Məhkəmə qərarları › İş №2(125)-129/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-129/2024

15.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-129/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X41 Şakir oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X25 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğvi və miras mülkə dair payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X25 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhər 1 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğvi və miras mülkə dair payın müəyyən edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, rəhmətlik atası X2 miras qalmış Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən mülkə dair payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən mənzil orderlə rəhmətlik atası X5 adına verilmişdir. Ailədə 3 uşaq olmuşlar və valideynləri ilə birlikdə həmin mənzildə yaşamışlar. Anası 1996-cı ildə, atası 2013-cü ildə, bacısı Nərgiz isə 2022-ci ildə rəhmətə getmişdir. Orderdə onunda adı vardır. Lakin, hazırda ev mülkiyyət hüququ ilə atasının adına qeyd edilmişdir. Miras mülkə dair vərəsələrdən qardaşı Fuadla aralarında mübahisə vardır. Belə ki, cavabdeh onun miras mülkdəki payını vermək istəmir. Halbuki atası rəhmətə gedəndən sonra mənzilin rəhmətlik atasının adına mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün o, cavabdehə demişdir ki, “Gəl evin sənədlərini qaydaya salaq, çıxarış alaq”. Beləliklə, cavabdeh onun israrlı xahişlərindən sonra evin sənədlərini aparıb evə dair atasının mülkiyyət hüququnun qeydiyyata alınması üçün ərizə vermişdir. Atası dünyasını dəyişəndən sonra o, miras mülkü qəbul etmişdir, bu evdə məqsədi olmuşdur. Bundan sonra İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə göndərərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin verdiyi 30 oktyabr 2023-cü il tarixli, reyestr 2V-130 nömrə ilə qeydə alınmış Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilən çıxarışın ləğvi və xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X2 miras qalmış, Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən mülkə dair vərəsəlik hüququnun tanınmaqla, miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mərhum atası Firdovsi Ələkbərov 02 iyul 2013-cü il tarixdə, anası Bəyim Ələkbərova isə 18 fevral 1996-cı il tarixdə vəfat etmişdir. Ailədə üç uşaq olmuşlar. Belə ki, Cavabdeh onun qardaşıdır. X30 isə 31 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Xəlil Məmmədov isə X30nın övladıdır. Mərhum atası Firdovsi Ələkbərov vəfat etdikdən sonra mübahisə predmeti olan Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanı miras qalmışdır. Cavabdeh olan qardaşı Cavabdeh sözügedən əmlakla bağlı Gəncə şəhəri 1 Notariat Ofisi tərəfindən 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və cavabdehin miras əmlak üzərində tam hissədə miras payı müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh tam hissədə miras payı **********15-05101- 093002 reyestr nömrəli, 13 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mərhum atasından miras qalmış əmlak üzərində qanun üzrə İ növbə vərəsə olaraq onun da payı vardır və miras əmlakla bağlı payının müəyyən edilməsini istəyir. Belə ki, o miras payından imtina etmədiyi üçün onun payı saxlanılmalı idi. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. Digər X30 31 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Xəlil Məmmədov isə onun X30nın övladıdır. Nərgizin yalnız 1 övladı var. Mərhum atası X10 02 iyul 2013-cü il tarixdə vəfat etmişdir. Mübahisəli əmlak olan Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında atasının vəfatından sonra o, X30 və onun oğlu Xəlil Məmmədov yaşamışdır. Mərhum atası Firdovsi Ələkbərov sağlığında İddiaçı hər şeyi olduğundan mübahisəli əmlak üzərində İddiaçı heç bir payı olmadığını şifahi qaydada bildirmişdir. O, Xəlilə və Afətə miras əmlakdan pay verilməsini istəmir, onlara yalnız payın əvəzinə müəyyən miqdarda kompensasiya ödəyə bilər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X25 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli ünvan olan ünvan 1 Ələkbərova məxsus olmuşdur. X16 Nərgiz, Fuad və Afət adında 3 övladı olmuşdur. O, Nərgiz Ələkbərovanın oğludur. X34 31 avqust 2022-ci il tarixdə vəfat etmişdir. O, mərhum babasına məxsus mübahisəli ünvanda böyümüş, X34 ilə orada yaşamış və hal-hazırda da həmin ünvanda yaşayır. X12 miras qalmış əmlak üzərində mərhum X34nın da miras payı vardır. Buna görə də mərhum anasına çatacaq pay üzərində payının müəyyən edilməsini istəyir. Odur ki, qanunamüvafiq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; **********15-05101-093002 reyestr nömrəli, 03 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanı tam pay olmaqla, X5 mülkiyyətindədir. AZ-İ seriyalı, 617929 nömrəli, 08 iyul 2013-cü il tarixli, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 02 iyul 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 iyul 2013cü il tarixdə 492 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi işemik insultdur. AZ seriyalı, 012989 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1961-ci ildə doğulmuşdur. Atası: X10, anası: X18r. AZ seriyalı, 221831 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1962-ci ildə doğulmuşdur. Atası: X10, anası: X18r. İ-JQ seriyalı, 355245 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1972-ci ildə doğulmuşdur. Atası: X10, anası: X18r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin 18 oktyabr 2023-cü il tarixli, 05/09İS/168511-23 nömrəli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri (arvadı) – X26 (xx.xx.1937) (xx.xx.1996-cı ildə vəfat edib); qızı – X6 (xx.xx.1961) (vəfat edib xx.xx.2022); oğlu – Cavabdeh (xx.xx.1972); qızı – X8 (xx.xx.1962) AZ seriyalı, 024950 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X26 18 fevral 1996-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 aprel 2001-ci ildə qeyd edilmişdir. AZ-İİ seriyalı, 247886 nömrəli, 14 sentyabr 2022-ci il tarixli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 avqust 2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 sentyabr 2022-ci il tarixdə 420 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığıdır. XX-JQ seriyalı, 307621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 16 noyabr 1992-ci il tarixdə doğulmuşdur. Atası: Məmmədov Eyyub, anası: X3r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisinin 13 iyun 2023-cü il tarixli, 133 nömrəli məktubunda ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı bildirilmişdir ki, təqdim etdiyi sənədlər arasında miras əmlakın hüquqmüəyyənedici sənədinin olmaması və mərhumun digər vərəsələri arasında mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İİİ-JQ seriyalı, 264292 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X11 arasında nikah 22 sentyabr 1982-ci il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 sentyabr 1982-ci il tarixdə 1156 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Salmanov,” arvada “Salmanova” soyadı verilmişdir. 20 iyul 2023-cü il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 253, ev 1A, mənzil 14-də yaşayan X4, Gəncə şəhəri, Atatürk prospekti 253, ev 1A, mənzil 8-də yaşayan X9, Gəncə şəhəri, Atatürk prospekti 249, ev 3A, mənzil 2-də yaşayan X33 tərəfindən imzalanaraq tərtib edilmiş aktdan görünür ki, hal-hazırda ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı Gəncə şəhəri, Atatürk prospekti, bina 249, mənzil 3də 1989-cu ildən yaşamır. Evin sahibi Ələkbərov Firdovsinin ölümündən sonra mənzildə yalnız oğlu Fuad və qızı Nərgiz yaşamışdır, evi Fuad və Nərgiz idarə etmişlər. İddiaçı həmin mənzil ilə heç bir əlaqəsi olmamışdır. Ona görə də aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikasının Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 2869 nömrəli arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında qeydiyyatdadır və tək yaşayır. 19 oktyabr 2023-cü il tarixli, 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 və X35 nikahı haqqında 21 dekabr 1960-cı il tarixdə 2416 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Səbail rayonu Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə “Ələkbərov,” arvada “Ələkbərova” soyadı verilmişdir. Qeyd: nikaha X15 xx.xx.1996-cı ildə ölməsi (ölüm xx.xx.2001-ci ildə 05 nömrəli akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış), X5 xx.xx.2013-cü ildə ölməsi (xx.xx.2013-cü ildə 492 nömrəli akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınması) ilə bağlı xitam verilmişdir. 23 sentyabr 2023-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında qeydiyyatdadır. 30 oktyabr 2023-cü il tarixli, 8İ-5990 reyestr nömrəli, **********990 nömrəli Cavabdeh tərəfindən ünvan 4 ünvanlanmış ərizədən görünür ki, xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanda yaşamış atası X10 vəfat etmişdir. Mirasın tərkibinə daxil olan: Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanda yerləşən mənzildən ibarətdir. Ondan miras qalmışdır. Yuxarıda göstərilən miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X5 vərəsələri Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında qeydiyyatda olan oğlu – Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X7 verilmiş **********15-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 61,5 kvadratmer olan mənzildən ibarətdir. **********15-05101-093002 reyestr nömrəli, 13 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanı tam pay olmaqla, Cavabdeh mülkiyyətindədir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 hazırki iddiaya etirazından görünür ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, X2 miras qalmış Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən mülkə dair payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia əsassızdır. Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 orderlə mərhum babası X7 verilmişdir. Babasının 3 övladı – Nərgiz, Afət və Fuad olmuşdur. Babası 2013-cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra mübahisəli ünvan hələ də dövlətin mülkiyyətində qalırdı. İddiaçı 1989-cu ildə babasının sağlığında ərə getmiş, mübahisəli ünvanla əlaqəsini kəsmişdir. Həmin ünvana ancaq qonaq kimi gəlib-getmişdir. Qeyd olunan ünvanda babasının sağlığında və onun ölümündən sonra Fuad və anası Nərgiz onunla birlikdə yaşamışdır. Təsərrüfatı ancaq anası və Fuad idarə etmişdir. Evin bütün kommunal xərcləri və cari təmir yalnız onlar tərəfindən həyata keçirilmişdir. 2022-ci ildə anası Nərgiz vəfat etdikdən sonra mənzildə o və Fuad yaşamışlar. Mənzildən yalnız onlar istifadə etmişlər. İddiaçı vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Bildirir ki, Cavabdeh evin özəlləşdirilməsi üçün bütün hərəkətləri etmiş, evin çıxarışını isə rüsumlara pulu çatmadığı üçün götürə bilməmişdir. Babasının 2013-cü ildə vəfatından sonra miras mülkdə iddiaçı yaşamamışdır. Vərəsəliyi yalnız anası Nərgiz və Fuad qəbul etmişdir. Evin idarə edilməsi onlar tərəfindən həyata keçirilmiş, iddiaçının evlə heç bir əlaqəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi və miras əmlak bölünən zaman onunda payının müəyyən edilməsini xahiş edir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh bacı-qardaşdırlar. X1 ilə X15 birgə ailə münasibətlərindən xx.xx.1961-ci il təvəllüdlü X6, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı və xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh doğulmuşdur. X1 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mübahisə predmeti olan Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanı miras qalmışdır. Eyni zamanda mirasqoyanın vərəsəsi olan X6 mirasqoyandan xeyli sonra, yəni 31 avqust 2022-ci ildə vəfat etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X25 isə Nərgiz Ələkbərovanın oğlu olmaqla, X1nun nəvəsidir. Cavabdeh 30 oktyabr 2023cü il tarixli, 8İ-5990 reyestr nömrəli, **********990 nömrəli ərizə ilə ünvan 4 müraciət edərək, xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanda yaşamış atası X10 vəfat etdiyini, mirasın tərkibinə daxil olan: Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanda yerləşən mənzildən ibarət olduğunu və ondan miras qaldığını bildirərək, yuxarıda göstərilən miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2013-cü ildə vəfat etmiş X5 vərəsəsi Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Həmin şəhadətnamə əsasında miras əmlakla bağlı Cavabdeh tam hissədə payı **********15-05101-093002 reyestr nömrəli, 13 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı mərhum atası X2 miras qalmış əmlak olan Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən mülkə dair payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə göndərərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin verdiyi 30 oktyabr 2023-cü il tarixli, reyestr 2V-130 nömrə ilə qeydə alınmış Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilən çıxarışın ləğvi və xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X2 miras qalmış, Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən mülkə dair vərəsəlik hüququnun tanınmaqla, miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini bildirmişdir. Üçüncü şəxs X25 miras əmlakdan onun da payının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında həmçinin mirasqoyanın ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə onun vərəsələrinin miras əmlakdan imtina etmələri müəyyən olunmadı. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə ilk öncə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yenə Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X23 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, Notariat Kontorundə rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərinə sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; "Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikasının qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə şərh olunanlara əsasən qeyd edir ki, X1ndan miras qalmış mübahisə predmeti olan Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanına dair ünvan 530 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman vərəsələrin dairəsi tam müəyyən edilməmiş, miras qoyanın qanun üzrə 1-ci növbəli vərəsəsi olan qızı İddiaçı və miras qoyanın nəvəsi digər vərəsəsi olan Nərgiz Ələkbərovanın oğlu (vərəsəsi)-hazırkı iş üzrə üçüncü şəxs olan X19 məlumat verilməmiş, başqa sözlə İddiaçı və üçüncü şəxs X14 X1nun vərəsəsi olmaları halı, onların miras əmlakdan imtina edib-etməmələri barədə fikirləri öyrənilməmiş və qeyd edilən xüsusatlar nəzərə alınmadan əsassız olaraq miras əmlaka dair yalnız miras qoyanın övladı hazırki iş üzrə Cavabdeh miras əmlakdan tam hissədə pay almaq hüququ göstərilməklə ona 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Bu şəhadətnamə əsasında da Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanının tam mülkiyyətində olması barədə **********15- 05101-093002 reyestr nömrəli, 13 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, X1ndan miras qalmış mübahisə predmeti olan Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanına dair ünvan 530 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ şəhadətnamə qanuvericiliyin müəyyənləşdirilmiş şərtlərini pozmaqla verildiyindən etibarsız hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli əmlaka dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli olduğundan, həmçinin, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia təmin olunmalı, Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən miras əmlak (ümumi sahəsi 61,5 kvadratmetr) üzərində tam hissədə payının müəyyən edilməsinə dair **********15-05101-093002 reyestr nömrəli, 13 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilməli və Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən miras əmlakda (ümumi sahəsi 61,5 kvadratmetr) X5 qanun üzrə vərəsələri kimi İddiaçı, Cavabdeh və X14 hər birinin ayrılıqda 1/3 (üçdə bir) hissədə miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 2V-130 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən miras əmlak (ümumi sahəsi 61,5 kvadratmetr) üzərində tam hissədə payının müəyyən edilməsinə dair **********15-05101-093002 reyestr nömrəli, 13 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilsin. Gəncə şəhəri, Atatürk prospekti, 249, ev 3A, mənzil 3 ünvanında yerləşən miras əmlakda (ümumi sahəsi 61,5 kvadratmetr) X5 qanun üzrə vərəsələri kimi İddiaçı, Cavabdeh və X14 hər birinin ayrılıqda 1/3 (üçdə bir) hissədə miras payları müəyyən edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar