Məhkəmə qərarları › İş №2(125)-1224/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1224/2022

21.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1224/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə "xxxx" MMC-yə qarşı “tikilinin sökülməsi və sahənin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Gəncə "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahib olduğu obyektin istifadəsində olan torpaq sahəsinin zəbtindən azad edilməsinə və orada inşa edilmiş qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəşisməsində "Xaraba yeri" adlanan ərazidə yerləşən obyekti mən 1995-ci ildə notariat kontoru vasitəsi ilə alqı-satqı müqaviləsi əsasında almışdır. Satıcı olan mülkiyyətçi X.Tağıyev şəxsi möhürü ilə imzasını təsdiqlədiyi yazdığı aktı əsasında obyekt kompleksi o imzası ilə akt əsasında öz sahibliyinə qəbul etmişdir. Obyektin bəzi yaranan problemlər ucbatından Gəncə 3 saylı Ərazi İdarəsində qeydiyyatı dayandırıldı. Obyektin yarımçıq qalan sahəsini yararlı vəziyyətə salıb Kənd Təsərrüfatı sahəsi olan tərəvəz yetişdirmək üçün 1000 km sahədə istixana qurmuşlar. Lakin 15 iyun 2016-ci ilin iyun ayında Gəncə Kəpəz rayon İcra Hakimiyyətinin göstərişi ilə yenidən qurma və abadlıq işləri adı ilə yol çəkilişi işləri üçün onlarla razılaşmadan, xəbərdarlıq etmədən sahibi olduğu obyekt sökülüb dağıdılmışdır. Bu səbəbdən Gəncə Bazar Store MMC 2017-2018-ci illərdə obyektin istifadəsində olan torpaq sahəsinin 13 sota qədərini zəbt edərək özləri üçün bina tikmişlər. Bu barədə Bazar Store MMC-nin rəhbərlətinə dəfələrlə müraciət edib binaların sökülməsini zəbt edilmiş torpaqların istifadələrinə qaytarılmasını bildirib, söküləcəyinə söz versələr də əməl etməmişdir. Bazar Store tez-tez müdiriyyət dəyişir, son vaxtlar Bazar Store rəhbərinə müraciət edib məhkəmədən kənar mübahisəni həll etməyini bildirsə də o, mübahisənin həllinə razılaşmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş satıcı X4 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.1995-ci il tarixli müqavilədən görünür ki, Gəncə şəhəri, Xaraba yeri, mərkəz küçəsində yerləşən “Yoldaşlıq” kooperativinin “Reklam” mağazası tikinti sahəsi ilə birlikdə 0.2 ha torpaq sahəsində yerləşən tikinti kooperativ mağazası X4 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********57 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində, "Xaraba yeri" adlanan ərazidə yerləşən əmlak kompleksinin arxiv materialları tərəflərindən araşdırılmış, naturada müayinə işləri aparılmışdır. Araşdırma zamanı sözügedən əmlak kompleksinin tərkib hissəsi olan ümumi sahəsi 44.0 kv.m olan "A” Literli, ümumi sahəsi 150.0 kv.m olan "B” Liter, ümumi sahəsi 10 kv.m olan "C” Literli və ümumi sahəsi 5.0 kv.m olan “Ç” Literli qeyri yaşayış binalarının hal-hazırda heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Əmlak kompleksinin yerləşdiyi 0.23095 hektar torpaq sahəsi dövlətin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktubundan görünür ki, Kirovabad şəhər XDS İK-nin 1988-ci il tarixli 82 saylı qərarı və Baş memarın xx.xx.1988-ci il tarixli Kirovabad şəhər planından çıxarışına əsasən “Xaraba yeri” adlanan ərazidə “Yoldaşlıq” kooperativinin yaradılması üçün 0.2 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarına və Gəncə şəhər İcariyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli 2 saylı qərarından çıxarışına əsasən “Yoldaşlıq” kooperativinə məxsus olan Kəpəz rayonu, X11 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsi, “Xaraba yeri” adlanan ərazidə yerləşən 0,2 ha torpaq sahəsi “Mino” kiçik müəssisəsinə satılmışdır. “Mino” kiçik müəssisəsi ilə “Əlixan” sahibkar mağazasının müdiri X6 arasında bağlanmış xx.xx.1991-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.2 ha torpaq sahəsində yerləşən tikintisi başa çatmamış “Reklam” mağazası “Əlixan” sahibkar mağazasına satılmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-437/08 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh DƏDRX-in Gəncə Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək cavabdeh təşkilatın iddiaçının Gəncə şəhəri “Xarabayeri” yaşayış massivinin mərkəz küçəsində inşa etdirdiyi 44,1 kv.m mağaza, 150,2 kv.m anbar, 9,8 kv.m gözətçi otağı, 8,8 kv.m çardaq, 6,0 kv.m hamam-tualet tikililərinin xüsusi mülkiyyət hüququ üzrə onun adına rəsmiləşdirilməsindən imtinası onun hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilmiş və həmin tikililərə dair “Əlixan” sahibkar dükanının adına mülkiyyət hüququnun qeydə alınması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-428/2011 saylı qətnaməsindən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddia tələbi rədd edilərək iddiaçı X5 cavabdeh təşkilatın X5 Gəncə şəhəri “Xarabayeri” yaşayış massivinin mərkəz küçəsində inşa etdirdiyi 44,1 kv.m mağaza, 150,2 kv.m anbar, 9,8 kv.m gözətçi otağı, 8,8 kv.m çardaq, 6,0 kv.m hamam-tualet tikililərinin xüsusi mülkiyyət hüququ üzrə onun adına rəsmiləşdirilməsindən imtinası onun hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilməsi və həmin tikililərə dair “Əlixan” sahibkar dükanının adına mülkiyyət hüququnun qeydə alınmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(102)-2882/11 saylı qərarı ilə yuxarıda adı çəkilən Gəncə Apelyasiya Məhkəməsinin qərarından iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “Əlixan” sahibkar dükanının adına xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-2-295 saylı alqısatqı müqaviləsinə əsasən bu əmlak kompleksi X1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı qətnaməsinə əsasən, Gəncə şəhərinin Kəpəz rayonunun X11 küçəsi ilə Məmməd Xələfov küçəsinin kəsişməsində, “Xaraba yeri" adlanan ərazidə, 0,2 ha torpaq sahəsində inşa edilmiş 44.1 kv.m mağaza, 150,2 kv.m anbar, 9,8 kv.m gözətçi otağı, 8,8 kv.m çardaq, 6,0 kv.m hamamdan ibarət tikililərinin “Əlixan” sahibkar dükanının adına rəsmiləşdirilməsi barədə DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011 -ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-2-295 saylı alqı-satqı müqaviləsi, müqavilə əsasında əmlak kompleksi barədə X2 adına 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 17.01,2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5309/2018 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 17.01,2018-ci il tarixli, 2(104)-575/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı iddiası üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı icar vərəqəsi və qətnaməsi tərəflərindən icra edilmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə hazırkı iş üzrə iddiaçının mübahisəli daşınmaz əmlaka dair tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olub-olmaması, iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1) Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir (648.2). Hazırkı iş üzrə iddiaçı tikinti sahəsi ilə birlikdə 0,2 hektar torpaq sahəsindən ibarət olan “Reklam” mağazasına dair alqı-satqı müqaviləsinə əsaslanaraq, cavabdeh tərəfindən sahənin təhvil verilməsini tələb edir. Lakin qeyd olunan normaların tələbi baxımından daşınmaz əmlaka dair tələb hüququn mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin alqısatqısına dair müqavilə kifayət etmir. Belə ki, həmin daşınmaz əmlakın mülkiyyətə verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə onun mahiyyətindən irəli gələn hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Lakin iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əsaslandırdığı tələb hüququnun dövlət reyestrinə daxil edilməsi və (ya) mülkiyyət hüququnun yaranmasını, habelə həmin müqavilənin qüvvədə olmasını və (ya) hüquqi nəticələr, eləcə də tələb hüququ yaratmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı tərəfdən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli, **********57 nömrəli məktubunda mübahisəli sahənin dövlət mülkiyyətində olması öz əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli, **********57 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən həmin sahəyə dair İddiaçı mübahisəli daşınmaz əmlaka dair qeydə alınan hüququ müəyyən olunmur. Halbuki, mülki icraat qaydasında məhkəmə təqdim edilmiş sübutları araşdıraraq irəli sürülən tələbə münasibət bildirir. Qeyd edilənlərə əsasən, hazırkı iş üzrə İddiaçı mübahisəli daşınmaza əmlaka dair tələb hüququ ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun yaranması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Gəncə "xxxx" MMC-yə qarşı “tikilinin sökülməsi və sahənin təhvil verilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar