Məhkəmə qərarları › İş №2(125)-1309/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1309/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1309/2023 23.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildən (bundan sonra – mübahisəli mənzil) istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə mübahisəli mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.1987-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: 4443) bu barədə müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil hazırda tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1 onun qızı, digər cavabdeh isə bacısının oğludur. Qızı 2008-ci ildən Gədəbəy rayonu Köhnəqışlaq kənd sakini ilə rəsmi nikaha daxil olmuşdur, hazırda orada yaşayır və üç uşaqları var, artıq 15 ildir ki, ona məxsus mənzildə yaşamır. Cavabdeh1 ailəsi ilə birlikdə Gədəbəy rayonu İnəkboğan kənd İƏD-i üzrə Nümayəndəlikdə kənd təsərrüfatbaşına kitabda ailə üzvü kimi qeydiyyatdadır. Digər Cavabdeh2 isə həqiqi hərbi xidmətə getdiyi üçün müvəqqəti sözügedən mənzilə pasport qeydiyyatına düşmüş və hazıradək çıxmamışdır. Beləliklə, iddia tələbinə görə cavabdehlər uzun illərdir ki, iddiaçıya məxsus mənzildə yaşamırlar və həmin mənzilə ehtiyacları yoxdur, mənzildən istifadə hüquqlarını itirmişlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə bildirdi ki, Cavabdeh1 məlumatı var, ancaq yoldaşı icazə vermədiyi üçün məhkəmə iclasında iştirak etmir. Digər Cavabdeh2 isə 2008-ci ildən əvvəl mübahisəli mənzildə bir müddət yaşasa da uzun müddətdir orada yaşamır. Cavabdeh2 ərizə verərək iddianı qəbul etdiyini, mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini, uzun müddətdir mübahisəli mənzildə yaşamadığını, başqa yaşayış yerinin olduğunu, həmin mənzildə formal olaraq pasport qeydiyyatında qaldığını bildirdi. Digər Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmişdir. Onun faktiki yaşayış yeri məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən, o cümlədən faktiki yaşadığı digər ünvandan məhkəmə iclasına çağırılmış, lakin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının onun həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində iddiaçı ilə qonşuluqda yaşadığını, onu və qızını tanıdığını, Vüsalənin 2008-ci ildən ailə qurub Gədəbəy rayonuna gəlin köçdüyünü, 15 ildir onun iddiaçının mənzilində yaşamadığını, digər cavabdehi iddiaçının bacısı oğlu kimi tanıdığını, onu da həmin mənzildə uzun müddətdir görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının digər qonşusu X3 da şahid N.Cavadovanın ifadəsinə uyğun ifadə verdi. Məhkəmə, iddiaçını və şahidləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər MKTİB 9 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 514 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı həqiqətən həmin ünvanda yaşayır, lakin həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatları olmasına baxmayaraq, 2008-ci ildən sözügedən ünvanda yaşamırlar. Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 həqiqətən xx.xx.2012-ci tarixdə X2 ilə Gədəbəy İƏD üzrə Nümayəndəliyin kitabının 08 səhifəsində qeyd olunmuş nikahı bağlamışlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil xx.xx.1987-ci ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında araşdırılmış sübutlardan, tərəflərin izahatından və şahidlərin ifadələrindən məlum olur ki, Cavabdeh1 iddiaçının qızı olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır, cavabdeh Gədəbəy rayonu Köhnəqışlaq kənd sakini ilə nikaha daxil olmuş və qeyd olunan yaşayış sahəsindən 2008-ci ildən köçmüşdür. İddiaçının bacısı oğlu olan digər cavabdeh də həmin mənzildən 2008-ci ildən köçmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdehlərin istifadə hüquqlarının yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, Cavabdeh1 1987-2008-ci illərdə, eləcə də digər Cavabdeh2 2008-ci ilədək mübahisəli mənzildə yaşadıqlarından onların istifadə hüquqları yaranmışdır. Lakin Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, cavabdehlər 2008-ci ildən sonra mübahisəli mənzildə yaşamamışlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə Cavabdeh1 mübahisəli mənzildə yaşamama səbəblərini araşdıraraq hesab edir ki, onun uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması ailə qurmaqla daimi olaraq başqa yaşayış sahəsinə köçməsi ilə bağlı olmuşdur. Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini daimi olaraq kəsmişdir. Həmin cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması isə hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Digər Cavabdeh2 isə izahatında uzun müddət mübahisəli mənzildə yaşamadığını, başqa yaşayış yerinin olduğunu bildirmişdir. Beləliklə, cavabdehlərin sözügedən mənzildə uzun müddət yaşamamaları, o cümlədən həmin yaşayış sahəsindən köçərək özlərinə başqa yaşayış yeri seçmələri iddiaçının, Cavabdeh2 izahatı, şahidlərin ifadələri ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində onlar, mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişlər. Cavabdehlər yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışlar və cavabdehlərin iddiaçıya məxsus mənzildə formal istifadə hüquqlarının saxlanılması iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamamaqla mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmələri onların istifadə hüquqlarının qanunla müəyyən edilmiş müddətdən, yəni 6 aydan artıq saxlanılmasına yol vermir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin həmin mənzilə dair istifadə hüquqları itirilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar