Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1066/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 1/2 hissədə ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə köçürülməyinə, ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi 1/2 hissədə ona məxsusdur. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(125)-481/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yanında saxlanılması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə aralarında 24 oktyabr 2007-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması, 21 iyul 2008-ci il tarixdə anadan olmuş X1 onun yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh onun xeyrinə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(104)-792/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-481/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3539/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(104)-792/2023 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni baxışa göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(104)-497/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-481/2022 saylı qətnaməsi mübahisələndirilən-Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində onun payının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2563/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(104)-497/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixdə evin 1/2 hissəsi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq ona Çıxarış verilmişdir. Lakin cavabdeh onu öz evinə buraxmır. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.0091 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 48.4 kv.m olan fərdi yaşayış evi 1/2 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/2 hissəsi ilə Cavabdeh adına mülk kimi qeydə alınmışdır. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mülkün 1/2 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 1/2 hissə ilə Cavabdeh məxsusdur. İddiaçı həmin fərdi yaşayış evində onun yaşamağına icazə verilmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi özünün mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məhkəmə iddiaçının dövlət reyestrindən verilmiş Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ümumi paylı mülkiyyətində və Cavabdeh faktiki sahibliyində olan ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının öz ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış evindən (mənzildən) istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olubolmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək, belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, iddiaçının ümumi paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin həmmülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının cavabdehlə ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evindən istifadə etmək hüquqları qanunla qorunan hüquqdur. Hazırda iddiaçı mübahisəli mənzildən onun istifadə etməsinə cavabdehin imkan vermədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli əmlakın mülkiyyətçisi olan iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır, qarşı tərəfin hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, ona görə də iddiaçının qanunla qorunan hüquqları müdafiə edilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan ünvan 2 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1066/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1066/2025
11.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver