Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1296/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəyə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ərizə ilə məhkəməyə müraciət edərək, MKTİB tərəfindən əhali qrupuna göstərilmiş “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətləri” üzrə 2014-cü ildən 2018-ci ilin sonuna qədər cəmi 2535568.13 manat yığılmış debitor borc ümidsiz hesab edilərək silinməsi faktı Məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi təlbə edilən borclar üzrə iddia müddəti keçdiyindən məhkəmə qaydasında tələb edilmədiyini bildirdi və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsini dinləyib, iddia ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik dəqiq siyahı ilə yanaşı qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi imkanını nəzərdə tutmuşdur. Lakin ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə və (ya) itirilmiş sənədlərin bərpası mümkün olmadıqda, hüquqi əhəmiyyəti olan faktları məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Hazırkı iş üzrə ərizəçı lazımi sənədləri başqa qaydada ala bilməməsini və (ya) itirilmiş sənədlərin bərpasının mümkün olmamasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, ərizəçi debitor borclarının iddia müddəti tətbiq edilməklə rədd ediləcəyinə əsaslanaraq iddia icraatı qaydasında tələb etməmiş və bu əsasla ümidsiz hesab edilərək silinməsi xahiş etmişdir. Halbuki, iddia müddətinin tətbiqi fərdi müdafiə vasitəsidir və tərəfin ərizəsi əsasında tətbiq edilə bilər, bununla yanaşı, iddia müddətinin tətbiq edilməli olubolmamadığı isə araşdırma nəticəsində məhkəmə tərəfindən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə qaydasında baxılmalı olmadığı üçün hazırkı iş üzrə icraata xitam verilməli, habelə, iddia icraatı qaydasında ümumi məhkəməyə müraciət edərək debitor borclarının tutulmasını tələb etmək hüququ ərizəçiyə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.3-ci maddəsinə əsasən, həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin “hüquqi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Xədicə Səfərli