Məhkəmə qərarları › İş №2(125)-1047/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1047/2022

26.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1047/2022 26.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup Qarabağ əlili olaraq ona verilmiş ünvan 1 ünvanından Cavabdeh əşyaları ilə birgə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən 1-ci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq vətən müdafiəsi üçün müharibəyə getmiş və döyüşlərə qatılmışdır. 1993-cü ildə güllə yarası almış və 1-ci Qarabağ müharibəsi qazisidir. O, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ-ci qrup Qarabağ əlilidir. İİ-ci qrup Qarabağ əlili olaraq dövlət tərəfindən Qarabağ əlilləri üçün verilmiş imtiyazlardan istifadə edir. O, İİ-ci qrup Qarabağ əlili olduğu üçün ona ev verilməsi üçün Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 19 sentyabr 2003-cü il tarixli 433 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 18 iyul 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə İİ-ci qrup Qarabağ əlili olmağı səbəbilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 20 saylı binanın 19 saylı mənzilini ona vermişlər. O, 11 may 2011-ci ildə X3 ilə nikaha daxil olaraq evlənmişdir və birgə nikahlarından xx.xx.2012-ci ildə Səməd və xx.xx.2013-cü ildə Arif adlı uşaqları doğulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2016-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulmamışdan 1 il öncə birgə yaşadıqları müddətdə cavabdehin iddiası əsasında Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-3367/2015 saylı qətnaməsi ilə hər uşağın saxlanılması üçün ondan 75 manat, cəmi 150 manat alimentin tutuması qət edilmişdir. Nikahları pozulduqdan sonra, dövlət tərəfindən ona İİ-ci qrup Qarabağ əlili olduğu üçün verilmiş sözügedən edən mənzildən çıxaraq getmişdir ki, cavabdeh uşaqlarına baxıb böyütsün və rahat yaşasınlar. Bundan əlavə olaraq o, məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment borcundan əlavə olaraq artıqlaması ilə pul vermişdir. Sonuncu dəfə bir neçə gün əvvəl cavabdeh onu mediasiyaya dəvət edərək alimentin artırılması istəmişdir. Bir neçə ay bundan öncə qonşular ona zəng edərək cavabdehin əxlaqsızlıq etməsini bildirdilər və evə bir neçə dəfə müxtəlif şəxslərin salmasını bildirmişlər və ona cavabdehin evdən çıxarılmasını deyirlər. Hazırda o, İİ-ci qrup Qarabağ əlili olaraq dövlət tərəfindən ona verilmiş evdən məhrum olmuşdur və orda-burda kirayələrdə qalır. O, bütün bunlara qatlaşır ki, cavabdeh uşaqlarına şərəflə baxsın. Lakin o, əxlaqsızlıq edir və alimentin artırılması üçün ona qarşı iddia qaldırır. Hazırda onlar boşanmışlar və onun ailə üzvü deyildir. Ona görə də, o, cavabdehin İİ-ci qrup əlil olduğu üçün verilən evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, mənzilin iddiaçıya evli olduğu üçün verildiyini bildirdi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (maddə 17.1). Mülkiyyət formasına görə mənzil fondu xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu olmaqla bölünür (maddə 17.2). Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (maddə 48.1). Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür (maddə 49.1). Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 49.2). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (maddə 59.1). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (maddə 59.2). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil (maddə 59.3). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək hüquqları vardır (maddə 66.1). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin bu Məcəllənin 66.1-ci maddəsində göstərilən hüquqlardan başqa bu Məcəllə ilə, digər qanunlarla və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş digər hüquqları ola bilər (maddə 66.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2003cü il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, M.Hacıyev küç, 15 saylı yataqxananın 133 saylı mənzilində yaşayan İddiaçı Gəncə şəhər İcra Hakimiyyətində 2-ci qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilin yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata küçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının çıxarışının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir və ailə tərkibi 2 nəfərdir. Sahəsi 12 kv.m olan 1 otaqda 2 nəfər yaşayırlar. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-75/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anası X3nın himayəsində saxlanılmışdır. İş materiallarında olan Gəncə şəhər 3-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 316- 7944-1222 saylı və 316-7943-1222 saylı məktublardan görünür ki, Cavabdeh tərəfindən qazi və şəhid ailələrinin üvanına nalayiq və təhqiramiz ifadələrinin işlətməsi yol verilməzdir və belə hadisələrin qarşısı dərhal alınmalıdır. Cavabdeh əməllərinin qarşısının alınması istiqamətində profilak tədbirlər davam etdirlir. Qazi və Şəhid ailələrinin şərəf və ləyaqətinin alçaldılması ilə əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Gəncə şəhər 3-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 316- 5977koll-322 saylı məktubundan görünür ki, Gəncə şəhəri Y.Gəncə qəsəbəsi bina 20 mənzil 19-da yaşayan Cavabdeh pozğun həyat tərzi keçirməsi ilə əlaqədar tərəflərindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh izahat verərkən yaşadığı mənzilə X1 gəlməsini və onunla qeyri-rəsmi əlaqdə olduğunu etiraf etmiş və gələcəkdə ailə qurmaq arzusunda olduğunu bildirmişdir. Cavabdeh əri İddiaçı rəsmi olaraq boşandığını, ancaq buna baxmayaraq hal-hazırda keçmiş əri İddiaçı məxsus evdə yaşadığını izahatında göstərmişdir. Mənzildə qeyri etik hərəkətlərin edilməsi qarabağ qazilərinin hisiyyatına toxunduğundan Kəlbəcər rayon sakini X2 polsi bölməsinə dəvət edilmiş və onunla tərbiyəvi mövzuda söhbət aparılraq qanunvericilinin tələbləri nəzərinə çatdırılmış və T.Qasımov səhfıni etiraf edərək bir daha yuxarıda göstərilən ünvana gəlməyəcəyinə söz vermişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin verdiyi xx.xx.2022-ci il Ə-538 saylı məktubun surətindən görünür ki, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon 20 saylı binada yerləşən yaşayış sahəsi 42,5 m2 olan 2 otaqlı sosial təyinatlı 19 saylı mənzili, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 8 noyabr 2010-cu il tarixli 1/7-143 nömrəli əmrlə yaradılmış kommisiyanın 25 dekabr 2010-cu il tarixli iclasının Qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2 maddəsinə əsasən sosial təyinatlı mənzillər özəlləşdirilə bilməz. Hazırda iddiaçı cavabdehin artıq onun ailə üzvü olmadığına əsaslanaraq, mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, mübahisə həll edilərkən, ilk öncə iddiaçının və cavabdehin həmin mənzilə hüququnun olub-olmaması müəyyən edilməlidir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon 20 saylı binada yerləşən 19 saylı sosial təyinatlı mənzil 25 dekabr 2010-cu il tarixli qərarla İddiaçının istifadə və sahibliyinə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin verdiyi xx.xx.2022-ci il məktubla iddiaçının həmin mənzilə olan hüququnun qüvvədə olması müəyyən olunur. Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh mübahisəli mənzilə hüququnun yaranmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, Cavabdeh həmin mənzilə aidiyyatı və (ya) hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. Cavabdeh iddiaya etirazın əsası kimi, onunla evli olduğu üçün mübahisəli mənzilin iddiaçıya verildiyini bildirmişdir. Lakin xx.xx.2011-ci il tarixli iclasının çıxarışında İddiaçı evli olması barədə qeyd mənzilin verilməsi üçün deyil, verilən mənzilin ayrılma normasına təsir göstərən əsas ola bilər. Belə ki, ayrılma norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş dəyərləndirmə amillərinə əsasən müəyyən edilir. Halbuki, İddiaçı xx.xx.2003-cü il tarixli sərəncama əsasən 2-ci qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülmüş və 25 dekabr 2010-cu il tarixli iclasının qərarına əsasən mübahisəli mənzil Qarabağ Müharibəsi əlili qismində istifadəsinə verilmişdir. Bundan başqa, 25 dekabr 2010-cu il tarixli iclas qərarı ilə mübahisəli mənzilin habelə Cavabdeh da istifadəsinə və sahibliyinə verilməsi göstərilməmiş, belə hüququ təsbit edən sənəd təqdim edilməmişdir. Cavabdeh isə iddiaçının keçmiş ailə üzvü olmaqla sonuncunun istifadəsinə verilmiş mənzildə yaşayır. İddiaçı cavabdehin həmin mənzildə qalmasını hüquqlarına müdaxilə kimi qiymətləndirir və onun mənzildən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin qanuni sahibi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildə yaşamağa davam etməsi və əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı istifadəsinə verilmiş mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçının istifadəsindəki mənzildə yaşaması iddiaçının mənzil üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, qanunverici mülkiyyətçinin hüquqlarının mənsub olduğu qanuni sahibin də əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququnu tələb etmək hüquqi imkanını nəzərdə tutmuşdur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon 20 saylı binada yerləşən 19 saylı mənzildə cavabdehin qalması iddiaçının qanuni sahib qismində hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının istifadə və sahibliyinə verilmiş mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı istifadəsinə verilmiş Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20 ünvanında yerləşən 19 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar