Məhkəmə qərarları › İş №2(125)-114/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-114/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-114/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Mülki işin mübahisəsiz halıdır ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ½ paylı mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Səfəvilər küçəsi, 4-cü döngədə yerləşən 10 saylı fərdi yaşayış evinin ümumi paylara müvafiq olaraq ½ hissədə naturada bölünməsi və ayrıca giriş-çıxış yolunun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızıdır. X4 ilə xx.xx.1986-cı il tarixdə ailə qurmuş, birgə nikahlarından xx.xx.1988-ci ildə Lamiyə, xx.xx.1993-cü ildə Əfsanə və xx.xx.1999-cu ildə Tunar adlı övladları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğuna görə aralarında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2326/2021 saylı qətnaməsi əsasında pozulmuşdur. Bundan sonra X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(043)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ½ hissədə onun və ½ hissədə X1 payları müəyyən edilmişdir. Payların müəyyən olunmasına dair qəbul olunmuş qətnamə qanuni qüvəsini aldıqdan sonra müəyyən olunmuş payına uyğun Dövlət Reyestrindən çıxarış verilmişdir. X4 isə payından qızı Cavabdeh adına imtina etmişdir. Buna görə də evə dair ½ hissə Cavabdeh adına rəsmləşdirilmişdir. Gəncə şəhəri, Səfəvillər küçəsi 4-cü döngədə yerləşən 10 saylı ev ½ hissədə paylı mülkiyyət kimi mülkiyyətində olmağına baxmayaraq cavabdeh qeyd edilən evə bütövlükdə sahiblənərək həmin evdən istifadəni məhdudlaşdırmışlar. Mülkiyətçi olmağına baxmayaraq faktiki olaraq mülkiyyət hüququndan məhrum edilmişdir. Odur ki, qeyd edilən evin naturada ayrılmaqla ayrıca giriş-çıxış yolunun açılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5658 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı Gəncə şəhəri, Səfəvilər küçəsi, 4-cü döngə ünvanında yerləşən 10 saylı fərdi yaşayış evində mövcud olan ½ payının naturada ayrılması AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normalar”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün texniki pasportda göstərilən 1-3 saylı otaqların arasında olan qapı boşluğu bağlanmalı, sahəsi 30.4 kv.m. göstərilən özbaşına tikilinin iki hissəsi arakəsmə yaradılmaqla bölünməli və pəncərə boşluğundan küçəyə qapı açılmalıdır. Eyni zamanda bölünmüş hissədə mətbəx və sanitar qovşağı yaradılmalıdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırkı mülki iş üzrə mübahisəli əmlak tərəflərin ½ paylı mülkiyyətindədir və iddiaçı payın naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, mübahisəli evə tərəflərin payının ayrılması texniki cəhətdən mümkündür və bu barədə verilmiş ekspert rəyinə plan-sxem əlavə edilmişdir. İş üzrə verilmiş ekspert rəyinin əsassız olmasını təsdiqləyən hər hansı dəlil təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan daşınmaz əmlak ekspert rəyinə uyğun olaraq onların paylarına mütənasib şəkildə naturada bölünməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Səfəvilər küçəsi, 4-cü döngə ünvanında yerləşən 10 saylı fərdi yaşayış evi texniki pasportda göstərilən 1-3 saylı otaqların arasında olan qapı boşluğu bağlanmaqla, sahəsi 30.4 kv.m. göstərilən özbaşına tikilinin iki hissəsi arakəsmə yaradılaraq bölünməklə və pəncərə boşluğundan küçəyə qapı açılmaqla, eyni zamanda bölünmüş hissədə mətbəx və sanitar qovşağı yaradılmaqla naturada bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar