Məhkəmə qərarları › İş №2(125)-131/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-131/2025

19.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-131/2025 19.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı əmək haqqı (işlədikləri saatların hesablanaraq onlara ödənilməsi) tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh tərəfindən onlara ümumilikdə ödənilməli olan əmək haqlarının əvəzi olaraq 33600 (otuz üç min altı yüz) manat pul vəsaitinin onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar 2013-cü ilin fevral ayından Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 14 saylı tam orta məktəbə gözətçi işinə təyin edilmişlər. Hazırda da həmin məktəbdə həmin işdə çalışırlar. Onların əmək müqavilələrinə əsasən onların həftəlik iş normaları 5 günlük iş günü olmaqla 40 saatdır. Onların iş normaları həftəlik 5 gün olmaqla 40 saat olmasına baxmayaraq, onlar 2023-cü ilin sentyabr ayının 14-nə kimi hər həftənin şənbə və bazar günləri, həmçinin bayram günləri daxil olmaqla işləmişlər. Bundan əlavə olaraq onlar məzuniyyətə çıxan vaxtı biri məzuniyyətə çıxmış, digəri isə həm öz işini, həm də məzuniyyətdə olan şəxsin işini icra etmişlər. 3 gözətçi olmalı olduğu halda onlar günü bu günə kimi 2 gözətçi olaraq işləmişlər. Onların əmək müqavilələrində həftəlik 40 saat iş norması olmasına baxmayaraq onlar həftəlik 64 saat işləmişlər. Onlar bu barədə müxtəlif orqanlara müraciət etsələr də, onlara hər hansı köməklik göstərilməmişdir. Onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə müraciət etmişlər. Əmək Müfəttişliyinin onlara ünvanladığı 14 yanvar 2024-cü il tarixli 3-17- 5/2-H-1297/2024 saylı məktubundan da görünür ki, onların həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmamışdır. Beləliklə, onlar həftələrarası istirahət günlərində, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günündə işlədilmişlər, lakin işlədikləri günlər üçün əməkhaqqı almamışlar. Beləliklə onların hüquqları pozulmuşdur, ona görə məktəbin sabiq direktoru Gülşən Məmmədəliyevanın barəsində əmək müfəttişliyi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə (normal əmək və istirahət rejiminə riayət edilməməsi) MN ******* nömrəli İnzibati xəta haqqında protokol-tərtib edilmişdir. Eyni zamanda Əmək Müfəttişliyi tərəfindən iş vaxtından artıq işlənmiş vaxtlar üçün əlavə haqqın hesablanaraq onlara ödənilməsi barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinə göstəriş xarakterli məktub ünvanlanmışdır. Buna baxmayaraq, Cavabdehndən bizə hər hansı ödəniş edilməmişdir. Buna görə onlar məcbur olub qanunvericiliyin tələbinə uyğun olaraq mübahisənin məhkəmədən öncə mediasiya vasitəsilə həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişlər. Lakin cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmişdir. Onlar məcbur olub hazırki iddia ərizəsi ilə məhkəmə müraciət edirlər. Belə ki, əmək haqları 353 manat təşkil edir ki, əmək müqavilələrinə əsasən ay ərzində 160 saat iş normaları vardır. Bir saat üçün təxmini 2 manat 20 qəpik təşkil edir.Onlar həftəyə hər biri 16 saat artıq işləməklə ay ərzində 64 saat artıq işləmiş olmuşlar. Beləliklə, bayram, məzuniyyət günlərini çıxmaq şərti ilə ay ərzində hər biri 64 saat artıq işləmişlər ki, hər biri üçün 140 manat əlavə əmək haqqı hesablanmalı idi. Lakin həmin məbləğ onlara verilməmişdir. Beləliklə, ümumilikdə onlar işlədikləri 10 il, yəni 120 ay həmin məbləği almamışlar. Ona görə hər biri üçün 140X120=16800 manat, ümumilikdə 33600 manat onlara verilməli olan əmək haqqı cavabdeh orqan tərəfindən onlara ödənilməlidir. Məhkəmədə İddiaçı1 həm də digər İddiaçı2 nümayəndəsi kimi iştirak etmiş, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz etmiş və etiraz dəlillərində göstərmişdir ki, “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin qeydlər hissəsinin 13-cü bəndinə əsasən, əsas və orta məktəb, lisey və gimnaziya binalarının qorunması üçün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla 2 vahid gözətçi ştatı müəyyən edilir. Bu səbəbdən ümumtəhsil müəssisələrinin hamısında 2 nəfər gözətçi vasitəsilə binaların qorunması həyata keçirilir. İddiaçıların iddiası ilə əlaqədar isə bildirmişdir ki, işlədikləri iş saatlarına uyğun olaraq hər iki işçi əmək haqqı almışdır, İddiaçı1 və İddiaçı2 əlavə işlədikləri ilə bağlı heç bir sübut yoxdur. Həmçinin iddiaçıların xeyrinə olan Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidməti Gəncə Daşkəsən Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərar ləğv edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 əlavə və istirahətsiz, həmçinin Əmək Məcəlləsində nəzərdə tutulduğundan artıq işləmələri barədə heç bir sübut yoxdur. Bütün sadalananları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı1 və iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, işdə olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh işəgötürən X1 ilə İddiaçı2 arasında xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin əsas gözətçi-gündüz vəszifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanılmışdır. İşçinin aylıq əmək haqqı 431.59 manat müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh işəgötürən X1 ilə İddiaçı1 arasında xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin əsas gözətçi-gecə vəszifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanılmışdır. İşçinin aylıq əmək haqqı 353.59 manat müəyyən edilmişdir. İddiaçılar iddia etmişlər ki, onların işlədiyi məktəbdə 3 gözətçi olmalı olduğu halda, onlar günü bu günə kimi 2 gözətçi olaraq işləmişlər. Ona görə də hesab edirlər ki, onlara artıq işlədikləri müddət üçün əlavə əmək haqqı ödənilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz dəlillərində göstərmişdir ki, “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996cı il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin qeydlər hissəsinin 13-cü bəndinə əsasən, əsas və orta məktəb, lisey və gimnaziya binalarının qorunması üçün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla 2 vahid gözətçi ştatı müəyyən edilir. Bu səbəbdən ümumtəhsil müəssisələrinin hamısında 2 nəfər gözətçi vasitəsilə binaların qorunması həyata keçirilir. İddiaçıların iddiası ilə əlaqədar isə bildirmişdir ki, işlədikləri iş saatlarına uyğun olaraq hər iki işçi əmək haqqı almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə göstərir ki, “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavənin (ibtidai, əsas, orta ümumtəhsil və günüuzadılmış məktəblərin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları) qeydlər hissəsinin 13-cü bəndinə əsasən, əsas və orta məktəb, lisey və gimnaziya binalarının qorunması üçün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla 2 vahid gözətçi ştatı müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, əgər işin faktiki halları onlara tətbiq edilməli olan maddi hüquq normaları ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmadığı halda isə iddia haqlı sayıla bilməz. Məhkəmə baxılan işdə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı deyildir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli qərarından müəyyən edilir ki, əsas və orta məktəb, lisey və gimnaziya binalarının qorunması üçün 2 vahid gözətçi ştatı müəyyən edilir. Göründüyü kimi, iddiaçıların, onların işlədiyi məktəbdə 3 gözətçi olmalı olması barədə dəlilləri Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təkzib olunur. İddiaçılara az əmək haqqı verildiyi barədə dəlillər də mötəbər sübutlarla təsdiq edilmir. Ona görə də məhkəmə belə qərara gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı əmək haqqı (işlədikləri saatların hesablanaraq onlara ödənilməsi) tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar