Məhkəmə qərarları › İş №2(125)-1324/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1324/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1324/2022 16.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1, 3-cü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi) “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 3, 25 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 sentyabr 1990-cı ildə X7 ailə qurmuş və Quliyev Ceyhunun anası X3 order əsasında verilmiş ünvan 1 ünvanda yaşadıqları müddətdə üç övladları olmuşdur. Ərə gedərkən onun bütün ceniz əşyaları həmin evə bəzədilmişdir. Həmin mənzildə onlarla birlikdə cavabdehlər olan iki qaynı da, yaşamışdır. Həyat yoldaşı X7 07 avqust 2019-cu ildə vəfat etmişdir. Həmin ünvanda yas mərasimi keçirilmişdir. Oğlu İddiaçı2 daima həmin ünvanda yaşasa da, lakin hərbi xidmətə çağırılan zaman qaynanası Quliyeva Tamella artıq ölmüş olduğundan onu həmin mənzilə qeydiyyata sala bilməmişlər və buna görə də, qonşu tərəfindən öz evinə qeydiyyata salınmışdır. 2021-ci ilin noyabr ayının sonları, dekabr ayının əvvəllərində heç bir əsas olmadan onların əşyalarının bir hissəsini onların xəbəri olmadan, qablaşdıraraq Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan qızı Quliyeva Ceyhunənin evinə göndərmişlər. Hazırda həmin mənzildə bir sıra əşyaları olsa da, cavabdehlər həmin əşyaları ona qaytarmaqdan imtina edirlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəf iddiaya etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Səbinə Əliyeva cavabdehlərin qardaşı Ceyhun Quliyevin arvadı, İddiaçı2 anasıdı. Ceyhun Quliyev 2019-cu ildə vəfat etdikdən təxminən 1 il sonra onlar həmin evdən daimi olaraq köçüb getmişlər. Həmçinin iddiaçı özünə məxsus bütün əşyalarını evdən çıxartmışdır. Bir sözlə, iddiaçılar evdən daimi olaraq köçüb getmişlər. Etiraza əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıların mübahisəli mənzildə hər hansı əşyası qalmamılışdır. Habelə, iddiaçılar mübahisəli mənzildə pasport qeydiyyatında olmamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçıların təmsilçisi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin təmsilçisi iddiaya etirazlarına uyöun izahat verərək tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Kirovabad şəhər zəhmətkeş deputatları Soveti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 404 nömrəli Orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59.85 kv.m olan yaşayış sahəsi X1 adına verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 atası X7, anası İddiaçı1dır. İş materiallarında olan 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 280552 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli nikah haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X7 ilə X9 arasında xx.xx.1990-cu il tarixdə nikah bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzil özəlləşməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 adına respublikası ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 6 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 287 nömrəli arayışından görünür ki, Cavabdeh2 həqiqətən ünvan 4 ünvanda yaşayır. Həmin mənzil mərhum X1 adınadır. Mənzildə Cavabdeh2 və qardaşı Cavabdeh1 yaşayırlar. Mənzilin kommunal xərclərini Cavabdeh2 ödəyir. İş materiallarında olan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, şəxsi hesabdan çıxarışından görünür ki, ünvan 2 ünvanının sahibi X1 ailə tərkibi 3 nəfərdir: X5, X6 və X4r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında Cavabdeh1 qeydiyyatdadır. Hazırkı iş üzrə İddiaçı1 və İddiaçı2 ünvan 3, 25 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsinə dair Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırmışlar. İddia tələbi İddiaçı1 1990-cı ildə mübahisəli mənzilə köçməsi və 1997-ci il təvəllüdlü İddiaçı2 həmin mənzildə doğulmasıyla faktiki əsaslandırılmışdır. Belə olan halda, mübahisənin hüquqi əsası kimi həmin münasibətlərin yarandığı zaman qüvvədə olan xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsinin mənasına görə iddiaçılar istifadə hüququnun tanınması, dolayısıyla mənzilə köçürülmə tələbini mənzilin mülkiyyətçisinə qarşı irəli sürə bilərdilər. Lakin cavabdehlərin mövcud vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçisi olması öz təsdiqini tapmadığına, yəni tələbə cavab verməli olan şəxslər olması sübuta yetirilmədiyinə görə iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar