, lakin qeyri-müəyyən səbəblərdən həmin qeydlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Ona görə də Ərizəçi xx xxxx 1956-cı ildə Şərur rayon Xok kəndində doğulmasının qeyd edilmə faktı, atasının 1924-cü il təvəllüdlü X7, anasının isə 1930-cu il təvəllüdlü X9 olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1956-cı ildə Şərur rayon Xok kəndində doğulmasının qeyd edilmə faktı, atasının 1924-cü il təvəllüdlü X7, anasının isə 1930-cu il təvəllüdlü X9 olduğu müəyyən edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar