Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1347/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanında olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin ikisi nəvəsi, birisi isə gəlinidir. Gəlini 1996-cı ildə ona məxsus evə köçdüyü üçün onların istifadə hüququnun məhkəmə qaydası ilə itirilməsini məhkəmə qaydası ilə məhkəmədən xahiş etmək məcburiyyətindədir. Cavabdehlər 2008-ci ildə ona məxsus evdən köçüb getmiş, özlərinə məxsus bütün əşyalarını da köçdükləri Bakı şəhərinə aparmışlar. Cavabdehlər ona məxsus mənzildən köçüb getsələr də, cavabdehlər ona məxsus evdə formal qeydiyyatda durmaqla onun əlavə kommunal xərc ödəməsinə səbəb olurlar. Ona görə də cavabdehlərin ona məxsus mənzildə olan istifadə hüquqları məhkəmə qaydası ilə itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, İddiaçı və onun mərhum oğlu Faiqi də tanıyır. İddiaçının oğlu Faiq Cabbarov 2000-ci ildə vəfat etmişdir. Faiq Cabbarov sağ olanda təxminən 1997-ci ildə Cavabdeh3 ilə ailə həyatı qurmuş, Afaq Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanına gəlin köçmüşdür. Faiqlə Afaqın birgə nikahlarından iki uşaqları olmuşdur. X9 vəfat edəndən bir neçə il sonra yəni, 2008-ci ildə Afaq uşaqları ilə birlikdə Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanından köçüb getmişdir. Məhkəmənin 26 aprel 2023-cü il tarixində keçirilən baxış iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, İddiaçı qonşusudur. Afaq iddiaçının gəlini olmuş, iddiaçının oğlu Faiqlə evli olmuşlar. Faiq 2000-ci illərdə vəfat etmişdir. Afaq 2008-ci ilə kimi Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanında yaşamış, sonradan oradan köçüb getmişdir. Bildiyi qədəri ilə Afaq uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; ********** qeydiyyat nömrəli, 08 dekabr 2022-ci il tarixli, **********60-05101-093001 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanı tam pay olmaqla İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 10 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh3 Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 120-37971C-3222 nömrəli məktubunda Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanının mülkiyyətçisi olan İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanından çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinin, 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanı ********** qeydiyyat nömrəli, 08 dekabr 2022-ci il tarixli, **********60- 05101-093001 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının nəvələri, Cavabdeh3 isə onun keçmiş gəlini olmuşdur və onlar uzun müddətdir ki yəni 2008-ci ildən bəri həmin mənzildə yaşamırlar. Belə ki, cavabdehlər iddiaçıya məxsus olan Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanında yaşamamalarına baxmayaraq qeydiyyatdan çıxmamışdırlar. Cavabdehlərin uzun müddət sözügedən mənzildə yaşamamasından görünür ki, onlar özlərinə daimi yaşayış yeri seçmiş, mənzildə pasport qeydiyyatında formal olaraq qalırlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehlərin mənzilə qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzili iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin mənzilə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyac aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onların istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228–ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016–cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228–ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5–ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262–ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2–ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər–arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2–ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz–özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016–cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdehlər həmin mənzildə yaşamır və daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmiş və hazırki mənzilə olan ehtiyacları aradan qalxmışdır. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onların yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçini ailə üzvü hesab edilməyən şəxsin onun mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdehlərin mənzildə qeydiyyatı formal olaraq qalmaqla, iddiaçının qeyd edilən mənzilə olan hüquqlarını məhdudlaşdırır və cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur qalır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və cavabdehlərin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Abbas Səhhət küçəsi, ev 13, mənzil 4 ünvanından istifadə hüquqları itirilmiş hesab olunsun. Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1347/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1347/2023
09.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver