Məhkəmə qərarları › İş №2(111)-158/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-158/2021

18.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-158/2021 18.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, Ərizəçi X1 ölmüş elan edilməsi tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri – 1953-cü ildə Şərur rayon Yurdcu kəndində doğulmuş X1 2010-cu ildən ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən məlum oldu ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149, 150-152, 305-306-cı və 313-cü maddələrinin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar ərizədə göstərilməlidir. 150.0.5-cü maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri ərizəyə əlavə edilir. 151.1-cü maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. 305.1.2-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Digər tərəfdən qeyd olunmalıdır ki, şəxsin ölmüş elan edilməsi qanunla müəyyən edilmiş müstəsna hallarda tətbiq edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hüquqi vasitədir və yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Ərizəçi əri - 1953-cü ildə Şərur rayon Yurdcu kəndində doğulmuş X1 2010-cu ildən ölmüş elan edilməsini xahiş etsə də, X1 itkin düşməsi barədə hər hansı hüquq mühafizə orqanına müraciət ünvanlamamış və ya ünvanlanmış müraciətin araşdırılması ilə bağlı itmiş şəxsin axtarış materialının mövcud olmasına dair sənədi ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi Ərizəçi tərəfindən müxtəlif dövlət orqanlarına X2 barəsində axtarış elan edilməsinə, barəsində hər hansı araşdırmanın aparılıb-aparılmamasına dair rəsmi müraciət edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq qaytarılmalı, ərizəçiyə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İddia ərizəsi qaytarıldığına görə Ərizəçi tərəfindən 14 yanvar 2019-ci il tarixli, TT**********86510 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən 14 yanvar 2019-ci il tarixli, TT**********86510 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar