Məhkəmə qərarları › İş №2(125)-1048/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1048/2025

22.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1048/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Vəkil1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydi yaşayış obyektindən istifadəyə qadağa qoyulması və pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “icarəyə verilmiş obyektin boşaldılması və pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən cavabdehin çıxarılması və xx.xx.2024-cü il tarixdən hazırki ayadək üç ay müddətinə hər ay 5000 (beş min) manat olmaqla cəmi 15000 (on beş min) manat (əldən çıxmış fayda) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyekti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 4626 saylı icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmişdir. Həmin obyektlə bağlı onunla hər dəfə iki illik icarə müqaviləsi bağlanır. Ümumilikdə obyekt 2003-cü ildən etibarən onun istifadəsindədir. xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında o, sözügedən obyekti 5 illik Cavabdeh1 icarəyə vermişdir. Onunla aralarında bağlanan icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2014-cü il tarixdən başlayır və xx.xx.2019-cu il tarixdə bitir. Cavabdehlə xx.xx.2019-cu il tarixə müqaviləni pozmamış və müqavilə növbəti 5 illik müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İcarə müqaviləsinin bitməsinə bir həftə qalmış o, cavabdehlə mövcud olan icarə müqaviləsinin uzadılmasını istəmədiyindən ona 14 iyun 2024-cü il tarixdə xəbərdarlıq ünvanlayaraq icarə müqaviləsinin bitdiyini, onunla icarə müqaviləsinin uzadılmamasını və obyektin təhviltəslim edilməsini xahiş etmişdir. Cavabdeh isə bu xəbərdarlığa məhəl qoymayaraq icarəyə götürdüyü obyekti təhvil verməmiş və fəaliyyətini qanunsuz olaraq obyekti istifadə etməyə davam etdirmişdir. Cavabdehə 27 iyul 2024-cü il tarixdə ikinci xəbərdarlıq göndərərək obyektin qanunsuz istifadə etməsi, obyektin talan etməsinə son qoymağa və əks halda bununla bağlı vurulmuş maddi ziyanla bağlı və obyektin boşaldılması tələbi ilə müvafiq orqanlara müraciət etməyini bildirmişdir. Lakin cavabdeh heç bir xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etməkdədir. Cavabdeh obyektin üstünə quraşdırılmış “Maqnoliya” reklamını və obyektin havalandırma sistemini özbaşına sökmüşdür. O, cavabdehin qanunsuz hərəkətlərinə son qoymaq üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməklə və ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və xx.xx.2024-cü il tarixdən hesablanmaqla obyektin tam boşaldılıb ona təhvil verilənədək hər ay 3000 (üç min) manat cavabdehlərdən müştərək qaydasında tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə həmin ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qarşı “icarəyə verilmiş obyektindən çıxarılması” tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən cavabdehin çıxarılması və xx.xx.2024-cü il tarixdən hazırki ayadək üç ay müddətinə hər ay 5000 (beş min) manat olmaqla cəmi 15000 (on beş min) manat (əldən çıxmış fayda) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16(104)-87/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən istifadə etməsi və onun həmin obyektə daxil olması qadağan edilmişdir. Həmin qərardad icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İcra məmurunun aktı ilə Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış obyektindən istifadə etməsi və onun həmin obyektə daxil olması qadağan edilmişdir. Lakin Cavabdeh1 qanunlara və məhkəmə qərarlarına məhəl qoymayaraq sözügedən obyekti heç bir əsas olmadan Cavabdeh2 təhvil vermiş və hazırda Cavabdeh2 sözügedən obyekti qanunsuz istifadə edir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində o, sahib olduğu obyektdən istifadə edə bilmir və gəlir əldə edə bilmir. Cavabdeh1 obyekti Cavabdeh2 təhvil verməsi qanunsuzdur. Cavabdeh1 kənardan obyekti idarə edir və Cavabdeh2 ilə birlikdə obyektdən gəlir əldə edirlər. xx.xx.2024-cü il tarixdən Cavabdeh1 iddiaçıya icarə haqqını ödəmişdir. Cavabdeh1 icarəyə görə hər ay 3000 manat pul ödəmişdir. Lakin xx.xx.2024-cü il tarixdə nə obyekti boşaltmamış, nə də iddiaçıya pul ödəmir. Beləliklə, cavabdeh icarə haqqını ödəməməklə iddiaçıya maddi zərər vurmuşdur. Eyni zamanda iddiaçı ilə cavabdehlə arasında bağlanan icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi halda o, hazırki vaxtadək iddiaçının qanuni istifadəsində olan obyektdən qanunsuz istifadə etmiş, onun qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz obyektindən istifadə edə bilməmiş və hal-hazıradək əldə edəcəyi gəlirlərdən uzun müddət məhrum olmuşdur, ona xeyli miqdarda maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin Məcəllənin 1-ci maddəsinin 1-ci bəndinə əsasən - bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin vəzifələri siyahısında mülki dövriyyəni təmin etmək də qeyd edilmişdir. Hansı ki, 21-ci maddədə də qeyd edildiyi kimi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) faktiki olaraq mən məhrum edilmişəm. Bu səbəbdən iddia tələbinin həcminin dəyişdirilməsinə zərurət yaranmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə qadağa qoyulması və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay üçün 3000 (üç min) manat olmaqla, cəmi 33.000 (otuz üç min) manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən ərizə iddiaçı tərəfindən belə əsaslandırılmışdır ki, o, cavabdehlərə qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və xx.xx.2024-cü il tarixdən hesablanmaqla obyektin tam boşaldılıb ona təhvil verilənədək hər ay 3000 (üç min) manat cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxılmasını xahiş etmişdir. Təxmini xx.xx.2025-ci il tarixdə cavabdehlər özlərinə məxsus əşyalarını ona məxsus obyektdən çıxararaq obyektin yanında fəaliyyətə başlamışlar. Buna görə iddia tələbinin həcmini azalmaq zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyekti əvvəllər onun özünə icarəyə verilmişdir. X18 yerləşən 238.80 kvadratmetrdən ibarət qeyri-yaşayış binası onun mülkiyyətindədir. Lakin qeyri-yaşayış sahəsinin altında olan 0.0308 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ona icarəyə verilmişdir. Onun Elşənlə əvvəllər münasibəti yaxşı olmuşdur. Belə ki, mübahisəli obyekti Elşənə icarəyə vermiş, 2019-cu ildə icarə müddəti müqavilə üzrə başa çatsa da onlar qarşılıqlı olaraq icarə müddətini 2024-cü ilin iyun ayının 20-dək uzatmışlar. Lakin sonradan Cavabdeh1lə aralarında münasibətləri pisləşmiş, Elşən onun sözlərinə məhəl qoymamışdır. Belə ki, o, Elşənə müqaviləni yeni mətndə tərtib etməyi bildirsə də Elşən bunu etməmişdir. Müqavilədə icarə haqqı özlərinin razılığına əsasən 3 manat yazılsa da ötən 10 il ərzində Elşən ona hər il üçün fərqli icarə haqqı ödəmişdir. Lakin son bir il üçün Elşən ona hər ay 3000 manat olmaqla icarə haqqı ödəmişdir. 2024-cü ildə iyun ayının 14-də Cavabdeh1 xəbərdarlıq ünvanlayaraq 19 iyun 2014-cü il tarixli icarə müddətinin bitdiyini, qanunvericiliyə cavab verən müqavilənin bağlanmasına zərurət yarandığını bildirmişdir. Əks halda icarə obyektinin təhvil verilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 onunla yeni müqavilə bağlamamışdır. Belə olan halda 27 iyul 2024-cü ildə o, cavabdehə yenidən xəbərdarlıq edərək icarə obyektindən qanunsuz istifadə etdiyini bildirmişdir. Qeyd edir ki, Cavabdeh1lə aralarında bağlanan icarə müqaviləsini yeni mətndə tərtib edilməsində iştirak etmədiyinə görə o, onunla müqaviləni pozmuşdur. Hazırda Cavabdeh1lə yeni icarə müqaviləsi də bağlamaq istəmir. Artıq mübahisəli icarə obyekti onun sahiblik, istifadəsinə keçməklə orada özü fəaliyyət göstərir. Cavabdehlər artıq icarə obyektindən çıxmaqla əşyalarını da aparmışlar. Lakin o, icarə obyektini işlədə bilmədiyinə görə zərərə uğramışdır. Belə ki, icarə obyekti olan çayxanadan məhkəmənin 04 sentyabr 2024-cü il tarixli qərardadına əsasən Cavabdeh1 istifadəsinə qadağa qoyulmuşdur. Ancaq icarə obyekti 2025-ci ilin may ayına kimi bağlı qalmışdır. Həmin müddətdə o, gəlirdən məhrum olmuşdur. Hazırda isə o, icarə obyektini özü işlətsə də gəlir əldə edə bilmir. Belə ki, Cavabdeh1 onun çayxanasından kənarda çayxananın ərazisinə düşməyən lakin yaxın yerdə çayxana işlədir. Onun müştəriləri çox olduğuna görə o, gəlir əldə edə bilmir. Cavabdehlər gələcəkdə onun çayxanasından istifadə etmək istəyirlər. Ona görə də onların obyektə girişinə qadağa qoyulmalı və ona dəyən zərər ödənilməlidir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Vəkil1 iddia ərizəsində qeyd edilənlərə uyğun və təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər gələcəkdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə etmək niyyətindədirlər. Belə ki, onlar hesab edir ki, hələ icarə münasibətləri davam edir. Bu səbəbdən cavabdehlərin gələcəkdə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsində istifadəsinə qadağa qoyulmalıdır. Bundan başqa Cavabdeh1 məhkəmə hüquq şurasına etmiş olduğu şikayətindən İddiaçı qeyri yaşayış sahəsindən istifadəyə görə icarə haqqı kimi hər ay 3000 manat ödədiyini etiraf etmişdir. Odur ki, cavabdehin həmin etirafı nəzərə alınmalı və iddiaçıya hər ay üçün dəymiş zərər həmin məbləğə əsasən hesablanmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında Gəncə şəhəri, İç Qala küçəsi, 3 ünvanda yerləşən qeyri yaşayış sahəsinə dair xx.xx.2014-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sözügedən obyekti 5 illik Cavabdeh1 icarəyə vermişdir. Tərəflər arasında bağlanan icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2014-cü il tarixdən başlayır və xx.xx.2019-cu il tarixdə bitir. Tərəflər xx.xx.2019-cu il tarixə müqaviləni pozmamış və müqavilə növbəti 5 illik müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Həmin müqavilənin bitməsinə 1 həftə qalmış iddiaçı cavabdehlə yeni müqavilə bağlamaq barədə xəbərdarlıq göndərmiş, lakin ona müqaviləni pozması barədə heç bir məlumat verməmişdir. Bu hal müqavilənin daha 5 il müddətinə uzanmasına səbəb olmuşdur. Buna baxmayaraq İddiaçı Cavabdeh1 əsassız olaraq icarə obyektindən çıxarmışdır. Bu azmış kimi cavabdehin icarə obyektindən istifadə etmədiyi müddət üçün ondan icarə haqqı, əldən çıxmış fayda tələb edir. Hesab edir ki, Cavabdeh1lə İddiaçı arasında bağlanmış icarə müqaviləsi üzrə icarə münasibətləri davam edir. Lakin Cavabdeh1 faktiki olaraq 2024-cü ilin sentyabr ayından oradan çıxarıldığına görə iddia tələbi təmin oluna bilməz. Digər tərəfdən iddiaçı qeyri-yaşayış sahəsini hazırda özü istifadə edir, lakin nə qədər gəlir götürməsi barədə heç bir sübut təqdim edə bilmir. Həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan icarə müqaviləsinə görə icarə haqqı 3 manat təşkil etmiş və icarə haqqı vaxtı vaxtında ödənilmişdir. Lakin faktiki olaraq cavabdehin iddiaçıya nə qədər icarə haqqı ödəməsini bilmir. Cavabdeh1 Məhkəmə-Hüquq Şurasında ünvanlandığı müraciətdə icarə haqqının guya 3000 manat olması isə sübut kimi qəbul oluna bilməz. Çünki Elşən işinə düzgün baxılmadığına görə belə bir söz yazmış, həmin fikir həqiqəti əks etdirmir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri: X7 izahatında bildirdi ki, təxminən 2024-cü ilin iyun – iyul ayında ayın 22-23-də İddiaçı onun xadimə işlədiyi “Maqnoliya” çay evinə gələrək oranı icarəyə götürərək işlədən Elşənlə görüşdü. Söhbət zamanı onlardan 1-2 metr aralıda dayanan İddiaçı həmin çayxananın bəzi qüsurlu yerlərini təmir etmək müqabilində daha 5 il müddətinə oranı işlədəcəyinə razılıq verdiyini Elşənə bildirmişdir. Həmin vaxt orada ondan savayı çayxananın digər işçiləri Elnur, Oruc və Rövşən olmuş və Sakitlə Elşən arasında hər hansı narazılıq baş verməmişdir. Bundan sonra Elşən çayxananın damını dəyişdirmiş və bəzi yerləri təmir etdirmişdir. X9 izahatında bildirdi ki, təxminən 2024-cü ilin iyun – iyul aylarında İddiaçı günorta vaxtı onun çayçı işlədiyi “Maqnoliya” çay evinə gələrək oranı icarəyə götürərək işlədən Elşənlə görüşdü. Həmin vaxt o, kassanın yanında oturmuşdur. Sakitlə Elşən söhbət edən zaman onlara qulaq asmışdır. Söhbət zamanı İddiaçı Cavabdeh1 çayxananın təmirə ehtiyac olan yerlərini təmir etməyi bildirərək icarə müddətini daha 5 il müddətinə uzatdığını bildirdi. Bundan sonra Elşən öz vəsaiti hesabına çayxananın bəzi yerlərini təmir etdirdi. X4 izahatında bildirdi ki, Xan bağında yerləşən “Maqnoliya” çayxanası İddiaçı məxsusdur. Oranı qardaşı Elşən uzun müddətdir ki, işlədir. Elşənin həmin çayxananın icarəsi üçün İddiaçı aylıq nə qədər icarə haqqı ödədiyini bilmir. 2024-cü ilin təxminən iyun ayında İddiaçı “Maqnoliya” çayxanasına gələrək qardaşı Elşənə çayxananın icarə müddətinin 2029-cu ilədək uzadacağını bildirmiş və onlar razılaşmışlar. Həmin vaxt orada o, Elnur, Oruc və Təzəgül olmaqla Sakit ilə Elşən arasında hər hansı narazılıq olmasını görməmişdir. Bundan sonra Elşən çayxananın qüsurlu yerlərini təmir etdirmişdir. X8 izahatında bildirdi ki, Cavabdeh1 onun doğma oğludur. Elşən Xan bağında çayxana icarəyə götürüb işlədir. Elşən onun evində qeydiyyatda olsa da Elşənlə onlarda yaşamır. 2024-cü ilin yay vaxtı poçtalyon tərəfindən onun yaşadığı evə məktub gətirilmiş, o məktubun vergilər idarəsindən gəldiyini zənn edib, başı çıxmadığı üçün məktubu qəbul etmişdir. Həmin vaxt orada qonşular və əri olmuşdur. O, zərfi açdıqda orada zərfin içərisinin boş olduğunu görmüşdür. Sonra o, bu barədə Elşənə demişdir. X11 izahatında bildirdi ki, o, Ulduz Mehdiyava ilə qonşudur. İddiaçı isə tanımır. 2024-cü ilin yay vaxtı həyətdə oturan zaman Ulduz əri Qəzənfərə yaxınlaşaraq poçtalyonun gətirdiyi məktubun içinin boş olduğunu bildirmişdir. Lakin o, Ulduzun göstərdiyi həmin məktuba baxmamışdır. Belə ki, Ulduz həmin məktubu ona göstərməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, Xan Bağında yerləşən 40.0 kvadratmetrdən ibarət qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən 20 iyun 2014-cü il tarixdən 20 iyun 2019-cu il tarixədək aylıq 3 manat icarə haqqı olmaqla Cavabdeh1 icarəyə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə müqavilə həmin müddətə uzadılır. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 14 iyun 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh1 “Xan Bağında” yerləşən “Maqnoliya” çayxanasını dair aralarında bağlanan xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin istifadə müddətinin bitdiyini, qanunvericiliyə cavab verən müqavilənin imzalanmasına zərurət olduğunu, bu baş vermədiyi halda obyektin istismarının dayandırılaraq icarə verənə təhvil-təslim yolu ilə təhvil verilməsini bildirmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 27 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh1 “Xan Bağında” yerləşən “Maqnoliya” kafesinin icarəsi barədə aralarında bağlanan müqavilənin 20 iyun 2024-cü il tarixdə bitdiyini, ona görə də obyektdə olan əşyaların inventarisasiya aparılaraq təhvil təslim edilməli olduğunu bildirmişdir. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 27 fevral 2023cü il tarixli, 4626 nömrəli müqavilədən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, “Xan bağı” ərazisinin şimalında qeyri-yaşayış binasının yerləşdiyi 308.21 kvadratmetr torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı 27 fevral 2023-cü il tarixdən 27 fevral 2025-ci il tarixədək icarəyə verilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, Gəncə şəhəri, İç Qala küçəsi, 3 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı xeyrinə 27 fevral 2023-cü il tarixdən 27 fevral 2025-ci il tarixədək icarə hüququ ilə yüklü edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(104)-87/2024 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən istifadə etməsi və onun həmin obyektə həmin obyektə daxil olması qadağan edilmişdir. Həmçinin qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Gəncə şəhəri üzrə icra idarəsinin rəisi Ələmdar İbrahimov tərəfindən imzalanmış 11 sentyabr 2024-cü il tarixli, A.C 271005/24 nömrəli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(104)-87/2024 nömrəli icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyektinə gedilərək, icra sənədində göstərilmiş, Cavabdeh1 həmin qeyri yaşayış obyektindən istifadə etməsi və onun həmin obyektə daxil olması qadağan edilməsi elan edilmiş və bu barədə akt tərtib olunmuşdur. Gəncə şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X12 tərəfindən tərtib olunmuş 20 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyektinə baxış zamanı Cavabdeh1 həmin obyektdən istifadə etmədiyi, lakin Cavabdeh2 istifadə etdiyi məlum olmuşdur. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, Gəncə şəhəri, İç Qala küçəsi, 3 ünvanda yerləşən 238.80 kvadratmetrdən ibarət qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin qeyri yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla icarə hüququ ilə yüklü edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-2(115)- 1818/2024 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(102)- 718/2024 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-2(115)-1818/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən olunan hallar: xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, Xan Bağında yerləşən 40.0 kvadratmetrdən ibarət qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən 20 iyun 2014-cü il tarixdən 20 iyun 2019-cu il tarixədək aylıq 3 manat icarə haqqı olmaqla Cavabdeh1 icarəyə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə müqavilə həmin müddətə uzadılır. Tərəflər müqavilənin müddəti başa çatanadək bir-birilərinə etiraz etməmiş və onlar arasında olan həmin icarə münasibətləri 20 iyun 2024-cü il tarixədək uzadılmışdır. Bundan sonra İddiaçı Cavabdeh1 14 iyun 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərərək aralarında olan icarə müqaviləsinin yeni formada tərtib olunmasını bildirmiş, lakin buna nail ola bilmədiyindən onlar arasında olan icarə münasibəti münasibət pisləşmişdir. Daha sonra iddiaçı cavabdehlərə qarşı qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(104)-87/2024 nömrəli icra vərəqəsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən istifadə etməsi və onun həmin obyektə daxil olması qadağan edilmişdir. Hazırda isə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa” əsasən Gəncə şəhəri, İç Qala küçəsi, 3 ünvanda yerləşən 238.80 kvadratmetrdən ibarət qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin sözügedən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının xeyrinə icarə hüququ ilə yüklü edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə ilki öncə qeyd edir ki, İddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin təmin hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, məhkəmə iclasında hər iki tərəfin izahatları və digər sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən Cavabdeh1 əşyaları ilə birlikdə artıq xeyli vaxtdır ki, çıxarılmaqla həmin obyekt iddiaçının sahiblik, istifadə və sərəncamındadır. Başqa sözlə cavabdehlərin mübahisəli obyektdən istifadə etməməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı belə bir tələb irəli sürməsini gələcəkdə cavabdehlərin həmin qeyriyaşayış obyektindən istifadə etmək niyyətində olması ilə əsaslandırmışdır. Cavabdehlər hazırda iddiaçıya məxsus qeyri-yaşayış obyektindən istifadə etmədiklərindən, yəni hazırkı vəziyyətdə iddiaçının hər hansı pozulmuş hüququ qalmadığından, digər tərəfdən iddiaçının iddiasında qeyd etdiyi həmin hal gələcəyə əsaslanmaqla ehtimal xarakteri daşıdığından ünvan 1 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə qadağa qoyulması dair hissədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavadehin sahibliyi qanunsuz olmalıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bundan başqa məhkəmə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay üçün 3000 (üç min) manat olmaqla, cəmi 33.000 (otuz üç min) manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə qiymət verərək həmin hissədə də iddia tələbini əsaslı hesab etmir. Belə ki, cavabdeh X2 mübahisəli qeyri-yaşayış sahəsi üzərində icarə hüququnun olub–olmamasının araşdırılmasını zəruri hesab edərək, işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi müddəalar müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə İddiaçı hüququ Cavabdeh1 tərəfindən pozulmamışdır. Digər Cavabdeh2 münasibətdə isə iddia tələbinə hər hansı formada aidiyyəti məhkəmə iclasında müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olunan hallara əsasən icarə münasibətləri İddiaçı ilə Cavabdeh1 arasında yaranmış və daha sonra müqavilənin müddəti müqavilənin şərtlərinə uyğun olaraq və tərəflərin razılığına əsasən uzadılmışdır. İddiaçı hazırda cavabdehlə aralarında olan icarə münasibətlərinə onun istəyinə əsasən xitam verildiyini bildirsə də buna dair tutarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə tərəfindən məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının ərizəsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsindən Cavabdeh1 istifadə etməsinə qadağa qoyulmuşdur. Başqa sözlə cavabdeh 2024-cu ilin sentyabr ayından etibarən mübahisəli qeyri-yaşayış sahəsində istifadə etməmiş və oradan öz iradəsindən asılı olmayan səbəblərə görə gəlir götürə bilməmişdir. Həmçinin iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində zərərə uğraması, eləcə də əldən çıxmış fayda barədə məhkəməyə hər hansı mötəbər sübutlar da təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Maddə 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Maddə 691.1. Torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: Maddə 691.1.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə hər hansı gün verildikdə; Maddə 691.1.2. əmlak kirayəsi haqqı həftələr üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti bazar gününün sonu üçün qüvvəyə minməklə həftənin birinci iş günü verildikdə; Maddə 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. Maddə 691.2. Yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verilsin. Maddə 691.3. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin 691.1.3 və 691.3-cü maddələrində göstərilmiş və kirayəçi tərəfindən gözlənilməli olan müddətləri kirayəlik əşya verildikdən üç, altı və doqquz il sonra kirayəçinin xeyrinə müvafiq surətdə üç ay uzadılır. Müqavilənin ləğvinə dair xəbərdarlıq müddətləri kirayəçi üçün dəyişilməz qalır. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin kirayəyə verən tərəfindən gözlənilməli olan müddətlərinin qısaldılmasına əsas verən razılaşmaların qüvvəsi yoxdur. Maddə 691.4. Daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: Maddə 691.4.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə; Maddə 691.4.2. əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydi yaşayış obyektindən istifadəyə qadağa qoyulması və pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydi yaşayış obyektindən istifadəyə qadağa qoyulması və pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar