Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1079/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, azyaşlı uşaqları X6 və X7 adlı uşaqları və əşyaları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi (23-cü küçə), ev 8-də yerləşən evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı X3 ilə 2009-cu ildə qeyri-rəsmi olaraq evlənmiş, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Onlar birgə yaşayış dövründə başqa-başqa ünvanlarda kirayədə yaşamışlar. Kəpəz Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh qardaşı Xəyal Tağızadəyə qarşı Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi 23-cü küçədə yerləşən evə iki uşağı ilə birlikdə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. İddianın təmin edilməsinin əsası kimi evin həmin dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmaması olmuşdur. İddia təmin edildikdən sonra cavabdeh əşyalarını evin bir otağına yığıb qapını bağlayıb getmişdir. O, nə vaxt evə gəlirsə, hər dəfə onlarla davalar edir. Hər dəfə də o, cavabdehə güzəşt edib polisə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə ona yetirdiyi xəsarətlərə görə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Yenə də o, güzəşt edib, uşaqları nəzərə alıb barışıq ərizəsi vermişdir. Onu cəzadan azad etdirmişdir. Hazırda həmin ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehin onunla heç bir qohumluq əlaqəsi yoxdur, nə də qardaşı ilə rəsmi nikahı olmamış və onun ailə üzvü hesab edilmir. Hazırda mübahisəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə salınmışdır. Onunla cavabdeh arasında isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinə uyğun olaraq notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Göründüyü kimi, cavabdehin onun evindən istifadə etmək hüququ yaranmamışdır, cavabdehin onun evindən istifadə etməsi üçün aralarında nə yazılı, nə şifahi razılaşma olmamışdır. Bu səbəbdən cavabdeh iki uşaqları və əşyaları ilə birlikdə onun evindən çıxarılmalı, otaq boşaldılaraq ona təhvil verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan yeni qaydalarla ünvan 5 Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) atasına məxsus olmuş, atası da həmin evi ona verərək adına sənədləşdirmişdir. Mübahisəli evə onun tərəfindən 13 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Hal-hazırda həmin evdə özü yaşamasa da, qardaşı və atası yaşayır. Cavabdeh onun qardaşı Xəyal Tağızadə ilə qeyri-rəsmi evlənərək, həmin evə gəlin köçməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə, cavabdehin həmin evə köçürülməsinin səbəbi həmin dövrdə evin dövlət qeydiyyatına alınmaması olmuşdur. Cavabdeh məhkəmənin sözügedən qətnaməsi ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi, ev 8 ünvanına köçürülsə də, həmin evdə heç vaxt yaşamır. Sonuncu dəfə cavabdeh həmin evə keçən il gəlmişdir. O cümlədən, cavabdehin mübahisəli əmlakda yalnız bir neçə əşyası qalmışdır. Mübahisəli evin təmirində cavabdehin atası bir neçə iş görmüş, cavabdehin yaşadığı otağa işıq çəkdirmişdir. Buna baxmayaraq, cavabdehin ona məxsus evdə yaşamasını istəmir. Nə də cavabdehə kompensasiya vermək fikri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun keçmiş baldızıdır. İddiaçı qardaşı Xəyal Tağızadə ilə qeyri-rəsmi olaraq evlənmiş və iki uşaqları doğulmuş, ilk əvvəllər başqa ünvanda yaşamış, 2014-cü ildən mübahisəli ev olan yeni qaydalarla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi, ev 8 ünvanına (köhnə qaydada Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) köçmüşdür. Həmin vaxt ev qayınatasının qeyri-rəsmi olsa da, ev dövlət qeydiyyatına alınmamışdır. Keçmiş əri ilə arasında mübahisə olduğuna görə onu mübahisəli evdən çıxarmışlar. Ona görə də o, evə köçürülmə barədə məhkəmədə iddia qaldırmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə uşaqları ilə birlikdə mübahisəli evə köçürülmüşdür. O, mübahisəli evdə yaşayan zaman öz adına kredit götürərək evi təmir etdirmiş, otağa qapı, pəncərə qoydurmuş, işıq çəkdirmiş, həyətə çınqıl tökdürmüşdür. Onun hazırda mübahisəli evdə əşyaları qalmaqdadır. İddiaçı gedib evi adına keçirtməklə onu evdən çıxarmaq istəyir. Halbuki o, 2 uşağı ilə hazırda kirayədə qalmışdır. Dəfələrlə həmin evə köçüb yaşamaq istəsə də keçmiş əri onu evə buraxmır. Qapının qıfılını dəyişdirmişdir. İddiaçı isə ümumiyyətlə mübahisəli evdə yaşamır. O, icra məmuru Səməd İsmayılova dəfələrlə müraciət edərək onu evə təkrar köçürməsini xahiş etmiş və mübahisəli ünvana gəlmişlər. Lakin orada qapı bağlı olduğuna görə geri qayıtmışlar. Daha sonra icra məmuru X5 evdən çıxarma barədə iddia qaldırdığını deyib həmin işə məhkəmədə baxılıb qurtarana kimi onu evə köçürməni təxirə salmışdır. O isə 2 uşağı ilə birlikdə kirayələrdə qalmışdır. Onun ayrıca evi yoxdur. Yəni mübahisəli evə köçüb yaşamaq istəyir. İddiaçı isə buna şərait yaratmır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə, rəsmi qaydada köçürüldüyü evdə yaşamaq onun haqqıdır. Onun getməyə başqa yeri yoxdur. Ona məxsus əşyalarda sözügedən evdə yerləşir. Bir daha qeyd edir ki, evin təmirinə xərc çəkmiş, təmir-tikinti işləri görmüş, anası 1000 manat, özü isə 3000 manat kredit götürərək evi düzəltdirmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsi əsasında yaşamaq hüququ verilən evdə ona yaradılan maneələrə görə yaşaya bilmir. Buna görə də iddiaçı ilə aralarında dəfələrlə mübahisə yaranmış, polisə düşmüşlər. İddiaçı isə ona kompensasiya vermək istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh azyaşlı uşaqları Aynur və Anarla birlikdə cavabdeh X2 faktiki istifadə və sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-491/206 nömrəli, 08 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-13/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətdən azad edilməsi və onu barəsində cinayət təqibinə və hazırki cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. 13 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, yeni qaydalarla ünvan 3 ünvanı tam pay olmaqla, İddiaçı mülkiyyətindədir. AZ-İİ seriyalı, 621610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 fevral 2011-ci il tarixində doğulmuşdur. Atası: X3, anası: Cavabdehdır. AZ-İİ, 887483 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 iyun 2012-ci il tarixində doğulmuşdur. Atası: X3, anası: Cavabdehdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3199/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, çarpayı-01 ədəd, dəmir çarpayı (başları ilə birlikdə)-01 ədəd və istilik sobası-01 ədəd naturada və ya onların dəyəri cavabdeh X1 alınaraq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh azyaşlı uşaqları Aynur və Anar ilə birlikdə cavabdeh X2 faktiki istifadə və sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-491/206 nömrəli, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3801/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hal-hazırda mübahisəli ünvan olan ünvan 5 Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) 13 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Cavabdeh məxsus əşyalar hazırda mübahisəli evdədir. İddiaçı Cavabdeh uzun müddətdir ki, yeni qaydalarla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi, ev 8 ünvanında (köhnə qaydada Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) yaşamadığını əsas gətirərək, cavabdehin azyaşlı uşaqları və əşyaları ilə birlikdə onun mülkiyyətində olan evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi üçün əsas 2009-cu ilin 01 oktyabrınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi olmuşdur. Həmin normanın tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə, tərəflər arasında olan hazırki mübahisə ilə bağlı Mülki Məcəllənin aşağıdakı maddi hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ona məxsus olan yeni qaydalarla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəhman Abdullayev küçəsi, ev 8 ünvanından (köhnə qaydada Gəncə şəhəri, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evi) Cavabdeh azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılmasını tələb etsə də, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh azyaşlı uşaqları Aynur və Anarla birlikdə cavabdeh X2 faktiki istifadə və sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Gəncəvi qəsəbəsi, 23-cü küçədə yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-491/206 nömrəli, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3801/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məxsus əşyalar da hal-hazırda iddiaçının mülkiyyətində olan evdə yerləşməklə, cavabdeh tərəfindən mübahisəli evin təmir-tikinti üçün vəsait xərclənmişdir. Hansı ki, bu halı iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında təsdiqləmişdir. O cümlədən cavabdehin mübahisəli evə olan ehtiyacı aradan qalxmamış və iddiaçı da bu halı təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə MPM-də qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirlməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqəsdilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab oluna bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalmaq bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Rrabx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi) Məhkəmədə onu da qeyd edir ki, iddiaçı cavabdeh hələ mübahisəli evə iddiaçının mülkiyyət hüququ tanınmazdan öncə köçürülmüş və İddiaçı cavabdehin həmin mənzilə köçürülməsindən, yəni həmin evə köçürülməsinə əsas olmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3801/2015 nömrəli, 16 sentyabr 2015-ci il tarixli qətnaməsindən məlumatı olmuş, yəni həmin ev iddiaçı (mülkiyyətçi) tərəfindən mülkiyyət hüququnu əldə edərkən həmin evi şəxsi servitutla (məhdud əşya hüququ ilə) yüklü edilmiş vəziyyətdə qəbul etmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsində isə cavabdehin mübahisəli mənzilə köçürülməsi hər hansı şərtlə və yaxud müddətlə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1079/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1079/2024
18.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver