Məhkəmə qərarları › İş №2(125)-116/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-116/2023

26.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-116/2023 26.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və cavabdehin üzərinə daş hasarın çəkilməsi vəzifəsinin qoyulması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus zəbt edilmiş torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, cavabdeh tərəfindən sökülmüş hasarın cavabdehin vəsaiti hesabına yenidən tikdirmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə keçmiş 0,2 metr (20 santimetr) eni və 3.50 metr uzunluğu olan tikilinin sökülməsi, cavabdehin fərdi yaşayış evinə daş hasarın çəkilməsi üçün qoyulmuş çıxıntından düz xətt boyunca torpaq sahələri arasında daş hasarın çəkilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və orada yerləşən bir otaqdan ibarət ev notariusun 10 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsi və 15970 saylı Qeydiyyat vəsiqəsi əsasında ona məxsusdur. Cavabdeh onun qonşusudur. Onların həyətyanı sahələrinin ümumi sərhədi var və orada onların daş hasarları olmuşdur. Cavabdeh 2012-ci ildə hasarın hündür olmadığını bəhanə edərək, onu sökdürmüşdür. Həmin hasarın əvəzinə cavabdeh araya hündür dəmir tor düzəltdirmişdir. Həmin toru qoyarkən cavabdeh bağça tərəfdən 38.8 metr uzunluğunda, sərhəddə 1.5 kvadrat metr uzunluğunda, qapı tərəfdən isə 18.0.metr uzunluğunda sərhəddə 50 santimetr ona məxsus torpaq sahəsinə keçərək zəbt etmişdir. Əvvəlcədən hörülmüş hasarın daşları da cavabdehin dəmir tor ilə hasarladığı tərəfdə qalmışdır. O, dəfələrlə cavabdehdən onun torpaq sahəsini qaytarmasını tələb etsə də, sonuncu razılaşmamışdır. Bununla əlaqədar o DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin iki əməkdaşı gəlib torpaq sahəsinə baxış keçirmişlər, həqiqətən ona məxsus torpaq sahəsinin bir hissəsinin həmsərhəd qonşu tərəfindən zəbt olunduğunu aşkar etmişlər, cavabdehə hasarın yerini dəyişərək, zəbt etdiyi torpağın qaytarılması tapşırmışlar. O, uzun müddət cavabdehin bu tapşırığı yerinə yetirəcəyini gözləmişdir. Lakin Cavabdeh hasarın yerini dəyişməkdən və zəbt etdiyi torpağı qaytarmaqdan imtina etmişdir. O, Nizami Rayon Polis İdarəsinə bununla əlaqədar müraciət etmişdir. Bunun nəticəsində sahə inspektoru onun ərazisinə baxış keçirmişdir və ona bildirmişdir ki, o ya öz hesabına hasar hördürməli, ya da məhkəməyə müraciət etməlidir. Lakin o heç yerdə işləmir, maddi imkanı aşağıdır və buna görə də hasar hördürməyə yetərincə vəsaiti yoxdur. Cavabdeh isə onun hasarını sökdürməklə, onu xeyli miqdarda ziyan vurmuşdur. Buna görə də, cavabdeh öz hesabına hasar hördürməlidir və yaxud ona vurduğu ziyanın əvəzi qismində pul vəsaiti ödəməlidir. Bundan başqa, cavabdeh onun mülkiyyət hüququnu pozaraq, onun torpaq sahəsini zəbt etdiyinə görə, o mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu səbəbdən də, o məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf etdi və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) R.Ş.Allahverdiyev cavabdehin izahatını müdafiə edərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tərəfindən verilmiş 15970 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 125 ünvanında yerləşən sahəsi 15.6 kv.m olan, 1 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında 13 iyun 2003-cü il tarixdə qeydə alınmışdır. İşdə olan 12 yanvar 2023-cü il tarixli, 10/50 nömrəli ekspert rəyindən görünür ki, araşdırma nəticəsində iddiaçı və cavabdehin ayrı-ayrılıqda, faktiki istifadələrində olan torpaq sahələri ilə, arxiv materiallarında mövcud olan hüquqi və texniki sənədlərdə göstərilən ölçülər arasında uyğunsuzluq halları müəyyən olunmuşdur. Arxiv materiallarında mövcud olan 15970 nömrəli qeydiyyat vəsiqəsi əsasında hazırlanmış texniki pasportda göstərilən ölçülərə istinadən, İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində 14.0 kv.m azalma halı müəyyən olunmuşdur. Həmin azalan hissə, mərhum X11 və ailə üzvlərinin adına qeydə alınmış 479 nömrəli torpaq qeydi sənədi əsasında hazırlanmış texniki pasportda göstərilən torpaq sahəsi ilə, 15970 nömrəli qeydiyyat vəsiqəsi əsasında hazırlanmış texniki pasportda göstərilən ölçülərə istinadən, İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin metal torla hasarlanaraq sərhədlənmiş hissəsində müəyyən olunmuşdur. Hazırda Cavabdeh faktiki istifadəsində olan, 479 nömrəli torpaq qeydi sənədi əsasında hazırlanmış texniki pasportda göstərilən, mərhum X11 və ailə üzvlərinə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində, 14.0 kv.m azalma müəyyən olunmuşdur. Azalma metal torla hasarlanaraq sərhədlənmiş hissəsində müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 14.0 kv.m hissəsi ilə, 15970 nömrəli qeydiyyat vəsiqəsi əsasında hazırlanmış texniki pasportda göstərilən ölçülərə istinadən, İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 14.0 kv.m hissəsi üst-üstə düşür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 12 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-3264/2023 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Bayan küçəsi, 125 ünvanında yerləşən fərdi yaşayış evinə dair «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport X5 adına işlənmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2003-cü il tarixli 101 saylı sərəncamına əsasən, Gəncə şəhəri, Bayan küçəsi, 125 ünvanda yerləşən mərhum X8 məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş 15,6 kv.m yaşayış sahəsinin və 24,1 kv.m köməkçi sahəni tikililərin qeydiyyata alınması barədə sərəncam verilmişdir. Yuxarıda qeyd olunan sənədlər əsasında X5 adına 26. fevral 2003-cü il tarixli, 15970 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kotorunun 14 may 2003-cü il tarixli, 2V-1- 60 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsi əsasən ½ hissədə X1, ½ hissədə X14, ½ hissədə X9, ½ hissədə X12 və ½ hissədə X6 payları göstərilməklə X5 vərəsələri tanınmışlar və vərəsələrin adlarına 15 may 2023-cü tarixli, 15970 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kotorunun 10 iyun 2003-cü il tarixli, 4Ə-1-101 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən ev X3, X22, X18, X19 və X15 tərəfindən İddiaçı satılmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı adına 13 iyun 2003-cü il tarixli, 15970 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Əlavə məlumat üçün bildiririk ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 125 ünvanında yerləşən fərdi yaşayış evi üzərinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2009-cu il tarixli, 8(044)-53/2009 saylı qərardadı ilə həbs qoyulmuşdur. Kirovabad şəhəri 1 saylı Dövlət notariat kotorunun 27 dekabr 1955-ci il tarixli, 87-24452 reyestr nömrəli bəxşeyş müqaviləsinə əsasən, X2 şəhəri, Bayan küçəsi, 121 nömrəli ünvanda yerləşən daşınmaz əmlakın ¼ hissəsi özünün istifadəsində saxlamaqla, 1/3 hissəsini X7, 1/3 hissəsi X17 və 1/3 hissəsini X13 bağışlamışdır. Lakin sözügedən əmlak daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə də Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konsititusiyasının 13-cü maddəsinin İİ hissəinin tələbinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasında ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, torpaq sahələrinin özbaşına tutulmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məslələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin görə isə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, mülkiyyət hüququ əsasında İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 125 ünvanında yerləşən sahəsi 15.6 kv.m olan, 1 otaqdan ibarət fərdi yaşayış evi vardır və həmin ev üzrə İddiaçı mülkiyyət hüququ Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tərəfindən verilmiş 15970 nömrəli qeydiyyat vəsiqəsində 13 iyun 2003-cü il tarixdə qeydə alınmışdır. Lakin İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh məxsus fərdi yaşayış evi ilə həmsərhəd olan və Cavabdeh tərəfindən inşa edilən 20 santimetr enində 3,5 metr uzunluğunda hissəsində özbaşına tikili yerləşir və cavabdeh tərəflər arasında olan daş hasarı sökərək, yerində metal tor çəkmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilməli, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh məxsus fərdi yaşayış evi ilə həmsərhəd olan hissəsində Cavabdeh tərəfindən inşa edilən 20 santimetr enində 3,5 metr uzunluğunda tikili sökülməli, İddiaçı və Cavabdeh torpaq sahələri arasında Cavabdeh məxsus fərdi yaşayış evinə daş hasarın çəkilməsi üçün qoyulmuş çıxıntıdan düz xətt üzrə daş hasarın çəkilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə tikintitexniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh məxsus fərdi yaşayış evi ilə həmsərhəd olan hissəsində Cavabdeh tərəfindən inşa edilən 0,2 metr (20 santimetr) enində 3,5 metr uzunluğunda tikili sökülsün. Cavabdeh məxsus fərdi yaşayış evinə daş hasarın çəkilməsi üçün qoyulmuş çıxıntıdan İddiaçı və Cavabdeh torpaq sahələri arasında düz xətt üzrə daş hasarın çəkilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar