Məhkəmə qərarları › İş №2(111)-17/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-17/2021

19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-17/2021 19.01.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh itmiş malın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh itmiş inəyin dəyəri olan 1900 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 1930 manat alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin aprel ayında 5 baş iribuynuzlu malını (inəklərini) Çalxanqala kənd sakini Əmir adlı çobanın qabağına ötürmüşdür. Əmirlə malları örüşdə otarması müqabilində hər malına ayda 13 manat olmaqla 65 manat ödəməyi barədə şifahi razılıq əldə etmişdir. Hər ay vaxtı-vaxtında Əmirə 65 manat ödəniş etmişdir. Əmir oktyabrın əvvəlində ********** nömrəli telefondan iddiaçının evinə zəng vuraraq bildirmişdir ki, inəyiniz biri iki gündür itib. İddiaçı Əmirə irad tutaraq bildirmişdir ki, itən günü ona nədən məlumat verməmişdir. Təxminən bir saatdan sonra Əmir ona zəng vuraraq demişdir ki, inəyini canavar öldürüb bir hissəsini isə yeyib, iddiaçı da onu demişdir ki, “leşin gətir baxım görək inək mənimdir, yoxsa mənim deyil”. Əmir bir gün sonra telefonda iddiaçıya bir şəkil göstərərək demiş ki, inəyin budur. İddiaçı inəyə baxanda görmüş ki, onun inəyinin şəkli deyil. Əmir və atası Ramiz bildirmişlər ki, düzdür sənin inəyinin rəngi qara idi, bu isə sarıdır. Bir gün sonra Əmirin atası Ramiz telefonda iddiaçıya demiş ki, inək sənindir. İddiaçı inəyin leşini canlı görmək üçün Çalxanqala kənd sakini Mahir adlı şəxsin avtomobili ilə mallar saxlanılan yerə getmişdir. Orada leşə baxandan sonra Əmirə demiş ki, “bu mənim inəyim deyil. Mən inəyimi yaxşı tanıyıram”. Əmir uzun müddət ölərək qurumuş sarı rəngdə kiçik bir danaya aid leş qalıqlarını iddiaçıya göstərmişdir. Danaya aid leşin hər iki qulağı yerində deyilmiş. İddiaçı inəyin qulaqlarına işarə vurmuşdur. Əmir də bunu bilirdi. Əmir sübut olmasın deyə bilə-bilə inəyin qulaqlarını kəsərək əvvəllər ölmüş ayrı bir dananın leş qalıqlarını iddiaçıya göstərmişdir. Əmirin ev telefonundan zəng edərək inəyin itdiyini bildirməsi və bir saatdan sonra yenidən telefon edərək inəyin leşinin uzaq bir yerdə tapıldığını deməsi, leş qalıqlarının sarı rəngdə kiçik bir danaya aid olması, iddiaçının malının isə 3 yaşında qara rəngli olması, kəllənin üzərində qulaqlarının olmaması və ən əsası leşin qurumuş olması, Əmirin isə inəyin iki gün əvvəl itdiyini bildirməsi onun yalan danışdığını aydın şəkildə göstərir. Əmir malı itirdiynə görə bir qurumuş kiçik dana leşinə aid qalıqları taparaq bu yalanları uydurub. Dəfələrlə Əmirdən malını tələb etsə də malı verməkdən imtina edərək demiş ki, hara şikayət edirsən et mən sənə mal verən deyiləm. İddiaçı da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Bu faktları təsdiq etmək üçün məhkəməyə şahidlər də təqdim edəcək. Sözü gedən inək 3 yaşındadır və dəyəri ən azı 1900 manat təşkil edir. Bundan əlavə maşın və məhkəmə xərcləri çəkmişdir. Əmirə görə ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. İtmiş inəyin dəyərini 1900 manat dəyərləndirir. Əlavə olaraq məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumu ilə birlikdə 1930 manat cavabdeh Əmirdən alınıb ona ödənilməsini istəyir. Göstərilənlərə əsasən Cavabdeh itmiş inəyin dəyəri olaraq 1930 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddianı tələbini müdafiə etdiyini, 5 baş iribuynuzlu malını otarmaq üçün həmkəndlisi Cavabdeh tapşırdığını, itmiş inəyinin 3 yaşında olduğunu, 5 ay cavabdeh Əmirə inəyin biri 13 manat olmaqla hər ay 65 manat aylıq pul ödədiyini, 2020-ci ilin oktyabr ayında malları dağdan endirməli olduğunu, lakin dağdan endirərkən “canavar yediyindən deyə” onun bir baş malını qaytarmadığını, inəyin dəyərinin ən az 1900 manat olduğunu, inəyin Əmirin səhlənkarlığı nəticəsində itdiyini, hətta dəymiş ziyana görə 500 manat ödənilməsini cavabdehə təklif etsə də, cavabdehin bunun müqabilində ona 2 keçi verə biləcəyini dediyini, bununla razılaşmadığını göstərərək Cavabdeh 1900 manat inəyin dəyərinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının beş baş inəyini aparıb otardığını, iddiaçı tərəfindən hər ay zəhmət haqqının ödənildiyini, iddiaçının bir baş 3 yaşındakı inəyini sentyabr ayında çöldə canavarın yediyini, adət-ənənəyə görə canavar yemiş mala görə çobanın məsuliyyət daşımadığını, özünün burda heç bir günahının olmadığını, inəyin qiymətinin 700-800 manat ola biləcəyini, iddiaçının dəymiş ziyana görə 500 manat ödəməsini təklif etdiyini, özünün isə iddiaçıya 2 keçi verə biləcəyini dediyini, bununla razılaşmadıqlarını, iddianın əsassız olduğunu göstərərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 231/20 nömrəli rəyinə əsasən xx xxxxxx 2020-ci il tarixə bir baş 3 yaşında inəyin orta bazar dəyəri 1430 (min dörd yüz otuz) manat həcmində müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1430 (min dörd yüz otuz) manat pul alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında hər birinin aylıq xidmət haqqı 13 manat olmaqla 5 baş iribuynuzlu heyvanın yazda otarmaq üçün dağa aparıb payızda gətirmək şərti ilə şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı hər ay üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə göstərdiyi xidmət qarşılığında hər ay pul ödəmiş, cavabdeh isə öz öhdəliyini lazımınca yerinə yetirməyərək və işinə məsuliyyətsiz yanaşaraq, səhlənkarlıq etmiş və bir baş iribuynuzlu heyvanın canavar tərəfindən yeyildiyinə əsaslanaraq həmin heyvanı qaytarmamışdır. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı cavabdehdən həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə qeyd olunan hallar iddiaçının və cavabdehin izahatları, tədqiq olunmuş sübutlarla təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən dəymiş ziyanın ödənilməsi tələbini nəzərdən keçirib, o cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 231/20 nömrəli rəyinə əsasən xx xxxxxx 2020-ci il tarixə bir baş 3 yaşında inəyin orta bazar dəyəri 1430 (min dörd yüz otuz) manat həcmində müəyyən olunduğunu əsas götürüb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1430 manat pul tutulmalıdır. İddia qalan hissədə öz təsdiqini tapmadığından rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olan 22,57 (iyirmi iki, əlli yeddi) manat hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1430 (min dörd yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi - 22,57 (iyirmi iki, əlli yeddi) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar