Məhkəmə qərarları › İş №2(125)-1123/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1123/2022

18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1123/2022 18.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 vərəsəsi qismində tanınması, mərhum atası X1 adına qeydə alınmış Gəncə şəhəri, Kəpəz rayonu X3 küçəsi, 119A ünvanında yerləşən 0.008 ha torpaq sahəsində yerləşən 40.3 kv/m daşınmaz əmlak üzrə mirasın qanun üzrə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin kateqoriya iş üçün qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi vərəsə qismində tanınma və miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada mirasın açıldığı yerin notariusuna müraciət etmədiyindən, eləcə də həmin orqanın onun müraciətindən imtina etməsinə dair lazımi sənədi təqdim etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar